- Köşə, Manşet, Xəbərlər

ADRA və BŞİH nümayəndələri ilə Rəsulzadə küçəsində başmaq seyri

Vasif SADIQLI

Bəndeyi-həqir bir ilə yaxın Monqolustanda, Kerulen çayının sahilində yaşayıb. Tarixi yerdi, Çingiz xanın uşaqlığı orada keçib. Qoca monqollar danışırdılar, deyirdilər, rəhmətlik Çingiz uşaq olanda bir söyüd çubuğunun boğazına kəndir bağlayıb at kimi belədən-belə çaparmış. Deyərmişlər, ay bala, qaxıl çadırda otur, günün istisində (Qobi səhrasında yayda 50 dərəcə isti olur) nə at çapmaqdı? Osa gülümsəyər: «Sonra bilərsiniz» deyərmiş. Sonrası da məlumdu.

Qoca bir monqol tanışım vardı. Deyirdi, Çingiz çox nəzakətli adamıydı: «Hər dəfə məni görəndə gülümsəyər: «Sambaynur (salam), nə var, nə yox, əmi?,» deyərdi». Nə isə, kişi Azərbaycandan olduğumu biləndə dedi: «Çingizə tapşırmışdım, sizin xalqı çox incitməsin. Elə belə, el üzəri bir az hədə-qorxu gəlsin. Sən o vaxt uşaq olardın, yaşlılar nə danışır, Çingiz orada özünü nə təhər aparıb?» Mən də açığı, düzünü dedim. Dedim, vallah, əlindən nə nadürüstlük gəlibsə, eləyib. Doğrusu, kişi bu cavabı gözləmirdi. Amma özünü itirmədi, balaca gözlərini bir az da qıyıb dedi: «Qınama, bala, qınama, merkitlər Burtəni (Çingizin arvadı) qaçırandan sonra o, bir az skleroz kimi olmuşdu. Etdiyni-tutduğunu bilməzdi. Yəqin, unudub».

Əlqərəz, sonra bir müddət ölkənin qərbində – Erdenet zonasında oldum. Buranın monqolları çox mizantrop – adamayovuşmaz idilər (Sibir əhli də belədi). Əcnəbilərə, xüsusən bəndeyi-həqirə bir cürnə baxırdılar. Söz soruşanda cavab vermirdilər. Axırda qır-saqqız olub birinin yaxasından yapışdım:
– Səni and verirəm, mən gələndə kəsmək istədiyiniz toyuğa, kəsdiyimiz duz-çörəyə, mən gedəndən sonra sevincdən kəsəcəyiniz dəvəyə, deyin görüm, mənə niyə bir cür baxırsınız?

– Bala, sən azərbaycanlı döyülsən?

– Həri, necə bəyəm?

– Sizin babalarınız olan göytürklər o vaxtlar bizim qayaları bir günə qoyublar ki, gəl görəsən! Sonra mənə «Kültegin», «Bilgə kağan» və «Tonyukuk» abidələrini göstərdilər. İlahi, qayaların üstü nə gündə idi!

«Filan ölkəni belə aldım… Başı olana baş əydirdim, dizi olana diz çökdürdüm…», «Yuxarıda göy çökməsə, ayağı altında yer dəlinməsə, türk elini, ulusunu kim məhv edə bilər?» və s. Qərəz, daşların üstü yazıq-yazıq…

Bütün bunları nəyə görə deyirəm? O gün “Nar” şirkətinin (mobil operator) müştəri xidmətlərinin yaxınlıqdakı ofisi lazım idi. Zəng edib yerini soruşuram.
– “Həppi bebi”nin yanı.
– Xanım, “Həppi bebi” nədi? Dürüst bir oriyentir yoxdumu? Akademiya, Texniki Universitet, Fəxri Xiyaban… Bunların hansına yaxındı?
– Bilmirəm, burda belə yazılıb…
Həri. Bir ildir, yazırıq, hələ ortada bir şey yoxdu… Yenə təkrar edirik, Bakıda Azərbaycan dili süqut edib, burda Azərbaycan dili dəyər deyil. Burda hər şey pul qazanma qayəsinə xidmət edir. Burda hər şey mədə və udlaq sahiblərinin sərəncamındadır. Burda Azərbay­can ruhu yoxdur.  Azərbaycan Respublikası­nın Azərbaycan dili haqqında qanunları işləmir, prezidentin fərmanına etina edilmir. Əgər bu gün həmin küçə­dən görüntülər çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz”.
O gün “Müvəkkil” Hüquq Mərkəzinin sədri Səməd Vəkilovla birgə Rəsulzadə küçəsində dövlət dili haqqında qanuna riayət edilməsi sahəsində vəziyyəti öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları ilə görüşdük.
Monitorinqə Kukla Teatrı tərəfdəki ilk obyektdən başladıq:
– “Сыроварня. Ресторан. Сырная лавка”. Burada dövlət dili haqqında qanuna zidd olaraq, azərbaycanca heç nə yazılmayıb.
– Heç nə edə bilmərik, bu, Ukrayna brendidir.
– Amma sahibkar Azərbaycan vətəndaşı ilə ana dilində danışmağa borclu deyilmi?  “The bagel bar.  Coffee House. Relax, enjoy, revive”. Bu isə ingiliscədir.
– Heç nə edə bilmərik, xarici brenddir.
– Amma təkcə brend yox, alt yazılar, xidmət haqda məlumatlar da ingiliscədir…
– …
– Siz “Paris Konvensiyası”na istinad edirsiniz. Amma elə həmin konvensiya mədəni müxtəlifliyi qorumaq üçün qəbul edilib. Hətta “Makdonalds” kimi məşhur brendin adı, uzağa getməyək, həmin Konvensiyaya qoşulan Rusiya və Gürcüstanda transliterasiya olunub yazılır.
– Onların əlifbası fərqlidir, bizdə latın qrafikasıdır, hamı oxuya bilir…
Beləcə əsassız arqumentləri dinləyə-dinləyə “Fəvvarələr” bağına çatırıq.

– Yapon ədəbiyyatının klassiki Akutaqavanın adını eşitmisiniz?
– Bəli.
Sitatda bir kobud söz işləndiyi üçün üzr istəyib (oxuculardan da üzr istəyirəm) görüşə yekun vururuq:
– O, Qərbi yamsılayanlara müraciətlə belə yazıb: “Siz avropalılar kimi geyinə, onları yamsılaya və bununla fəxr edə bilərsiniz. Amma bir ingilis üçün siz öz dəyərlərinə tüpürmüş yapondan başqa bir şey deyilsiniz”. Bu küçələrin dil mənzərəsinə qiymət vermək üçün daha uyğunlu söz tapmıram…

Beləcə ayrılırıq. İnsafən, heç bir iş görməsələr də, ADRA nümayəndələri hər dəfə dövlət dili məsələsinə həssaslığımıza görə bizə təşəkkür edirlər.
İnşAllah, Prezident Administrasiyasının rəhbərinə məktub yazandan sonra məzkur dostlarla bir də görüşəcəyik və dövlət dili məsələsinə həssaslığımıza görə daha bir təşəkkür alacağıq. Endşpili təşəkkür olan başmaq seyri hələm-hələm hər kəsə qismət olmur. Di yeriyin… Bəs deyirdiniz, heç bir faydası olmayacaq?

P.S. Hələ qarşıda Konstituasiya Məhkəməsinə müraciət də var…

P.P.S. Qorxuram bir gün həmin monqol kampan Bakıya gələ və məni tapa, Bakının urvatını göstərib deyə: “Əxəvizadə, haradan hara gəldiniz? Bir zamanlar əcdadlarınız bizim qayaları yazıq-yazıq edib göytürkcə və çincə yazılar yazırdı. İndi öz evinizdə öz dilinizdə yazmağa qorxursunuz, yoxsa tənəzzül etmirsiniz”. Belə deyərsə, haqsız sayılmaz…

Xeyirli nəbilimnə günləri…