Yeni bağ qonşumuz – Kənd Təsərrüfatı Nazirliyində aqrar sənaye ilə bağlı hansısa böyük bir idarənin rəisi işləyən Mehman Qulamdarovun bizi təkidlə evinə qonaq dəvət elədiyini eşidəndə əhvalım pozuldu. Tanımadığım insanların əhatəsində olmağın, üstəlik, protokol xatirinə deyilən ənənəvi sağlıqlar və süni ünsiyyət naminə quraşdırılan mənasız söhbətlər içinə düşməyin mənim üçün nə qədər əzablı olduğunu bilən ərim:
– Getməsək, deyəcəklər “saymadılar.” Qonşuluqda yaxşı deyil – deyib günahkar halda üzümə zilləndi. Məxsusi olaraq mənimlə – “yazıçı-qonşularıyla” yaxından tanış olmaq yanğısında olan ev yiyələrinin bu təklifindən yayınmağın mümkün olmayacağını anlayıb susdum.
Yaşı cəmi altmışı haqlasa da, seyrək, çal saçları, iri sağanaqlı eynəyinin arxasında daldalanan qoca gözləriylə daha ahıl görünən Mehman Qulamdarov bir vaxtlar hansısa uzaq dağ kəndində şəfqət bacısı işləmiş, ərə gedib dünyaya bir oğlan uşağı gətirəndən, əri dövlət qulluğuna keçəndən sonra hərəkətsiz həyatdan və yağlı yeməklərdən kökəlib, ağırlaşıb, tez-tez qan təzyiqi qalxan arvadı Zərifə xanımla bizim bağdan bir neçə həyət aralıda, təmiri yenicə bitib başa çatmış, zoğalı, kirəmit damı gün şüalarının altında narıncı bərqlər vuran üçmərtəbəli evdə yaşayırdı. Burda, həmçinin Zərifə xanımın, həmin uzaq dağ kəndindən özüylə gətirib gəldiyi bir neçə qohumu – dəriləri günün altında işləməkdən kösöv olmuş ortayaşlı ər-arvad və balaca oğlan uşağından ibarət kiçik bir ailə də yaşayırdı. Evin arxa tərəfindəki quş damından bir qədər böyük komada yaşayan bu dinməz, zəhmətsevər insanlar havalar soyuyanda və ev sahibləri şəhər evinə köçəndə də burda qalır, səhər-axşam həyətdə, ya binanın mərtəbələri arasında təsərrüfat və ev işləri ilə məşğul olurdular.
Yaxınlaşmaqda olan qonaqlığın təşəbbüskarının yay ayları nəzakət xatirinə, uzaqdan-uzağa salamlaşdığım, bəzi ötəri təsadüflərlə çimərlikdə, ya bağ yolunda rastlaşarkən həyəcandan pörtmüş sifətiylə yolumu kəsib xumar, ala gözlərini süzdürə-süzdürə məni ləzzətli şərbət sümürəntək “qurtum-qurtum içən” – üzümü, dərimin, az qala, bütün məsamələrini ən yaxın məsafələrdən gözdən keçirə-keçirə guya hal-əhval tutan Zərifə xanım olduğunu həmin dəqiqə anladım və bundan əhvalım lap pozuldu.
Qonaqlığa çəpər qonşumuz Salman müəllimin həyat yoldaşı Züleyxa xanımın da dəvət olunduğunu biləndə, halım lap xarablaşdı. Darıxdırıcı ev həyatından büzüşüb hansısa çöl quşuna bənzəyən, il uzunu bağ evində yaşadığından, maraqsız, məzmunsuz günlərini tanış-bilişin “həyat və yaradıcılığı” barədə əldə etdiyi təfərrüatlı məlumatlarla ötüşdürən, düşdüyü məclislərdə son təəssüratlarını zahirinə uyuşmayan kübarsayağı opera səsi ilə bölüşməkdən məxsusi bir həzz alan Züleyxa xanımın mənə olan öldürücü marağından xilas olmağın yolları barədə düşündükcə, dilinə içki dəyəndən sonra aramsız sağlıqlar deyib lətifə danışan, sözü qurtaranda sazı sinəsinə basıb qədim el havaları oxumaqdan yorulmayan Salman müəllimi xatırlayıb bir qədər toxtadım.
* * *
Biz Mehman Qulamdarovgilin damlarının rənginə uyğun təntənəli bir zoğalılıqla rənglənmiş darvaza qapılarına yaxınlaşanda həyətdə heç kim gözə dəymirdi. Hardansa, evin arxa tərəfindən havaya aramla dağılan tüstünün ətrindən, orda kimlərinsə dinib-danışmadan, ehtiyatlı hərəkətlərlə kabab bişirdiyi bilinirdi.
Ayağımızı həyətə qoymaqla, evin yuxarı mərtəbələrinin hansındansa Salman müəllimin həyat sevgisi ilə dolu, yağlı səsi eşidildi:
– Ay xoş gəlib səfa gətiribsiz! Bə hardasız bayaqdannan?.. Zərifə bajı da burda ürəyinin içini yeyib qurtardı. Dedik bəs, Sevda xanımın (yəni mənim) olsun ki, yenə bir işi çıxdı.
Salman müəllim sözünü bitirməyə macal tapmamış, Mehman Qulamdarovla Zərifə xanım, yerin içindən bitəntək, qarşımızda peyda oldular. Mehman Qulamdarov bizimlə, kənd və torpaqla bağlı kobud peşəsinə uyuşmayan incə bir nəzakətlə – ötəri, utancaq təbəssümlə salamlaşıb kənara çəkildi. Zərifə xanım, gün şüalarının altında bərq vuran daş-qaşlı paltarının uzun ətəklərini yellədə-yellədə irəli çıxıb:
– A-ay xoş gəlibsiz!.. Nə gözəl adamlar gəlib?!.. – deyərək, məni bağrına basdı, sonra gözləri kamına yetmiş xoşbəxt aşiq şöləsi ilə yana-yana, utancaq tələbə yerişi ilə qabağa düşüb bizi evə sarı uzanan ensiz cığırla içəri apardı.
– Səhərdənnən gözümüz yolda qalıb. Dedik, yəni yenə gəlməyəcəklər?..
Qapısı binanın ikinci mərtəbəsinin artırmasına açılan otağın girəcəyi Salman müəllimin şişman bədəni ilə dolmuşdu.
– Ay xoş gəlib, səfa gətiribsiz! – Salman müəllim dedi, yoldaşımla öpüşüb-görüşüb, bizə süfrənin yuxarı başında yer göstərdi.
Otağın tən ortasında açılmış üstü müxtəlif qəlyanaltılar, mer-meyvə və içkilərlə dolu təntənəli süfrənin arxasında Salman müəllimin arvadı Züleyxa xanımdan savayı, iki yaşlı ər-arvad və həmin yaşda, bir-birinə bənzər üç gonbul qadın, bir də dolubədənli, balaca bir qız uşağı əyləşmişdi. Bizi görüb ayağa qalxdılar – onlarla da bir-bir görüşüb tanış olmalı olduq.
– Bu, mənim rəfiqəmdi, – hardansa arxamdan, nəfəsini içinə qısa-qısa danışan Zərifə xanım yaxınımızda dayanan cütlüklərdən birini göstərib dedi. – Bu isə onun yoldaşıdı. Bu, Mehman müəllimin iş yoldaşıdı və onun xanımıdı. Bu isə mənim bacımdı, – Zərifə xanım gonbul qadınlardan birini mənə təqdim elədi və o, gözlənilməz bir çevikliklə məni basmarlayıb, üz-gözümü sulu öpüşlərə qərq etdi. – Bu isə onun qızlarıdı, – bacısının bu “yersiz” hərəkətindən pərtləşib pörtən Zərifə xanım o biri gonbullara, deyəsən, göz ağartdı, sonra balaca qıza sarı çöndü, – Bu da mənim nəvəmdi. Gələcəkdə sizin kimi yazıçı olmaq istəyir.
Zərifə xanımın bu sözündən ürəyim düşdüsə də, özümü o yerə qoymadım, birtəhər gülümsünüb:
– Afərin, – dedim.
Süfrənin başında bizim üçün ayrılmış yerləri tutduqdan sonra ortaya çaşqınlıq dolu, pərt bir sükut çökdü. Sonra kimsə ev sahibini – süfrənin aşağı başında oturub fikrə dalmış Mehman Qulamdarovu dümsüklədi və o, ayağa qalxıb rəngi ağara-ağara, sözlərin axırını yeyə-yeyə tələsik bir “xoşgəldin” dedikdən sonra araq dolu qədəhi heç kimlə toqquşdurmadan, birnəfəsə başına çəkib yerinə oturdu. Ondan sonra, sövdələşmiş kimi, dərhal Salman müəllim ayağa qalxdı, geniş, rahat qarnını qabağa verib, qayışını, qundağından qılınc sivirəcəktək, sahmanlayıb, özünü məclisin tamadası elan elədi və xırıltılı səsiylə bir xeyli Mehman Qulamdarovdan – onun hədsiz kövrək və incə qəlbindən, qayğıkeş ailə başçılığından, əvəzsiz yol yoldaşlığından, nazirlikdə qazandığı hörmət-izzətdən, kənd təsərrüfatı sahəsində gördüyü misilsiz işlərindən danışdı.
O danışdıqca Zərifə xanım məmnun təbəssümlə qonaqların nimçələrini qəlyanaltılarla doldurdu, sonra həyəcan və çaşqınlıq dolu ala gözləriylə süfrəyə işarə edərək, növrəstə qız səsiylə:
– Hamısı fransız reseptləriylə hazırlanıb, – dedi. – Bilirəm, Avropada tez-tez olursunuz, belə yeməklərə üstünlük verirsiniz. Məxsusi sizin üçün bişirilib.
Onun bu sözünə nə cavab verəcəyimi bilmədən gülümsündüm, əlimi meyvə dağının üstünə atılmış üzüm salxımına uzatdımsa da, əlim ilk növbədə, hündür ayaqlı, çini meyvəqabının böyründən asılmış kiçikölçülü qızılı karton parçasına toxundu və mən bunun, qabın satış etiketi olduğunu anladım. Sonra içinə müxtəlif qəlyanaltılar, şorabalar və salatlar yığılmış digər büllur və çini qabların da böyründən həmin qızılı etiketlərdən asıldığını görüb təəccübümü gizləməkdən ötrü:
– Gözəl qablardır, – dedim.
Mənim bu sözümdən cuşa gələn Zərifə xanım otağın yuxarı küncündəki şüşəli bufetə baxa-baxa, gizli qürur dolu utancaqlıqla:
– Bunların hamısını çin kataloquyla gətizdirmişəm, – dedi və mən adamboylu bufetin rəflərində böyür-böyürə yığılan güldanların, meyvə və krüşon qablarının da mağaza piştaxtasındaymış kimi, həmin qızılı etiketləri ilə düzüldüyünü gördüm.
– Mənim nəvəm… – Zərifə xanım qəfildən əlini bayaqdan bəri yanında oturub nəfəs dərmədən tər-qan içində salat təpişdirən uzun hörüklü, gonbul qız uşağının çiyninə qoydu – …elə gözəl şeirlər yazır ki?!. İstəyirəm sizə oxusun, – dedi və mən söz deməyə macal tapmamış, üzünü qıza tutub: – “Di oxu, qızım,” – dedi.
Zərifə xanımın bu sözündən, əmr almış kimi ayağa qalxan qız ovurdlarındakını üsulluca uddu, əllərini arxasında çarpazlayıb, ucadan şeir oxumağa başladı.
Məclisə kövrək bir sakitlik çökdü, hamı şeirə diqqət kəsildi.
Şeir Zərifə xanıma ithaf edilmişdi – analıq qayğısını heç vaxt əsirgəməyən sevimli bir nənə haqqında idi. Süfrə arxasında oturanların nə vaxtsa hansısa dərsliklərdən məcburi qaydada əzbərlədiyi ənənəvi ana şeirlərinin təkrarı, ya bəlkə də, lap əsli idi.
Uşaq şeiri bitirib yerinə əyləşdi. Hamı əl çalıb, mənə baxdı.
– Gözəl şeirdi, – pərtliyimi birtəhər gizlətməyə çalışdımsa da, şeirdən bir o qədər də feyz almadığımı, deyəsən, hamı başa düşdü və ortaya gərgin bir sükut çökdü. İşə yenə Salman müəllim qarışdı, ayağa qalxıb böyük ədəbiyyatın və mənim şərəfimə uzun-uzadı, təntənəli bir sağlıq dedi, hamını bu sağlığa ayaq üstə içməyə məcbur elədi.
…İkinci sağlıqdan sonra Mehman Qulamdarovun rəngi elə bil bir qədər özünə gəlmişdi. İştahı da azca açılmışdı. Eynəyini gözünə basıb, çəngəl-bıçağını ehmal-ehmal işlədə-işlədə, nimçəsinə yığılan yeməklərin arasında, nə isə hədsiz xırda bir şey axtarırmış kimi eşələnirdi.
Bir qədərdən sonra məclis “arəstə” həddinə çatdı. Salman müəllim sağlıq deməkdən ötrü daha ayağa qalxmır, ürəyindən keçənləri elə oturduğu yerdən, ağzındakıları çeynəyə-çeynəyə, yaxud elə dolu ovurdlarıyla dilə gətirir, Züleyxa xanım süfrənin o biri başından məhəbbət və maraq dolu gözlərini mənə zilləməkdən çəkinmir, ağzına qoyduğu xırda tikələri nəzakətlə çeynəyə-çeynəyə, nə vaxtsa oxuduğu Rabindranat Taqorun, adını heç cür xatırlaya bilmədiyi hansısa əsərindən misallar gətirir, “gonbullar dəstəsi” heyranlıqla onu dinləyir, kişilər sağlıqları öz aralarında deyib lətifə danışır, mövzu qurtaranda süfrəyə düzülən yeməkləri tərifləyirdilər.
Bircə Mehman Qulamdarov dinib-danışmırdı. Eynəyinin arxasında gizlənmiş gözlərini məchulluğa zilləyib, çəngəlinə keçirdiyi tikələrdən ağzına qoyur, həvəssiz-həvəssiz çeynəyə-çeynəyə danışanlara baxırdısa da, heç kimi eşitmədiyi, bütün vücuduyla otağın aşağı başındakı musiqi mərkəzindən asta avazla süzülən melodiyaya diqqət kəsildiyi hiss olunurdu.
Mən də diqqətimi otağı başına götürən hay-küyün içinə hansısa xəfif uzaqlıqlardan süzülən və süfrənin yalnız müəyyən hissələrində eşidilən musiqiyə yönəltdim və bunun, ölkənin məşhur pop-ulduzu – yarıçılpaq geyimləri və duzlu ədalarıyla kişi pərəstişkarlarının xüsusi rəğbətini qazanmış Aysunun dillər əzbərinə çevrilmiş mahnılarından biri olduğunu anladım.
…Məclisin kuliminasiya məqamı yetişəndə – süfrəyə plov veriləndə, Salman müəllim qəfildən ayağa qalxıb əllərini, kimisə qucaqlamağa hazırlaşantək, yanlara açdı:
– Çalın, oynuyajam! – deyə bağıraraq, əl atıb musiqi mərkəzinin səsini artırdı və ortaya düşüb, sirk ayılarının rəqsini andıran köntöy hərəkətlərlə oynamağa başladı.
Hamı əl çaldı. Qonaqlardan biri – Mehman Qulamdarovun iş yoldaşı – balaca, tosqun kişi də ayağa qalxıb, onunla rəqs eləməyə girişdi. Hər ikisi yeyib-içməkdən ağırlaşmış ayaqlarını mümkün qədər cəld tərpətməyə çalışa-çalışa, musiqinin ritminə uyğun olmayan hansısa ayrı havanı oynadılar. Bir qədər sonra rəqsə qadınlar da qatıldı. Bayaqdannan bəri danışa-danışa, üst-üstə yediklərini həzmə vermək eşqiylə, onlar da musiqinin ritminə uyğun olmayan hərkətlərlə bir xeyli atılıb-düşdülər…
Mənimsə diqqətim, bir əlini çənəsində, eynəyinin kölgəli şüşələri arxasından guya “rəqqasları” müşahidə edən, əslində isə xəyalı çox uzaqlarda dolaşan Mehman Qulamdarovda idi.
Rəqs bitdikdə və hamı tövşüyüb ləhləyə-ləhləyə öz yerlərinə qayıtdıqda o, qəfildən ayağa qalxdı, araq dolu qədəhi əlində titrəyə-titrəyə avazımış üzüylə:
– Səhərdən oynayırsız… amma bu, oyun havası deyil – deyib susdu, sonra dayandığı yerdə elə bil ləngər vurdu.
Ortaya pərt bir sükut çökdü.
Salman müəllim stulun söykənəcəyinə yayxanıb, əllərini qoçusayağı ədayla şalvarının ciblərinə dürtdü:
– Mən urusca da oynuyuram! – dedi və bərkdən-bərkdən güldüsə də, ona qoşulub gülən olmadı.
Mehman Qulamdarov hələ də əlində qədəh, ayaq üstə dayanmışdı… ağır cərrahiyyə əməliyyatından sonra ayılan xəstənin heysiz, zəif səsiylə:
– Mən bir söz demək istəyirəm, – dedi və çilçırağın gur işığında parıldayan eynəyinin arxasından bu dəfə bir-bir hamıya baxdı – Gəlin, bu badələri Aysun xanımın sağlığına içək.
Hamı pərt halda bir-birinə zilləndi.
– Bu mahnını çox müğənnilər oxuyur. Türklər də oxuyur, fransızlar da, ruslar da… Amma əslində, bu mahnını heç kim oxuya bilmir, – o dedi və susdu.
– Tay onu sən yaxşı bilərsən!.. – kimsə süfrənin aşağı başından atdı və məclisin kişi cinahı bir-birinə mənalı-mənalı baxa-baxa hırıldadı.
Zərifə xanım da pərt gülüşünə zarafat qatıb:
– Siz gülürsüz, amma vəziyyət heç də ürəkaçan deyil, – dedi və geriyə qanrılıb, Aysunun müxtəlif pozalı, yarıçılpaq şəkilləri vurulmuş divar rəflərini göstərdi və hamı onun səsinin içində közərən gizli, köhnə bir ağrının yandırıcı izlərini hiss etdi.
– Balam, niyə özünə bu qədərnə zülm eliyirsən? Dərdini de, həll eliyəy da! Bu da əkin sahəsi almaq döyül ha! – Salman müəllim dedi, süni gülüşlə yenə bərkdən-bərkdən güldü və hamı ona qoşulub yalandan güldüsə də, Mehman Qulamdarovun əhvalı dəyişmədi. O, əlindəki arağı yarıyacan içib yerinə əyləşdi, hamının zilləndiyi üzünü gizləməyə yer tapmadı və qəfildən:
– Siz bilirsiniz ki, o, burdan köçüb getmək istəyir?.. – dedi və yenə çilçırağın işığından alışıb-yanan eynəyinin arxasından qonaqlara baxdı.
– İşə düşmədik?.. – kimsə süfrənin o biri başından dilləndi və yenə hamı güldü.
Mehman Qulamdarov qəhərini zorla udub bu dəfə çox ciddi:
– Siz gülürsüz, o isə gedir, – dedi və çönüb indi də pəncərədən harasa elə baxdı, elə bil bu dəqiqə orda qatara, ya təyyarəyə minməkdə olan Aysunla vidalaşırdı.
– Gedir, getsin də! – yenə Salman müəllim yerində qurcalana-qurcalana dedi və nədənsə mənə baxdı. – Heç dəxli var?.. Durub indi yalvaraq ona ki, “sən mənim canım, getmə?..”
Zərifə xanım ortadakı pərtliyi aradan qaldırmaq üçün:
– Bıy, plov soyudu ki?!. Niyə dayanmısız?!. – dedi və ayağa qalxıb tələsik halda nimçələrə plov çəkdi. – Bu düyünü Mehmana İrandan pay göndəriblər. İran şahı Pəhləvinin şəxsən özünün yediyi düyüdəndi. Bunu orda xüsusi plantasiyalarda yetişdirillər, – dedi, sonra gözlərini qıyıb xüsusi vurğuyla, – Məxsusi adamlar üçün, – deyə əlavə elədi.
Zərifə xanım ərinin də nimçəsinə plov çəkdi və özü də oturub hamıyla bir yeməyə başladı.
…Mehman Qulamdarov plova toxunmadı. Onun yenə tük nazikliyində səsin üzəriylə qulağına axan mahnıya diqqət kəsildiyi, bütün vücuduyla musiqidə və səsdə əridiyi bilinirdi.
Qonaqların diqqətini ərindən yayındırmağa çalışan Zərifə xanım:
– Düyünün ətrini hiss edirsiz? – deyəndə, qonaqlar bir ağızdan: “Əladı!” – deyə cavab verdilərsə də, tezliklə hamının Aysunun, çəngəl-qaşıq cingiltisinin içində tədricən gül kimi pardaxlanan səsinə diqqət kəsildiyi məlum oldu.
Mehman Qulamdarov məclisin sonunadək dinib-danışmadı, bizimlə yanaşı otura-otura, həm də hardasa buralardan çox-çox uzaqların yandırıcı iztirablarında qovrula-qovrula, sağlıqları və lətifələri üzünün heç nəyi qəbul etməyən bir ifadəsi ilə “dinləyə-dinləyə”, yenə həmin məchulluğunda bata-bata qaldı.
…Çay süfrəsi bitib-başa çatanda və biz o biri qonaqlarla bir ayağa qalxıb evə getmək üçün binanın artırmasına çıxanda Mehman Qulamdarov evin sahibi kimi simvolik şəkildə də olsa, qonaqlarla vidalaşma mərasimində iştirak etdi. Lakin onun özündə olmadığı, harasındansa ölümcül zədə almış yaralı heyvan kimi vurnuxduğu heç kimin gözündən yayınmadı.
– “Axır vaxtlar o, çox yorulur. Həm də çox içir,” – məclisin yöndəmsiz sonluğundan tutulmuş Zərifə xanım bizi çöl qapısına ötürə-ötürə dedi – “Ona isə qəti içmək olmaz. Həkimi də deyir…”
* * *
…Səhəri gün biz Mehman Qulamdarovun işə gedərkən öz maşınında qəzaya düşüb öldüyündən xəbər tutduq. Deyilənə görə, o, səhər saatlarında yol gedərkən, qəfil ürək çatışmazlığından yüksək sürətlə sürdüyü maşınını yoğun yol sütununa çırparaq, həlak olmuşdu. Özünü qəza yerinə çatdıranların dediyinə görə qabaq hissəsini dağıdan maşının mühərriki sıradan çıxsa da, maqnitofonu işləyirmiş: qadın müğənninin səsi isə qəribə, qorxunc bir əks-sədayla yuxulu şəhərin alatoranlığına dağılırmış.
…Mehman Qulamdarovu bağ evindən götürdülər. Dəfn mərasiminə yığışanlar ata-anasının yeganə oğlu olan bu utancaq adamın bütün həyatını ağır zəhmət və əzab içində keçirdiyindən, hələ məktəb illərindən gözaltı elədiyi istəklisi olsa da, cavan ikən dünyasını dəyişmiş əmisinin başsız qalan ailəsinə dayaq olmaq məqsədi ilə öz əmisi qızı Zərifə xanımla evlənmək məcburiyyətində qaldığından, gənc yaşlarından min-bir əziyyətə qatlaşıb ailəsini və yaxın qohum-əqrəbasını dişiylə-dırnağıyla saxlamasından, dövlət işinə keçəndən sonra kənd camaatına elədiyi xeyirxahlıqlardan və bütün bu işlərlə yanaşı, hədsiz təvazökar və kövrək təbiətindən danışdıqca qadınlar ağlaşır, mənsə, dünyada hər şeyi əldə edib yorulan bu adamı necəsə, uzaqdan-uzağa yeknəsəq həyat marşrutundan çıxaran və bununla da, onun sevgisiz, qurama həyatına son qoyan Aysun haqqında – kişiləri əlcək kimi dəyişən bu dağınıq ədalı estrada ulduzu barədə düşünürdüm…