Kilsə, monastırları da onun gözünə qatıram, xristianların təkcə gündəlik ibadətlərini icra etdikləri bir tapınaq deyildi. Dövlətlə dinin bir olduğu dönəmlərdən danışıram. Elə bu gün də bir yerdədirlər. Sinaqoq da elədir, məscid də, lap elə paqoda da. Üzdə ayrıldıqlarına baxmayın. Bunu yaddaşımızın bir yerinə yazaq, bəlkə gərəyimiz oldu.
Kilsə dini mərkəz olmaqdan daha çox ideoloji-siyasi mərkəz idi. Bunlardan əlavə kilsə mədəni-maarif müəssisəsi idi. Kilsə mömin xristianın gündəlik yaşayış normalarını müəyyənləşdirən və buna əməl olunmasına nəzarət edən bir qurum kimi çıxış edir, dinin tələblərinin pozulmaması üçün çabalayır, dini qaydalardan cüzi bir sapmanı belə qəbul etməyərək, bu cür halı bidət, dindən dönmə sayırdı. Dini dönüklükdə təqsirləndirilənlərin diz çökdürülərək, tövbəyə məcbur edilməsi, hətta inkivizisiya tonqalında yandırılması işinə də kilsə baxırdı.
Dövlətin müharibə və sülh məsələlərinin həllində kilsənin rolu kral və kral sarayından önəmli idi. Səlib yürüşlərini yadınıza salın. Bu müharibələrin xaç atası Roma papaları deyildimi? Avropanın özündən deyən krallarını qarşısında diz çökdürən də Roma papaları idi.
Kilsə özünü artıqlaması ilə təmin edə bilən iqtisadi bir qurum idi. Kilsə böyük qızıl-gümüş ehtiyatına, necə deyərlər böyük yatıra sahib olmaqla qalmır, həm də minlərlə kəndi, şəhəri əhalisi ilə birlikdə əhatə edən geniş torpaq sahələrinə yiyəlik edirdi. Möminlərin verdikləri nəzir-niyaz bir yana, kralların, iri feodalların bəxşişləri ilə, üstəgəl, avam insanlara indulgensiya və ya cənnət qəbzləri satmaqla kilsə var-dövlətini artıraraq, xristian ölkələrinin əsil idarəçisinə çevrilə bilirdi.
Orasını da deyim ki, kilsə təkcə dinin yox, elə hakimiyyətin də rəmzi sayılırdı. Hər kral öz zamanının nadir kilsəsini inşa etdirməklə bunu sübut etməyə çalışırdı. Bəzən bir kilsənin tikintisi üçün fasilələrlə yüz illər gərək olurdu. Bir kralın, hətta bir kral sülaləsinin kilsənin inşaatını başa çatdırmağa ömrü yetmirdi. Sözün gəlişi, Almaniyanın Köln şəhərində gözümlə gördüyüm qoşaqülləli kafedral kilsənin inşası XIII yüzillikdə başlasa da, yalnız XIX əsrdə başa çatdırılmışdır. 157 metr hündürlüyə malik olan kilsə 632 ilə tamamlanmışdır. Saytların verdiyi şəklim də həmin kafedralın önündə çəkdiyimdir.
Mən mövzuya niyə xristianlıqdan başladığımı düzü yazının bu məqamında fərq etdim. Əslində yazını əski dinlərlə başlamalı, sırasıyla verməli idim. Yanlışlıq da bir naxışdır deyib, orta çağlardan əski dönəmlərə üz tuturam.
Söhbətimi İkiçayarasının zikkuratları ilə davam etdirəcəm.
***
Mesopotamiyada şumerlərə, akkadlara və babillərə məxsus tapınaqlar ucaldılmışdı. Zikkuratlar adlandırılan bu məbədlərin yüksəklikdə, təpə üzərində tikilməsinə, hündür olmasına diqqət yetirilirdi. O, nə qədər hündür olsaydı o qədər Tanrıya yaxın sayılırdı. Üstəgəl də, hansı şəhərin tapınağı daha hündür, daha əzəmətli idisə, o şəhərin Tanrısı da bir o qədər güclü, hər şeyə qadir hesab oluna bilərdi. Bunu bir ehtimal kimi söyləyirəm. Zikkuratın mənaca “Tanrıdağı” kimi yozulması da bununla bağlı olmalıdır. İkiçayarası hökmdarlarının yerinə yetirməli olduqları ən vacib işlərdən birincisi şəhərdə əzəmətli bir zikkurat inşa etdirmək idi. Zikkuratın əzəmətli olması şəhər tanrısının lütfünü qazanmaq, onun diqqətinin hər zaman şəhərin üzərində olmasını təmin etmək kimi anlaşılırdı.
Piramidavari inşa olunan bu tapınaqlar xarici görünüşcə pillələri xatırladır və ikidən yeddiyə qədər mərtəbəsi olurdu. Aşağı mətəbədən anbar kimi istifadə olunurdusa, ondan yuxarıdakı qatda məktəb, ən üstdə, məbədin tam yuxarısında ibadətxana yerləşirdi ki, buraya da yalnız kahinlər daxil ola bilərdi. Zikkuratlardan gözətçi qülləsi kimi istifadə olunduğu da ehtimal edilir.
Göründüyü kimi bu əski məbədlər də universal funksiyalar yerinə yetirmiş, dini ibadət yerindən əlavə iqtisadi, hərbi, elmi mərkəz rolunu da öz üzərinə götürmüşdür. Zikkuratın da hökmdarla, hakimiyyətlə birlikdə olması diqqətdən yayınmır. Şəhərlərarası silahlı toqquşmalar zamanı qalib şəhərin məğluba məxsus zikkuratı ələ keçirməsi, qalibin tanrısının baş Tanrıya, məğlub tərəfin tanrısının isə qalib Tanrının köməkçisinə, xidmətçisinə, daha doğrusu onun əlaltısına çevrilməsi ilk növbədə həyata keçirilməli və ya həll edilməli məsələlər idi.
***
Yenə orta yüzilliklərə qayıdıram. Və İslam dini barədə düşündüklərimin qısa xülasəsini verirəm.
İslam dininin əsas tikilisi məsciddir. Məscid müsəlmanların ağzını bir yerə gətirən, onların elliklə ibadət etməsini sağlayan təsissatdır. Dövlətin ictimai-siyasi həyatında baş verən ən kiçik hadisəyə də məsciddə münasibət bildirilir, dini ehkamların qorunması, dinsizlərin yola gətirilməsi, dönüklərin cəzalandırılması müsəlman din xadimlərinin fi(ə)tvası ilə baş tuturdu. Dini rəhbər müsəlmanın edə biləcəyi – caiz olanları müyyənləşdirir, bundan kənara çıxmanın, sapmanın baş verməməsi üçün çalışırdı. Bütün bu işlərə şəriət məhkəmələri nəzarət edirdi. Nəyin halal, nəyin haram olması da onların qərarına bağlı idi.
Dövlət başçıları bəzən dini hakimiyyəti öz əllərinə alıb, hakimiyyətlərini daha da gücləndirirdilər. Şahların, sultanların öz dövrlərinin nadir sənət inciləri sayılan əzəmətli məscidlər inşa etdirmələri də dindən çox, dünyəvi hakimiyyətə xidmət edirdi. Məscidlər elm və maarif məsələlərini də yoluna qoyurdu. Məscidlərlə hər addımda birgə olan mədrəsələrdə şagirdlərə dini təlimlə yanaşı dünyəvi elmlər də öyrədilirdi.
Buraya qədər hər şeylə aşağı-yuxarı razılaşa da bilərik, müəyyən məqamlara mız qoymaq imkanımız da var.
Dinin hamı üçün müəyyənləşdirdiyi qaydalara əməl olunmasına nəzarət yuxarılara çatınca çox vaxt əhəmiyyətsiz bir şeyə çevrilir, burada hakimiyyətin, idarə edənlərin bu qaydalardan yan keçməsi, halal olanla haram olanı bir-birinə qatmalarına imkan yaradılırdı. Şah saraylarının eyş-işrət məclislərinə, “məhəbbət otağının qoyun yatağına” – hərəmxanalara çevrilməsinə göz yumulurdu. Aşağılar üçün tabu sayılanlar yuxarılar üçün norma hesab olunurdu. Bu gün də çox şeyin dəyişmədiyini əminliklə söyləmək olar.
Monoteist və politeist dinlərdən gətirdiyim örnəklər dinlə hakimiyyətin birgəliyini təsdqləmək üçün yetərli olmalıdır. Din bütün zamanlarda siyasətin özü və ya bir parçası olmuşdur. Əski dönəmlərdə də belə idi, indi də belədir. Daha bir örnək də verəcəm: xəlvətilik Şirvanşahların əlində səfəviliyə qarşı bir siyasi vasitə idisə, səfəvilik də xəlvətilik ideyasının üstün olduğu Şirvanşahlar dövlətinə qarşı yönəlmiş bir dini-siyasi silah idi. Bu cümləni də fikrimi tamam-kamal etmək üçün yazdım.
“Kitabi-Dədə Qorqud” boylarında kafərin kilsəsinin yıxılmasından bəhs olunur. Əslində burada söhbət kilsənin uçurulmasından, yerlə bir edilməsindən getmir, onun təyinatının dəyişdirilməsindən, ondan xristianlığa aid atributların çıxarılmasından, ona müsəlmanlığa aid elementlərin əlavə edilməsindən gedir. Bir şəhərin və ya ölkənin tam ələ keçirilməsi bütün hakimiyyət mənbələrinin ələ keçirilməsi ilə başa çatırdı. Qalib gələrkən müsəlmanın kilsəni, xristianın isə məscidi tutmasında qeyri-təbii heç nə yox idi. Artıq dini tapınağın dövlətin və hakimiyyətin rəmzi olduğunu bildiyimizdən onun ələ keçirilməməsinin, yad dindarların qalibə xidmətinin təmin edilməməsinin istənilən qələbənin yarımçıq qalmasına və qalibin hakimiyyətinin qısa sürməsinə gətirib çıxaracağını da anlamış olmalıyıq. Belə bir qənaətə gəlməyimi də normal qarşılayacağınızdan əminəm.
S.A.
Sovetlər dönəmində də din hakimiyyətlə birgə idi. Sovetlərin ateizm təbliğatı dini könüllərdən çıxara bilmədi, amma din xadimlərinin yeri hər zaman ateist hakimiyyətin yanında oldu.
İkinci S. A.
Yazımın gündəmi zəbt edən “fətva” söhbətiylə yaxından-uzaqdan bir əlaqəsi varmı-yoxmu? Bilmirəm. Bilirsinizsə məni də xəbərdar edərsiniz.
Üçüncü S. A. Bu yazı sizin bildiklərinizi yadınıza salmaq cəhdindən başqa bir şey deyil.
Niderland krallığı