Niderland ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Ölkənin ən gözəgəlimli yüksək nöqtəsi 322 metr hündürlüyü olan Vaalserberg təpəsidir. Bunlar barədə bir neçə dəfə yazdığımı da unutmamışam. Yəni bu Vaalserberg təpəsi Alp, Karpat, Qafqaz dağlarıyla müqayisədə çox kiçikdir. Daha durub bu təpəni Himalay dağı ilə müqayisəyə qalıxsaq lap gülünc olarıq. Niderlandın uca dağları yoxdur deyib üstündən sükutla keçmək, bunu özümüzə dərd etməmək üçün min bir səbəb də bula bilərik. Uzağı, bu yoxluğun dərdini qoy hollandlar çəksin deyib, yaxamızı kənara çəkmək kimi bir imkanımız da var. Üstəgəl də, hollandların həyat səviyyəsi istədikləri vaxt, könüllərinə düşüncə dünyanın harasında olursa olsun istənilən dağı, istənilən zirvəni görməyə yetər də, artar da.
Bu girişi nədən verdiyimi düzü heç özüm də bilmirəm. Əslində mən başqa mövzularda gəzişmək niyyətində idim. Elə hey Niderland evlərindən, yollarından yazıram. Nə vaxtdı Niderlandın gülü belə, çiçəyi elə deyib dururam. Qurdundan, quşundan yazmadığım da qalmayıb. Olsun ki, bütün bunlarla sizi də bezdirdim. Onsuz da həyatın monotonluğu, birovuzluğu hamımızın canımızı boğazımıza yığıb. Mənim “çevir tatı, vur tatı” yazılarım da sizin səbrinizi daşıra, hövsələdən çıxara bilər. Belədirsə, bağışlanmamımı rica etsəm?
Bu üzdən də mən bu yazımda Niderlandın yetişdirdiyi iki böyük şəxsiyyət – Rotterdamlı Erazm və Benedikt (Baruş) Spinoza barədə danışmaq istəyirəm. Belə bir iddia ilə ortalığa çaxmam yaxından-uzaqdan filosofluğum və ya filosofluq açacağımla da bağlı deyil. Bunu da sözün gəlişi yazdım.
Niderland yüksək dağlıq zirvələrə malik olmasa da, Erazmusun və Spinozanın timsalında iki nəhəng mənəvi zirvəyə maliklyin qürürünu yaşayaraq, coğrafi dağ zirvələrinə malik olmamasını eyninə belə almır deməklə mən əndazəni aşmadığımı, şişirtməyə yol vermədiyimi düşünürəm. Niyə belə qənaətə gəldiyimi növbəti abzaslarda söyləmək niyyətindəyəm.
Öncə onu söyləyim ki, Erazmus Niderlandın müstəqilliyə qədərki dövrünün fikir memarı idisə, Spinoza müstəqillikdən sonrakı, müstəqilliyin təsdiqlənməsi, ölkənin rəsmilik qazanması dönəminin düşüncəsinin ülgülənməsinin, şəkillənməsinin yaradıcısı idi. Erazmus Roma papalarının belə sayğısını qazanmış, onların hesablaşdığı ruhani kimi şöhrət zirvəsinə yüksəlmiş bir filosof, bir fikir adamı idi. Onun əksinə Spinoza əvvəlcə sinaqoqun, sonra da kilsənin qanundankənar elan etdiyi, dinsizlikdə suçladığı, “insan Tanrını zəkasıyla sevməlidir” qənaətinə gələn bir fikir nəhəngi sayılırdı.
İlk baxışda bir-birinin əksi, bir-birinin inkarı kimi görünsə də, bu iki nadir şəxsiyyətin Niderland cəmiyyətinə qazandırdığı düşüncə tərzi dörd-beş əsr ərzində beyinlərdə oturuşmuş, daşlaşaraq, holland insanlarının taleyinə çevrilmişdir. Bu düşüncə cəmiyyətin dini kəsiminin katoliklik və protestantlıq kimi iki hissəyə bölünməsinə, aqnostikliyin və ateizmin önə çıxmasına və qəribə olanı budur ki, bu müxtəlifliyin uyum içərisində, bir-birinə mane olmadan mövcudluğuna vəsilə olmuşdur.
Bizdə Erazm Rotterdamlı kimi tanınan Desiderius Erazmus yalnız vətənində deyil, o dövrün mədəni Avropasının hər yerində məşhurluq qazanaraq, insanların ictimai-siyasi, dini, elmi-mədəni düşüncəsinə yetərincə təsir edə bilmişdir. Onun antik mədəniyyət, əski latın, yunan dillərini kamil bilməsi, dini məsələlərə yeni yanaşması cildlərə dönüşmüş, müxtəlif dairələrin stolüstü kitabına çevrilmişdir.
Biz onun bütün bu elmi araşdırmalarını bir tərəfə qoyub, yalnız “Dəliliyə tərif” (orijinalı: “Moriae enkomium, sive stultitiae laus”) əsərinin Avropa cəmiyyətinə təsirindən danışsaq belə yetərlidir. Satirik bir üslubda yazılmış əsəri Erazm 1509-cu ildə İngiltərəyə səfərində heç bir mənbəyə istinad etmədən, bir neçə gün ərzində yazıb bitirmiş və sonralar bu əsəri səfər müddətində məcburi boşluqdan yazdığını dilə gətirmişdir. Hansı şəraitdə yazılmasından asılı olmayaraq, bu əsər müəllifinə böyük uğur qazandırmış, demək olar ki, Erazmus adı çəkiləndə yalnız bu əsər yada düşmüş, digər əsərləri kölgədə qalmışdır. Əsər həqiqi müdrikliyi-bilgəliyi dəlilik, özünü müdrik-bilgə saymağı da həqiqi dəlilik kimi təqdim edir və bu iki təməl üzərində dövrünün eybəcərliklərini açıb ağardır.
Niderlandın yəhudi əsilli ikinci zirvəsi Benedikt Spinoza (ilk adı ivritcə Barux və ya Baruş olsa da, o, daha çox Benedikt adıyla tanınır) fəlsəfi traktatlarında təbiətin vahidliyini, əbədiliyini və sonsuzluğunu özündə ehtiva edən substansiyandan bəhs edir. Dövlətin məqsədinin şəxsiyyətin hüquq və azadlıqlarının təminatçısı olduğunu söyləyən Spinoza “azadlığı dərk olunmuş zərurət” kimi təqdim edir, bunun fərdi və ictimai azadlıqların, şəxsiyyətin hüquq və vicdan azadlığının təsdiqləndiyi bir cəmiyyətdə özünü doğruldacağını dilə gətirir. Bu gün tez-tez eşitdiyimiz “hüquqi dövlət” anlayışına Spinoza fəlsəfi traktatlarında bu şəkildə cavab arayır.
Erazmus və Spinoza kimi bilgələrin düşüncələrini bütün varlığına hopduran holland cəmiyyəti Niderland adlı fenomenin müəllifi olmağı bacarmış, ictimai-siyasi həyatın, sənayenin, kənd təsərrüfatının, elmin, mədəniyyətin, idmanın inkişafında möcüzələrə imza ataraq, dünyada öz sifətilə görünə bilən bir ölkəyə çevrilmişdir. Düşünürəm ki, bu iki fikir adamının Niderland mədəniyyətində aldığı yer bu gün də öz varlığını məişətdən siyasətə qədər hər sahədə sürdürməkdədir.
Afiq MUXTAROĞLU
Niderland krallığı
9 iyun 2021-ci il