Qənaətcil olmaq xəsislik əlamətidirmi? Nəyəsə qənaət etmək xəsislik olmamalıdır, onun başqa bir adının olması mütləq vardır. Yəni qənaətcilliyin bir tərifimi, izahımı və ya açıqlamasımı var. Mənim niyyətim hollandların timsalında qənaətcilliyə bir izah tapmaqdır. Düzdür, hazır, klişe cavabı tapmaq üçün internet resurslarına baş vurmaq kifayət edərdi. Üstəlik iqtisadçıların, filosofların fikirlərindən, yozumlarından da nələrisə o hazır izahların gözünə qatmaq, ortaya alababat bir yazı da çıxarmaq mümkündür. Amma buna nə gərək? Elə gördüklərimi, özümün yaşadıqlarımı üst-üstə qoysam, düşüncələrimi versəm daha urvatlı olmazmı? Həm də qarşımda holland qənaətcilliyi kimi bir fenomen olduğu halda mənim dağa-daşa düşməm üçün heç bir nədən də yoxdur. Görünən dağa nə bələdçi deyərək, yola çıxmaq ən doğrusu deyilmi?
Niderlandda ailə kultunun yaşarı olduğunu demədən mənim onların qənaətcillikləri barədə fikirlərim yarımçıq görünə bilər. O üzdən də bu haqda kiçik bir arayış verməm gərəkdir. Müasir holland ailələri iki-üç uşaqlı olur. İstisnalar da var. Dörd-beş, hətta daha artıq uşaqları olan ailələrə də rast gəlmək mümkündür. Yaşlı nənə-babaların oğul-uşaqları, nəvə-nəticələri ilə eyni mənzildə yaşamaları sıradan bir hadisədir. Burası belə. Holland ailəsinin ikinci vurğulanmalı cəhəti şam yeməyinə hamının birlikdə oturmasıdır. Üzrlü bir səbəb olmadan şam yeməyinə gecikmək və ya onu buraxmaq qeyri-normallıq hesab olunur. Yəni hollandlar əsrlərdən bəri məişətlərində oturuşmuş bu adətlərini qoruyub saxlayır, böyüklü-kiçikli buna əməl edirlər.
Holland ailəsində bayramda-seyranda ailə üzvlərinin bir-birinə hədiyyə verməsi adi bir haldır. Ailə üzvlərinin, ailə dostlarının və yaxud da ailəyə yaxın olan adamların doğum tarixi qeyd olunmuş təqvimə əksər evlərdə rast gəlinir. Kiminsə ad günü unudulmasın deyə bu yaddaş təqvimini ailənin hər bir üzvünün gündə bir neçə dəfə girib-çıxdığı hamam otağından asırlar. Bu təqvimin harada asılmasının mənim yazımın mahiyyəti ilə uzaq qohum qədər də əlaqəsi olmadığının fərqindəyəm. Amma faktın özü o dərəcədə maraqlı gəldi ki, həkimin qadağan etməsinə baxmayaraq, dadlı yeməkdən umsunub dadan xəstə sayaq burada verməkdən özümü saxlaya bilmədim.
Bayram günlərində ailə üzvləri, deyək ki, ər arvadına, oğul anasına hədiyyə alır. Misal üçün, hədiyyə alanların aylıq qazancı da nə az, nə azacıq bir neçə min avro civarındadır. Onu da yazım ki, bu hədiyyələşmə mərasimi qarşılıqlı olur. Əl əli yuyar, əl də üzü məsəli kimi bir şey.
Hədiyyə deyəndə çoxumuzun gözləri önündə parıltısı göz qamaşdıran daş-qaş, ətri bihuş edən ətir-filan və ya “qonşu çatladan” bir əyin-baş canlana bilər. Bizim canlandırmamız da çox normal, hətta deyərdim ki, çox təbiidir. Amma bizim gözümüzün qarşısında canlandırdığımız hədiyyələşmə mərasiminin Niderland gerçəkliyində mövcud olmadığını söyləməklə kefinizə soğan doğramaq kimi bir qəsdim olmasa da, həqiqətə sədaqət naminə bunu deməyə məcburam.
Hesabında beş-altı, hətta yeddirəqəmli pulu olsa belə holland hədiyyə üçün gedib “Nike”, Adidas” kimi markalardan geyim almağı, “İci Paris”, “Chanel” ətri tapmağı heç ağlının ucundan da keçirmir. O, kitabçıya gedib, bir açıqca seçməyə, həmin açıqcanın arxasında ürək sözlərini yazmağa çalışacaq və ya hədiyyə üçün kiçik bir brelok-açarlıq almağa üstünlük verəcək. Xanımlara bir buketmi olsun, bir dibçəkmi olsun çiçək hədiyyə vermək ənənəsi də çox yayğındır. Vəssalam, oldu, bitdi. Düzdür hər toplumda istisnalar olduğu kimi, Niderland cəmiyyətində də müyyən istisnalar var və bunun olması da qaçılmazdır. Ancaq hollandların əksəriyyətini hədiyyənin maddi dəyəri deyil, mənəvi tərəfi daha çox maraqlandırır.
Ənənəvi Niderland evləri barədə əvvəllər bir neçə dəfə ötəri də olsa, nələrsə danışdığım yadınızda olar. Bizim evlərlə, mənzillərlə müqayisədə kiçikliyi, yığcamlığı, daha doğrusu darısqallığı anında nəzərə çarpan bu evlərin üst qatlarına qalxan ensiz nərdivanlara mən heç cür alışa bilmədim. Burasını da deməsəm olmur. Ev avadanlıqlarının azlığı da bir ayrı söhbətdir. O üzdən də bu hissənin üstündən keçirəm. Üstəgəl də, bu hissəni belə yola verməyimin nədəni holland evləri barədə geniş bir yazının telefonun harasındasa hazır halva vəziyyətdə üzə çıxmağı gözləməsi ilə bağlıdır. Bunu da sonrakı yazılardan birinin anonsu kimi qəbul edin.
Mən iki ildən çoxdur ki, buralardayam, yəni Avropada. Bu zamanın da çox hissəsini Niderlandda keçirmişəm və keçirməkdəyəm. Mən Niderlandın çox yerində oldum, qadınlı-kişili, uşaqlı-böyüklü çox insanla qarşılaşdım, bir çox adamla təmasa girdim və iki şeyə çox təəccübləndim: qadınların ənlik-kirşansızlığına və kişilərin qalstuksuzluğuna. Adi günlərdə holland qadınlarının ənlik-kirşan, qələm, boya kimi zadlardan istifadə etmədiyini azacıq müşahidə qabiliyyəti olan istənilən adam sezə bilər. Bəlkə də istifadə edirlər. Bunsuz da olmaz. Qadın dediyimiz bəzənməlidir də, bərtənməlidir də. Ancaq hər sahədə israfçılığı qəbul etməyən toplumun qadınlarının kosmetikadan istifadəsi də belə olmalıdır. Dadar-doymaz. Kişilərin özlərini qalustukla boğmaları, qalustukla özlərinə saxta nüfuz qazanmaq istəmələri isə nadir hadisələrdəndir. Qalustukun vətəni Avropa olsa da, ondan istifadə yalnız tələb olunduqda mümkündür. Yoxsa toya gedirəm, yasa gedirəm deyib qalustuk bağlamaq, onun hesabına kimdənsə fərqlənmək kimi bir ənənə mövcud deyil. Sizin məndə nə andınız var, nəyə desəniz and içərəm ki, bizim bir rayonumuzun qalstuklularının sayı Niderlandın ümumi qalustuk bağlayanlarından çoxdur ki, az deyil. Hollandlar eşitməsin, öz aramızdır, deyəsən, qalstuk məsələsində bizdən çox geridə qalıblar.
Hər yerindən var-dövlət yağan, hər addımbaşı əlinin qızıl kəsməsi üçün min bir şərait olan hollandların hədər yerə pul xərcləməməsi onların simicliyi, yumurtadan yun qırxanlığı, qarasudan qaymaq tutanlığı, nə bilim Qarpaqonluğu, Hacı Qaralığı anlamına gəlməməlidir. İstirahətinə, gəzintisinə, təhsilinə, sağlamlığına, marağına pul əsirgəməyən hollandların xəsis olmalarını dilə gətirməyim belə insafsızlıq olardı. Sadəcə bu xalq hara pul xərcləməyi, ən əsası da büdcəsinə nəzarət etməyi bacarır.
Niderland Krallığı
7 iyun 2021-ci il