- Köşə

Afiq MUXTAROĞLU. Yeniliklərə qapı açan ölkə

 

Bəzi cəmiyyətlər istənilən yeniliyi anında qəbul etməyə hazır olur. İstənilən yeniliyi qəbul edərkən, belə də olmalıymış kimi, çoxdan gözlənilən bir hadisə baş verirmiş kimi və ya atılan sıradan bir addım sayaq davranırlar. Belə cəmiyyətlər üçün yeniliklər ağrısız-acısız baş verir, yeni olan hər şey var olanlarla uyum tapır, yeniliyə qədər olanlarla qaynayıb qarışır, köhnənin harada bitdiyi, yeninin harada başladığı bilinmir.

Mən buradan yola çıxmaq, iki ildən artıqdır az-çox tanımağa cəhd etdiyim Niderland Krallığı barədə düşündüklərimdən bir-iki epizodu qısaca sizlərlə bölüşmək istəyirəm.

Onu deyim ki, Niderland kiçik bir dövlətdir. Ərazisi cəmi 41543 kvadrat kilometr olmaqla dünyada 131-ci sırada durur. Sözün gəlişi, hollandlar bu ərazinin xeyli hissəsini də dənizi qurudaraq əldə etmişlər. Allahın dünyanı, hollandlarınsa Niderlandı yaratdığı fikrini təcrübədə sübuta yetirilmişlər. Əhalisi 17 milyon nəfərdən çoxdur, bu göstərici ilə 61-ci sıradadır. ÜDM-un cəminə görə dünyada 27-ci, adambaşına ÜDM-dən düşən paya görə 12-cidir. Bunlar da vikipedik məlumatlardır, digər mənbələrdə bir qədər fərqli də ola bilər. Bunu unutmayaq. Və bu statistik rəqəmlər bu kiçik ölkəni yaxşı tanımamız üçün yetərli olmalıdır.

Uzun-uzadı tarixi ekskursa, məncə, gərək yox. Nədən ki, bu ölkənin tarixi barədə internet resurslarından istənilən qədər informasiya almaq mümkündür. Elə bu üzdən də mən bir neçə cümləylə yetinməyi düşünürəm. Niderland qurdlar süfrəsindən payını almaq, öz varlığını təsdiqləmək üçün Qədim Roma legionlarına qarşı, Böyük coğrafi kəşflər nəticəsində Amerika yerlilərinin sərvəti qarnına axan, qızıl-gümüş parıltısından hayıxmış İspaniyaya, dünyanın dörd bir yanını dədəmalı kimi qamarlayan İngiltərəyə qarşı uzun illər mübarizə aparmalı olmuşdur. Bu ağır mübarizənin sonunda 1581-ci ildə Niderland öz müstəqilliyini elan edə bilmiş, 1648-ci ildə isə İspaniyaya bu müstəqilliyi tanıtmağı bacarmışdır. Bu kiçik ölkə ilk burja inqilabına ev sahibliyi edərək, bu sahədə İngiltərəni, Fransanı qabaqlamışdır. İngiltərənin başı bu dönəmdə “adamları qoyunlara yedirməyə” (Tomas Morun fikirini bu cür ifadə etdim),  “çəpərləmə” siyasətiylə minlərlə vətəndaşını dilənçiyə, səfilə çevirməyə qarışmışdı. Fransa Müqəddəs Varfolomey gecəsində (1572-ci ildə) Paris küçələrinə axıdılmış huqenotların-protestantların qanını batırmaq üçün çabalayırdı. ABŞ-ın bir dövlət kimi dünyanın siyasi xəritəsində görünməsi üçünsə tarixin bu hadisənin baş verməsindən sonra təxminən 200 il irəli getməsinə ehtiyacı var idi.

Niderland yeniliklərə açıq bir ölkədir. Yuxarıda sadaladığım tarixi hadisələrlə paralel şəkildə ölkə qapılarını yeniliklərin üzünə açmış, yeni fikirlərin, ideyaların üstünlük qazanmasına şərait yaratmışdır. Protestantlığı ölkəyə buraxan Niderland inkivizisiya tonqallarının öləziməsində müstəsna rol oynamış, Roma papalarının qınlarına çəkilmələrinə öz töhfəsini vermiş, təqib olunan yüzlərlə bidətçiyə, onların fərqli düşüncəsinə qucaq açaraq, azadlığını, siyasi, sosil-iqtisadi inkişafını təmin etmişdir. Yüzilliklər ərzində bu şimal ölkəsinə yeniliklər axın edib və etməkdədir. Əslində yeniliklərin gətirilməsini, onlar üçün münbit şəraitin yaradılmasını söyləsəm daha doğru olar. Bunun nəticəsində Niderland XVII yüzillik boyu özünün qızıl əsrini yaşamışdır. Burası belə. Bura qədər yazdıqlarımı uzun da olsa, lütfən bir epizod sayın.

Çox vaxt biz Niderland, eləcə də digər ölkələr  haqqında yanlış təsəvvürlərə malik olduğumuzu nümayiş etdiririk. Bu yanlış təsəvvürlərin eşitdiklərimizdən, bilgilərimizin natamamlığından qaynaqlandığını deməsəm olmaz. İllər boyu biz Niderland barədə olan-olmaz nağılvari uydurmaları dinləyib, onlara inanmışıq. Düzdür bu uydurmaların  yaranmasında bu dövlətin özünün yeritdiyi siyasət də müəyyən rol oynayıb. Niderlandın həqiqi obrazını görmək üçün üzünə çəkdiyi pərdəni aralamaq, taxdığı maskanı çıxarmaq gərəkdir. Bunu bacarsaq, qarşımızda fərqli bir ölkə, bu ölkənin fərqli insanları görünəcək.

Niderlandı tanımamızın yetərsizliyini bu ölkəni  Qırmızı Fənərlər küçəsindən (Red Light District), narkotika azadlığından ibarət alayarımçıq düşüncələrimiz də sübut edir. Niderland deyən kimi gözümüz önündə bunlar canlanır. Niderland bu sahələrə yaşıl işıq yandırsa da, üstəlik eynicinslilərin evliliyini, evtanaziyanı qanuniləşdirsə də, heç də hər şey göründüyü kimi deyil. Bu barədə qənaətlərimi növbəti abzasda verirəm.

Bütün bunlar ölkənin üzünə çəkdiyi bir pərdədən, öz həqiqi simasını arxasında gizlətmək istədiyi bir maskadan başqa heç nə ifadə etmir, ən azından bilərəkdən yaradılmış imicdir. 2020-ci ilin yanvarınadək iki adla tanınan bu ölkə özünü ikinci adı Hollandiya arxasında ustalıqla gizlətməyi bacarmış və hər il ölkəyə milyonlarla turistin gəlməsini, milyardlarla pulun axmasını təmin edə bilmişdir. Məhz yuxarıda adını çəkdiyim “yalançı cənnətlər”i Hollandiya adı ilə, holland markası ilə dünyaya tanıtmış, özünün həqiqi simasını bu adla malalayaraq, altdan-altdan dünyanın irəlidə gedən dövlətinə çevrilmişdir. Kənd təsərrüfatından tutmuş sənayeyə qədər, məişətdən mədəniyyətədək öz sözünü deyə biləcək bir dövlət olmağı bacarmışdır.

Dediklərim yetərli sayılsa, qarşımızda bir-birindən yüz səksən dərəcə fərqlənən Niderland və Hollandiya adlı iki mənzərə görəcəyik. İkincini bəzən yerlilər də təbəssümlə dilə gətirir, dünyanın başına açdıqları fırıldağa özləri də gülürlər.

Və mən bunlardan sırasıyla növbəti yazılarımda danışmaq niyyətindəyəm. Köhnə deyimlə desəm mənfisiylə, müsbətiylə.

Bura qədər yazılanları ikinci bir lövhə saysanız necə məmnun qalacağımı demədən keçməyim və bununla da yazımın ağzını-burnunu yığım.

…Onu da deyim ki, yazımın çiy yerlərini növbəti yazılarda bir burun qaynatmağı da ağlımda tuturam…