Atalar sözləri və məsəllər şifahi xalq ədəbiyyatının təcrübədən qaynaqlanaraq ağızdan-ağıza gəzən ibrətli fikirləridir. Digər xalqların – istər Uzaq Şərqdə olsun, istər Avropada, istərsə də okeanın o biri tərəfində – bu müdrik fikirlərini oxuduqca bizimkilərlə onların arasında insanı heyrətə gətirəcək dərəcədə oxşarlıq və hətta bəzən eyniliyin şahidi oluruq. Bəli, insan dünyanın hər bucağında eynidir. Xislət, adətən, bölgəyə və məkana görə formalaşmır. İnsan elə hər yerdə insandır və dünyanın hər yerində eyni xarakterli, eyni təbiətli milyonlarla insanlar var. Ona görə də müxtəlif, bir-birindən uzaq məsafələrdə yaşayan insanların düşdükləri vəziyyət, əxz etdikləri təcrübələr əksər hallarda oxşar, bəzən isə eyni fikirlərin yaranmasına səbəb olur.
Bu gündən silsilə şəklində dünya xalqlarının atalar sözləri və məsəlləri, şifahi xalq ədəbiyyatı incilərindən, təcrübədən doğan dil hadisələrindən yazılar təqdim edəcəyik.
Aşağıda Afrika xalqlarının atalar sözləri və məsəllərindən birinci hissə ilə tanış ola bilərsiniz.
- Yalnız sarsaq suyun dərinliyini iki ayağı ilə yoxlayar.
- Qumu şəkər qamışı adı ilə satan adam ödəməni daşla alar.
- Bağlı ağıza milçək girməz.
- Siçan pişiyə gülürsə, deməli, yaxınlıqda haradasa dəlik var.
- Zəncirlərini kəssən, azad olursan; köklərini kəssən, ölürsən.
- Təhsilin baha olduğunu düşünürsənsə, cahilliyi seç; o pulsuzdur.
- Uşağa qızmar lampaya toxunmamasını demə. Qızmış lampa özü deyəcək.
- Müdrikliyin qulaqları uzun, dili qısa olur.
- Hörümçək və milçək arasında sövdələşmə olmaz.
- Ayaq üstə olan qarışqa uzanmış fildən daha çox iş görə bilər.
- Xarakter varsa, çirkinlik gözəlliyə çevrilir, yoxdursa, gözəllik eybəcərliyə dönür.
- Bilməmək pisdir. Bilməyi arzulamamaq daha pisdir.
- Qəhvə və məhəbbətin ortaq tərəfi odur ki, hər ikisi qaynar olanda dadlı olur.
- Öz hasarını təmir etməmiş, qonşununkunu düzəltmə.
- Başında qoyun olan aslan ordusundan qorxmuram. Mən başında aslan olan qoyun ordusundan ehtiyat edirəm.
- Var-dövlət istifadə edildikcə azalır. Bilik istifadə edildikcə artır.
- Gecə nə qədər uzun olsa da, gündüz yenə gələcək.
- Sərvətinə görə meymunla evlənsən, sərvət gedəcək, meymun qalacaq.
- Həyat suallarla doludur. Sarsaqların da hər şeyə cavabları var.
- İnsan hara gedirsə getsin, xarakteri də onunla birgə gedir.
- Mülayim ol, əlində də böyük çubuq olsun; çox uzağa gedəcəksən.
- Ağzın bıçaq olsa, ilk sənin öz dodaqlarını kəsəcək.
- Mirvari dəniz sahilində olmur; inci istəyən, suya baş vurar.
- Başını görmədiyin ilanı döymə.
- Vicdan təmizdirsə, yastıq yumşaq olur.
- Cəh-cəh vuran quşun yuvası olmaz.
- Mərhəmət korun gördüyü, karın eşitdiyi dildir.
- Bu dünyada ən yoxsul insan pulu olmayan deyil, adamı olmayan adamdır.
- Kişiyə təhsil verirsənsə, bir adamı savadlandırmış olursan, qadına təhsil verirsənsə, bir xalqı oxutmuş olursan.
- Həqiqət səni incitsə də, onu sev. Yalana nifrət et sənə köməyi dəysə də.
- Çayı keçənə qədər timsahı söymə.
- Mərhəmət hamıya, dostluq bir neçəsinə.
- Ağac barı ilə tanınar.
- Ailə bağı ağac kimi bir şeydir; əyilər, amma sınmaz.
- Kərtənkələnin başını tərpətməyi razılıq əlaməti demək deyil.
- “Arxadan mənə təkan ver” mənə daldan təpik vur demək deyil.
- Səfeh müdrik üçün nərdivandır.
- Axmaq və su istiqamət verildikləri yolla gedəcək.
- Müdrik adam ağzındakını boşaltmazdan qabaq beynini doldurur.
- Erkən qalxanın yolu kəsə olar.
- Suyun lal olması orada timsah olmaması demək deyil.
- Strategiya gücdən daha yaxşıdır.
- Uşaqlar həyatın mükafatıdır.
- Mərhəmətli sözlər heç vaxt qəlbi incitməz.
- Ana və bala ilan arasında heç bir fərq yoxdur; hər ikisi eyni dərəcədə zəhərlidir.
- İki fil dalaşanda olan ota olur.
- Xoşbəxt olmaq kral olmaqdan daha yaxşıdır.
- Yaxın dost yaxın düşmənə çevrilə bilər.
- Əməl danışanda sözlər heç nədir.
- Sənə üzmək öyrədəni suda boğma.
- Atasının üzünə ağ olan, övladı ilə də yola getməz.
- Kişi qadının səsini o vaxt nəzərə alır ki, artıq çox gecdir.
- Bu gün tonqal ola bilər, sabah yerində kül qalacaq.
- Balta unudar, ağac yox.
- Kül onu atanın sifətinə geri qayıdır.
- Sonu olmayan uzaqlıq yoxdur.
- Sülh baha başa gəlir, amma qiymətinə dəyər.
- Həqiqəti deyənin dostu olmur.
- Bəxtin üzünə gülmürsə, soyuq yemək də ağzını yandıracaq.
- İş hasilə gəlməmiş, şadyanalıq eləmə.
Toplayıb hazırladı: Aygün ƏZİZ