ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Şimali Koreya ilə hərbi əməkdaşlığı genişləndirməyə və Ukraynaya qarşı müharibədə istifadə etmək üçün ondan bir partiya mərmi almağa çalışır.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi telefon brifinqində bildirib.
“Əldə etdiyimiz məlumatlar göstərir ki, Rusiya KXDR ilə hərbi əməkdaşlığı genişləndirməyə çalışır, xüsusən də Rusiyaya artilleriya mərmilərinin satışı hesabına”, – o deyib.
Kirbinin sözlərinə görə, Vaşinqton Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya son səfərini Rusiyanın Pxenyanı Ukraynaya qarşı müharibədə istifadə etmək üçün sursat satmağa razı salmaq cəhdi ilə əlaqələndirib.
Bununla bağlı Ağ ev nümayəndəsi qeyd edib ki, Moskva və Pxenyan arasında silah tədarükünə dair istənilən razılaşma birbaşa BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozur.
O vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın Şimali Koreyadan və ya Kremlin Ukraynaya qarşı müharibəsinə dəstək vermək istəyən hər hansı digər dövlətdən sursat əldə etmək cəhdini müəyyən etmək və qarşısını almaq üçün səylərini davam etdirəcək.
Kirbi həmçinin qeyd edib ki, bu, Rusiya Prezidenti Vladimir Putinin nə qədər çarəsiz olduğunu nümayiş etdirir, həmçinin Qərb sanksiyalarının təzyiqinin onun döyüş maşınına nə qədər təsir etdiyini onun kömək üçün Şimali Koreya və ya İran kimi ölkələrə üz tutması göstərir.