- Ədəbiyyat

Ağ-qara bağ

Qulu AĞSƏS

 Ağ-qara bağ

Vətən müharibəsinin sonlarında dostum Rəşad Məcid mənə bir video yollayıb soruşdu: “Tanıdın bu yerləri, Ağsəs?..”

Göndərdiyin videoya
Baxmışam doya-doya.
Qoy sayım bir-bir, eşit,
Tanıdım, Rəşad Məcid:
Çətin, əzablı yolu,
Abdal-Gülablı yolu.
Qəbirstan… çəkillik,
Bu da kəndə qalxan dik.
Sol tərəf bağın başı,
Yaxında Sürşək daşı.
Bir az da yuxarı qalx,
Quruyub ki köhnə arx!
Yol gedir poçta sarı,
O üzündə hasarın
Dükan-malları çin-çin
Müftədi qonaq üçün.
Azca da yuxarı qalx,
Bir bizim məktəbə bax:
Mən burda oxumuşam,
Həm gündüz, həm də axşam,
Bəzən də səhərəcən…
Bir anamdı, bir də mən.
Camaat uyuyardı,
Anamsa çay qoyardı,
Balası ac qalmasın:
Bu da qozu, alması.
Yerimə gətirərdi,
Bircə mən idim dərdi:
“Ağacları kəsdirək,
Qoyunları qırdıraq,
Quluya toy vurduraq!”
(Kəsildi ağac, anam,
Kəsildi əlac, anam,
Qəbri torpağa, özü

Atama möhtac anam…)
Hə, bu da həyətimiz,
Qorxma, yoxdu itimiz.
Tutumuz qoşa-qoşa,
Yavaş, üstün bulaşar.
İsti yuvam – evimiz,
Dədə-baba evimiz.
Qabağı aynabənddi,
Çox deyil, iki bənddi.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!
Gedəkmi xalamgilə –
And içib qonaq gələ,
Qurban kəsəsidi o,
Kişi əvəzidi o.
Evi qaya başında,
Çıxmır ora maşın da!
Getməyək? Ya da gedək,
Payi-piyada gedək:
Maşabbası göstərim,
Mixi yazı göstərim –
Hər daşda, hər qayada…
Gedək? Getməyək ya da!
Qırx evə dönək hələ,
Ordan da Camışgölə –
Korbulağın altına,
Altuna bax, altuna!
Xına yaxıbdı yallar,
Gözlə ha, ilan olar.
Sənə demişdim axı,
Bizdə Əlibulağı –
Üstündə nar gül açar,
Yığışar xəstə, naçar,
Bir dilək dilər bura,
Kafir də gələr bura.
Mapıyalı… Gəvənli…
Dırmaşaq sənli-mənli,
Qocalığa hələ var,

Haçadağa hələ var.
… Dönüb Abdala çatdıq,
Kənd deyil, muğamatdı.
Yarı bihuş oxuyur,
Azad bir quş oxuyur…
Qoşulub quşa uçaq,
Yuxarı başa uçaq.
Bu da sanatoriya,
Tanımadın sən guya?!
Yaşıl bağlar, dərələr,
Ölü görsə dirilər.
Damcıbulaq – on addım,
Gücnən bir ovuc daddım.
Donduq… maşına dönək,
Yurdun başına dönək!
… Ay canım-gözüm Rəşad,
Lap sözün düzü, Rəşad,
Bunlar yoxdu videoda –
İnşallah, olar o da!..

4 dekabr 2020

Qarabağın qəzası

Göyə dəyərdi başı, bəlkə, Allah rizası,
Bir az da böyüsəydi Qarabağın qəzası.
İslaq günəş, quru yel, alovlu su diyarı,
Durnası da köçməzdi qürbətə bu diyarın.
Gecənin qapısını erkən örtərdi səhər,
Toxumdan tez bitərdi torpağa tökülən tər.
Burda özgə nə gəzir, burda yad nə karəydi?
Xanı özündən xandı, bəyi özündən bəydi!
Bir ovuc kafir gəldi hayandansa yol azıb –
Qəzaya düşdü o gün Qarabağın qəzası…
Üzü də sıyrılmadı, sınmadı bir yeri də
Qəzaya düşməyindən olmadı xəbəri də.
Qarabağ əldən gedir – bir səhər durdu, gördü
Qurd oğlu torpağına daraşan qurdu gördü.
Ovcunda saxladığı yağı minib boynuna
Damarında durmadı, qan sıçradı beyninə.
Dedi, bunlar nə alçaq, necə bədəsildilər,
Yumruğunu sıxınca ovcunda əzildilər!
… Bu bir ilahi hökm, bu bir Tanrı cəzası,
Bir də qəzaya düşməz Qarabağın qəzası!..

23 dekabr 2020

Noyabr

İsti otaqda
dişi dişinə dəyirdi,
titrəyirdi çənəsi:
“Allah, nolar,
əlini uzat,
Günəşi yandır!”
– yalvarırdı əsgər nənəsi…

 28 noyabr 2020