Gülyaz ƏLİYEVA
Ağdamın alınma xəbərini eşidən kimi sevinc göz yaşları içərisində 28 il bundan öncə çıxdığım ata yurdumun görüşünə tələsdim. Evdən çıxarkən arxadan gələn səsə diksindim.
-Məni qoyub gedirsən?! Məni də apar!
Bu səs mənə çox tanış idi! Səs sahibin çox yaxşı tanıyırdım. Onu qoyub gedə bilməzdim. Odur ki, 28 il bundan öncə oradan çıxan qaragözlü gəncliyimin, institutu fərqlənmə diplomu ilə yenicə bitirmiş, təyinatını Ağdamın ucqar dağ kəndlırindən birinə almış o gənc, cəsarətli müəllimə qızın əllərindən tutub Ağdamın görüşünə tələsdim. Xəyalımda əksi çıxarkən qoyduğum kimi qalmış, o qaynar yay gününün havası başımda şəhərimizə – qayğısız, atalı-analı, xoşbəxt uşaqlığım, gəncliyim keçmiş evimizə yollandım.
Səndən çıxarkən güllü bağçamızın, ətəyinə qədər bol məhsul gətirmiş ağ ərik ağacımızın, yasəmən ağacımızın ətri gəldi burnuma. Babamın əkdiyi qocaman, dibindəki iri, üstünü mamır tutmuş sal daşın altında ocaq ilanları yuva salsa da, hələ heç kəsə dəyib-dolaşmamış ilan yuvası olan iydə ağacımız, sıx ağaclı meyvə bağımız gözlərim qarşısına gəldi… 28 il öncə çıxdığım yolla geri qayıdırdım. Bərdə yolundan, qulağımda “Uzundərə” havası Uzundərədən keçdim… Keçdim, ağlı başındamı keçdim?! Nələr gördüm?! Yəni mən buradan 28 əsr deyil də, 28 il bundan öncəmi keçmişəm?! Qoyduqlarımın hansını gördüm?! Yəni burada 28 il bundan öncə qaynar həyat olubmu? Sarsıldım!… Hanı şəhərimiz, hanı evlərimiz? Hanı məhləmiz? Hanı mənim öz əllərimlə əkib-becərdiyim gül baxçamız?! Mənlə gələn qız qeyb oldu, yoxa çıxdı, bir andaca qocaldı! Onu özümlə gətirdiyimə peşman oldum…
Ağ üzlü, ağ alınlı, ağ damlarından əsər-əlamət qalmayan ağ şəhərim, adı Ağdam, özü damsız şəhərim! Kiçik qala adlansa da, böyük qeyrət qalası olan, varlığı ilə düşmənin bağrını yaran şəhərim. 28 ildir özü-özü ilə danışan, el-obasız qalan, ruhların məkanı, ruhların məskəni, ruhlar şəhərim! Erməni vandallarının ayaq tapdağı altında qalmış, Prometey kimi hər gün bağrı sökülən şəhərim. Yağı səni nə günə qoymuş?! Səni yer üzündən silmək istəmiş! Tək bir daşını daş üstə qoymamış! Ağ daşlarınıı bir-bir söküb aparmış!
Səni günün istisində, qışın soyuğunda ayağıyalın, başıaçıq qoymuş!…
Qarşıma çıxan 28 ildir yiyəsiz qalmış yalquzaqlaşmış, ala köpək, nə günə düşmüsən?! Anlasa idin, sənə çox pis gələrdi, səni səndən qat-qat aşağı, vəhşi erməniyə tay tutmaq! Ağban evlərimiz hanı, görmüşdünmü? Ağ İmarətim, Pənahəli xanın əsabələri uyuyan qəbirlər hanı? Xan qızı Xurşudbanumuz burda uyuyurdu! Ruhları perik düşdümü?! Hanı sənin çal-çağırlı günlərin? İmarəti başına götürən şən gülüş səsləri, “Natəvan qızlar bayramı”n, dörd tərəfində keşik çəkən başı göylərdə, buludlarla salamlaşan qoca çinarların hanı? Burdan keçdimi?!
Hər zaman azan səsi ucalan qoşa minarəli məsçidim, nələr gördün bu 28 ildə?! O günlərinə qurban olum! Dirənişinə, dözümünə, bizi gözləyən səbrinə qurban olum! Gəlib çıxdıq! Başını dik tut! Yurdumuza, şəhərimizə, elimizə, sənə sahib çıxdıq! Xaçınçayım, minillikləri adlayıb axa-axa gələn Qarqarım! Gəlib çıxdıq!
Ağdamım! Gözəl Ağdamım! Qarabağın Ağdamı! Azərbaycanın Ağdamı! Qürurlu Ağdamım! Ağüzlü Ağdamım! Sən həmişə yağıya gözdağı olmusan! Ona görə sənin hər daşından, kərpicindən, damından, otundan, ağacından belə qisas almağa çalışıblar! Ürəkləri soyumayıb! Niyə bilirsənmi?! Çünki qürurunu qıra bilməyiblır, ona görə ürəkləri soyumayıb! Səni yiyəsiz sanıb çaqqal sürüsü kimi, göreşən kimi üstünə cumublar, səni didim-didim ediblər!
Qürurlu Ağdamım! Tezliklə o gözəl küçələrin, təmtərağın, ağban evlərin yenidən qurulacaq, sən yenə düşmənin gözünə batan ox olacaqsan! Qaynar həyat qoynuna yenidən qayıdacaq. O qaynar həyatın içində yenidən əvvəlki qüdrətini, əzəmətini bərpa edəcək, yenə Qarabağın gözü olacaqsan!