Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
APA xəbər verir ki, bu gün 50 ailə (207 nəfər) Kəngərli kəndinə köçürülür.
Beləliklə bugünkü köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülmüş olur.
“32 ildən sonra öz doğma kəndimizə qayıdırıq. Oğlum gəlinim nəvələrimlə gedirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Ən böyük arzum qəbiristanlıqlarımızı ziyarət etməkdir.”, – deyə keçmiş məcburi köçkün Səmədov Qara bildirib.
Öz doğma kəndinə qayıdan Poladova Rahilə isə bunları deyib: “Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz uzun ömürlü olsun ki, bizi torpağımıza qaytarırlar. Gedirəm, ağaclar, güllər əkəcəm. Yaşayacağam özüm üçün, torpağımız çox gözəldir.”
Babayeva Çiçək isə bu günü çox gözlədiklərini deyib. “Çox böyük ümidlə gözləmişdik bu günü. Şükürlər olsun. İllər sonra prezidentimizin uzaqgörən siyasəti nəticəsində öz yurdumuza qayıdırıq.”, – o deyib.
Bir digər Kəngərli sakini Elza Babayeva isə öz duyğularını belə ifadə edib: “Allah prezidentimizə can sağlığı versin. Dünya durduqca ömrü olsun. Gedirik vətənimizdə yaşayaq. İstəyirik övladlarımız bundan sonra öz yurdunda yaşasın.”