- Köşə, Manşet

Ağıl Allahın insanlara ən səxavətlə payladığı bir şeydir – heç kəs azlığından şikayət etmir

Vasif SADIQLI

Bu bəndeyi-fəqirin bir fani ilə mübahisə etdiyidir və qəzəbə düçar olub bloka getdiyidir

Deyirəm nə yaxşı dünyanı Allah taala yaradıb. Yoxsa adamlar hamısı mikrorayon evləri kimi bir-birinə bənzəyər, həyat dözülməz olardı. Allah unisonu yox, polifoniyanı sevir. O, hər bir qar dənəsinə belə orijinal biçim verib. Biz insanlarsa bu dünyanı yaman günə qoymuşuq. Amma yaxşı ki, bu dünyada şirin-şəkər, gözəl-göyçək, orijinal adamlar var. Onlar qaranlıqların içində şimşək kimi çaxır, öz əcibə və qəribə vərdiş və şakərləri ilə günlük həyatın bozluğunu, monotonluğunu, yeknəsəqliyini, cansıxıcılığını aradan qaldırırlar.

Qoqolun “İvan İvanoviçin İvan Nikiforoviçlə dalaşması” adlı əsərində iki unikal vücuddan  danışılır. Onlar Rablenin “Qarqantua və Pantaqruel”indəki Qarqantua kimi qəribə həyat yaşayırlar: yeyirlər, içirlər, yatırlar, içirlər, yeyirlər, yatırlar… Amma orijinal şakərləri də var onların. Görün Qoqol onları sevə-sevə necə təsvir edir: Çox gözəl insandı İvan İvanoviç. O, yemişi çox sevir. Bu, onun sevimli təamıdır. İvan İvanoviç elə ki, yeməyini yedi, adəti üzrə əyninə yalnız bir köynək geyinib talvarın altına gəlir. Qapkaya tapşırır ki, iki yemiş gətirsin. O, yemişləri şəxsən özü kəsir, tumlarını bir xüsusi kağızın üstünə yığır və yemişi yeməyə başlayır. Bundan sonra Qapkaya əmr edir ki, mürəkkəb gətirsin. Sonra özü öz əlləri ilə tum olan kağıza bu sözləri yazır: “Məzkur yemiş filan tarixdə yeyildi”. Əgər həmin vaxt evdə qonaq olarsa, bu sözləri də əlavə edir: “Yemişin yeyilməsində filankəs də iştirak etdi”. Bu, İvan İvanoviçin qanunudur. İvan Nikiforoviçin isə bir başqa şakəri var: “O, yuyunmağı  çox sevir. Adəti üzrə, hamamda boğazına qədər suya girir, sonra tapşırır, suyun içinə samovar və stol qoyurlar və o, suyun içində bu vəziyyətdə çay içməyi çox xoşlayır”.

Bunlar qalsın burda, indi gələk özümüzünkülərə. Bu gün FB “dost”larından biri mənə qeyzlənib. Səbəb isə statusumdur. Həmin status belə idi: “İnsanı 2 şey ayaqüstə saxlayar: sağ ayaq, bir də sol ayaq”. Adam mənim statusumun “primitivliyinə” o qədər qeyzlənib, o qədər qeyzlənib, o qədər qeyzlənib, axırda əlifini çaşıb və şərhi başqa bir statusun altına yazıb. Ümumi məzmun da bundan ibarətdir ki, belə mənasız şeylər yazma, çox primitivdir, cəmiyyət üçün maraqlı deyil.
Cəmiyyət üçün maraqlı mövzular seçib onu kreativ şəkildə təqdim etmək və oxucu cəlb etmək üzrə ustad dərsi keçdiyi (el arasında master-klass deyirlər) şəksiz olan bu şəxsin, Mirzə Cəlil demiş, nə tükdə canavar olduğunu öyrənmək üçün profilinə baxmalı oldum. Adam martın 5-dən bu günədək 6 status yazıb:
5 mart – sıfır bəyənmə
8 mart – sıfır bəyənmə
14 mart – “Mənim ürəyim Nəvələrim” – 6 bəyənmə
19 mart – sıfır bəyənmə
26 mart – sıfır bəyənmə
30 mart – sıfır bəyənmə

Səbrimi basıb etik mülahizələrdən adını çəkmək istəmədiyim adamla göftgu etmək istədim və aramızda belə bir söhbət oldu (ad şərtidir):
Vasif Sadiqli: “Əjdər Təndirov, nədi primitiv düşüncə?”
Əjdər Təndirov: “Vasif Sadiqli Uşaqdan böyüyə qədər hamı bilir ki,insanı ayaq üstə saxlayan ayaqlarıdı.Bunu yazmaq doğrudan da gülüş doğurur.Yəni belə sözlər cəmiyyət üçün maraqlı deyil.Hər hansı maraqsız söz isə pimitivliyi ilə adamları cəlb edə bilmir’.
Vasif Sadiqli: “Əjdər Təndirov, Sizi bunu oxumağa məcbur edən var? Ordakı nüktəni tutmadınızsa, problem Sizdədir”
Əjdər Təndirov: “Vasif Sadiqli Nüqtə yox nöqtə”.
Vasif Sadiqli: “Əjdər Təndirov çox sağ olun, çalışın nöqtə ilə nüktənin fərqini öyrənin. Xeyirli çalışmalar”
Əjdər Təndirov: “Vasif Sadiqli Azərbaycan qramatiksında nüqtə sözü yoxdu”.
Vasif Sadiqli: “Əjdər Təndirov yəqin, leksikasında demək istəyirsiniz, bunların fərqini də bilmirsiniz. Danışdıqca səhvlərinizin üstünə yeni səhv əlavə edirsiniz… İxtisasınız nədir?”
Əjdər Təndirov: “Vasif Sadiqli Sən əl çək məndən”

Adam özünə vurulubmuş e əməlli-başlı. Aqillər doğru deyir ki, ağıl Allahın insanlara ən səxavətlə payladığı bir şeydir – heç kəs azlığından şikayət etmir. Əxəvizadə, çoxluğundan vəcdə gəldiyin qeyri-substantiv intellektual resursunu belənçik sağa-sola səpələyib, israfçılıq etmə, birdən özünə bir şey qalmaz (el arasında defolt riski deyirlər). Əvvəlcə bir orta məktəb şagirdinin qurşağına qədər minimum bilik sahibi ol, sonra ona-buna ağıl öyrət. Sən öz bisavadlığını aləmə car çəkməkdə mükəlləf deyilsən. Qoy elə cəhlin də nəzakətsiliyin təki təxsisati-məsturə kimi konfidensial olaraq qalsın – qayət məxfi qrifinə sığınsın…  Yoxsa hələ baltanı çox daşlara vuracaqsan…

Xeyirli bazar ertələri…