Dünən qəzetlərdə oxuduq ki, Danimarkada naməlum şəxslər su pərisi heykəlinə çadra geyindiriblər. İkinci bir ayıb da o olub ki, sonra su pərisini soyundurublar. Üçüncü ayıbsa o olub ki, su pərisini polislər soyundurublar.
Onu da oxuduq ki, bu, su pərisinin imic dəyişmələrindən ilki deyil. 2004-cü ildə də analoji hadisə baş veribmiş. Heykəlin yanına “Türkiyə Avropa İttifaqına girə bilərmi?” yazılmış lövhə də vurublar.
Çox maraqlıdır. Görəsən, nədən Danimarkanın cığal təfəkküründə Qərb soyunmuş su pərisi, Şərq isə çadralı su pərisi kimi inikas olunur? Eyni su pərisi – eyni mahiyyət bədən gözəlliyini ictimai mülkiyyətə çevirəndə olur Qərb, əğyardan gizlədəndə Şərq? Bu, sivilizasiyalararası fərqə 19-cu əsrdə müs-yö Jordana ev yiyəliyi eləmiş Hatəmxan ağa yanaşmasıdır: “Biz başımızı qırxdırır, saqqal saxlayırıq, onlar, əksinə, saqqallarını qırxdırıb saç saxlayırlar. Biz hər şeyə inanırıq, onlar isə heç nəyə inanmırlar. Bizdə çoxarvadlılıq dəbdədir, onlarda çoxər-lilik…”
Qərbdə oturan obıvatel də quru kilkə ilə pivə gillədə-gillədə Şərqin portret cizgilərinə yeri ştrixlər əlavə edə bilər: Çadra altında “şəhid kəməri”, əmmamə altında narkotik bükü-mü, padşahların böyründə mövqe seçib, korrupsiyaçı vücudları Allahın kölgəsi elan edən mürtədlər…
Bir hind qızı tanışım vardı. Onun xətrinə bir milyard yüz milyonluq hind xalqını sevmək olardı. Amma dini inanc baxı-mından mənimlə onun arasında okean vardı. Halbuki xristianlarla bizim aramızda Dardanel boğazı var. Amma su pərisinə çadra geydirənlər üçün o hind qızı ilə mən bir bezin qırağı – şərqliyik…
Bir də ki, su pərisinin çadralı olmasında nə qəbahət var? Şərq sirri – əsrarəngizliyi sevir. Nağıllarımızda çox qəribə bir şey diqqətimi cəlb edib. Fikir verin, nağıl qəhrəmanı qırx otaqlı bir evə girir. O otaqların otuz doqquzunda yaşamaq üçün hər şey var. Gözəl qızdan tutmuş, ləl-cəvahirat, qızıl-gümüş, xalı-xalçaya qədər. Amma şərqli qəhrəman qırxıncı otağa meyl edir… Rasional qərbli onları götürüb aparar və banka qoyub faizi ilə özü də, yeddi arxadan dolananı da yeyib-içib kef eləyərdi. Amma şərqli yox. O, qırxıncı otağa girməlidir. Şərqin dünyası yeyimli-içimli otuz doqquz otaqla qapanmır. O, qırxın-cı otaqda ölüm belə olsa, ona can atır. Və baxın, heç bir Şərq nağılında qırxıncı otağı açan şəxs mənfi tipaj deyil.
Çadralı su pərisinin gözəlliyini dərk etməyə şairanə təfəkkür lazımdır. Bir var lüt-madərzad, hamının baxdığı su pərisi, bir də var, çadralı. Əvvəl yaxınlaşırsan, sağ əlinlə yapışırsan su pərisinin sol əlindən. Sonra baxışlarını qaldırıb yavaş-yavaş gətirirsən Ay üzün həndəvərinə və ilk sualı verir-sən: “Bu qələm qaşlar kimindir?” Təbii ki, su pərisinin yarımkonfidensial ağzından bir söz çıxıb barokko, qotika, nyu renessans üslublu evlərin daş divarlarına dəyib yeddi dəfə əks-səda verərək Kopenhagenin əngin səmasına yayılır: “Mənim, mənim, mənim…”
Ardınca suallar yağış kimi yağır: “Bu ox kipriklər kimindir? Bu qar üstünə qan dammış kimi al yanaq kimindir? Bu yaqut dodaqlar kimindir? Bu inci dişlər kimindir?” Sonra Soltan bəy kimi: “Lütfən, çadranı bir az aralasana… Bir az da… Bir az da…” Sonra görürsən, fitnəkar xal gündəmə çıxır. Burda necə deməyəsən:
Zairi-kuyinəm, ey məh, qoy öpüm xalindən,
Həcəri öpməyənə xəlq deməzlər haci (Sabir).
Yəni mən səni ziyarətə gəlmişəm, ey gül, qoy xalından öpüm, çünki Kəbədəki qara daşı öpməyənə hacı demirlər… (tutarlı bəhanədir, hörmətli professor Aida Qasımovaya görə, bu motiv əbu Nüvasda da var!)
Hələ qırxıncı otağa nə qədər var… Doğrudan da, yalnız Şərq təfəkkürü çadranı, Freyd demiş, zəruri təəşşüqün predmetinə çevirə bilər. Məsələnin şairanəlik hissəsinə bir az deyindik, indi gələk fəlsəfə hissəsinə. Bizdə bir “Rahət əziyyətdədir” fəlsəfəsi var. Çörəyimiz də daşdan çıxır, könül işi üçün də özümüzü oda-közə vururuq. Gözəllik də elə ondadır… Qərbdə isə hamısı itinətök olduğu üçün dəyəri də yoxdu. Doğrudan da, zövqlər barədə “spor” eləməzlər.