- Ədəbiyyat

Aida ADIGÖZƏL. Darıxanda söylə

Bir az narın çisəyə, bir az həzin yağışa,
darıxanda dərdini pıçılda buludlara.
Görsən islanmamışam, bəlkə də, duymamışam,
mütləq ki, gətirəcək, söylə gur leysanlara.

Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin,
hələ çobanyastığın, ağappaq ləçəklərin.
Xallı “fatma ananın”, bəzəkli böcəklərin
içində axtaracam, söylə baldırğanlara.

Qabağına nə çıxdı, söylə nəyə inansan,
dumduru şehə batsan, sümüyəcən islansan.
Əlin mənə çatmasa, korun-korun odlansan,
yenə də anlayacam, söylə lal gümanlara.

Havadan anlayacam, qurudan anlayacam,
yağışlı gölməçədən, lil sudan anlayacam.
Sənin nəyinə lazım hər hardan anlayacam,
söylə, kimə gəldi de, filan-beşməkanlara…

Darıxanda dərdini pıçılda buludlara,
darıxsan anlayacam, inan ki, anlayacam…

*****

Sənlə rastlaşanda payız gəlmişdi.
Sənin saçlarına nə qədər qırov,
mənim gözlərimə sazaq düşmüşdü.
Biz üşüyürdük…

İkimiz ağsaçlı, gözü eynəkli,
soyuqlar düşəndə canı ağrıyan,
ümidsiz sevgidən qəlbi göynəkli.
Biz tanış idik…

Bəlkə, şeir idi bizi bağlayan,
bəlkə, misraların tilsimindəydik,
bəlkə, sözlər idi bərk əfsunlayan?
Biz sözə aşiqdik…

İndi qarşımızda bir fincan tünd çay,
gözümüz yumulu, barmaqlar qatdaq,
görüş günümüzü hesabla say, say…
Biz darıxırdıq…

Qarışmış bu ara bir az duyğular,
pərdə arxasında qara kölgələr,
könüllər pəjmürdə, artıb qayğılar.
Biz uzaqlaşırdıq…