-İradə xanım, hər gün bir dənə “Kardiomaqnil” içsəniz, ömrünüz boyu nə infarkt olarsız, nə də insult.
– Aaydə xanım, bunu Sizə həkim deyib?
– Yox, “parikmaxersk”də eşitmişəm.
Bir dəfə vatsapda qrupa yazdım:
– Marketdə pomidor almışam, evə gəlib çekə baxıram, görürəm ki, kilosu 18 manat imiş.
– Aaydə xanım, aparın qaytarın, nəyinizə lazımdır o qiymətə pomidor? Hamısı zəhərdir. Bax gözləyirəm, qaytarın, mənə nəticəsini xəbər edin.
O pomidor əhvalatı məzəli bir söhbətə döndü. Sonra nə qədər xatırlayıb güldük.
Biz üç bacı idik. Vatsappda “Trio” qrupumuz var idi. Adlarımız da yaraşırdı. İradə, Nuridə, Aidə. İradə ən cavanımız idi. Mən Nuridə (Novruzova) ilə pensiya alırdım. Hərdən pensiya söhbətimiz uzananda deyirdi: “Qalmışam bu qocaların əlində.” Mən isə namaz qılıb oruc tutduqları üçün onlara “Mənim mömin bacılarım” deyirdim.
Parlaq şəxsiyyət. İradə xanım par-par yanırdı. Hətta xəstəlik onu zəiflədəndə də o parıltı İradədən getmədi. Bu, intellektin parıltısı idi. Bu, vicdanın, haqqın, ədalətin parıltısı idi.
Onunla ilk tanışlığım qiyabi oldu. Q. Markesin bir məmur tərəfindən edilmiş bərbad tərcüməsini “yıxıb-sürümüşdü”. Ləzzət elədi))). Sonra Ağdam gözəli olduğunu bildim. Sonra həqiqəti deyən dilinə görə “alim”-məmurlar tərəfindən üzləşdiyi haqsızlıqların canlı şahidi oldum.
İradə xanım! Sənin tənqidi məqalələrinin nəşrinə qadağa qoyanlar indi uçurumun kənarındadırlar. Bunu da bil! Bəlkə də bilirsən.
Sənin vəfatından sonra bir gün düşündüm ki, İradə xanımla o qədər ruh barədə danışmışıq ki…Əgər ruhi həyat olsaydı, mütləq mənə bildirərdi, bir işarə edərdi … və həmin gecə çox məmnun halda və əsrarəngiz bir işarə ilə gözümün önündən keçdin.
Dünyada bir gerçək var. Ölüm adlı. Hər kəsin mahiyyətini üzə çıxaran gerçək.
İradə xanımın Nizami və Nəsimi ilində çap olunmuş bu iki kitaba çəkdiyi əziyyət, oxuyub yoxladığı çoxsaylı məqalələrin təşəkkürləri də onunla birlikdə əbədiyyətin gerçək sevincini yaşayır.
İradə xanım cəmiyyətdə, xüsusilə akademik dairələrdə hökm sürən haqsızlığın, yaltaqlığın, saxta ziyalılığın düşməni idi. Onu narahat edən səviyyəsiz kitablar, əcaib tərcümələr, yersiz təriflər idi. Müasir ədəbiyyatımıza həsr edilən bir kitabda İsmayıl Şıxlıya bir səhifə, Mirələmova iyirmi səhifə həsr edilməsi idi. Bizim müdafiə şuralarımızın bu cür insanlara o qədər ehtiyacı var ki… Bir dəfə müdafiə prosesində həmin iyirmi səhifənin müəllifinin “Mirələmov deputat olanda heç belə demirdiniz” sözünə İradə xanımın cavabı belə oldu:
– Mən bütün bunları yazanda Mirələmov elə deputat idi. Özünüz də bunu çox gözəl bilirsiniz. Heç nədən çəkinmədiyimi, kimləri tənqid etdiyimi də yaxşı bilirsiniz.
Bu tənqidlərə görə kifayət qədər düşmən də qazandı. “Ədəbiyyat qəzet”i onun yazılarını nəşr etmədi. Opponentlik, rəhbərlik qapısı da üzünə bağlı idi. İnsan bu haqsızlıqları yada salanda qışqırmaq, bağırmaq istəyir.
Bir insan bizim cəmiyyətdə qorxmadan, çəkinmədən gördüyü eybəcərlikləri tənqid edirsə, deməli, onun özü üçün nə isə bir təltif, mükafat, vəzifə gözləntisi yoxdur. Mövcud akademik çevrəmizdə tənqid və təltif qol-boyun ola bilməz; ya məddahlıq yolu tutub barmağından bal yalamalısan, ya da ədalətli tənqid yolu tutub əlini baldan – yaltaqlıq balından üzməlisən. İradə xanım ikincilərdən idi. Bu səbəbdən ona hörmətim hədsiz olub.
İradə hərdən deyirdi ki, niyə yaxşı alimlər birləşə bilmir, pisliyə qarşı birgə mübarizə aparmır? Pis alimlər elə gözəl işbirliyi qurur, bir-birlərini müdafiə edirlər ki.. Yaxşı alimlər hərəsi bir tərəfdə, mübarizələri də fərdilikdən çıxmır.
Necə də haqlı iraddır…
İradədə hədsiz həyat eşqi gördüm və heyran qaldım. İnsanın mütaliə, təhlil, tənqid həvəsi bitib-tükənmək bilmirdi. Axıradək mübarizə etdi, həyatdan yapışdı.