- Mədəniyyət

Ailə öhdəliyi haqqında

“Qədim hind aforizmləri” kitabından

*   Qoy anan tanrın olsun, qoy atan tanrın olsun, qoy müəllimin tanrın olsun, qoy qonaq tanrın olsun.

  • Müəllim on brahmandan daha üstündür, ata on müəllimdən daha üstündür, ana on atadan və yer üzündə olan digərlərindən daha üstündür. Ana ilə kim müqayisə oluna bilər? Düz yoldan sapmış müəllimdən uzaqlaşmaq lazımdır, ancaq ananı heç vaxt tərk etmək olmaz. Səni bətnində gəzdirdiyinə görə, o, hamıdan yüksəkdə dayanır.
  • Üç adam sövq-təbii yaxşılıq edir: ana, dost və ata. Başqaları isə bunu nəsə məqsədləri olduğu üçün edir.
  • Nə qədər pis işlər görsə də, ahıl valideynlərinə, sədaqətli arvadına və azyaşlı oğluna baxmalısan.
  • Qadını uşaq vaxtı atası, gəncliyində əri, qocalığında oğlu qoruyur. Onu özbaşına qoymaq olmaz.
  • Qızın ı vaxtında ərə verməyən ata pisdir. Öz arvadı ilə yaşamayan ər pisdir. Ərinin ölümündən sonra anasına baxmayan oğul pisdir.
  • Qız uşağının dünyaya gəlməsi anasını dərdə salır: dostlara dərd verə-verə böyüyür, ərə gedəndə isə özünü pis aparır. Qız uşağı böyük bədbəxtlikdir.
  • “Görəsən, etibarlı əllərəmi düşəcək? Ərini qane edəcəkmi? Nöqsansız olacaqmı?” – şair də şeir qoşarkən qız uşağının gələcək taleyi üçün indidən təşviş keçirir.
  • Adaxlı haqqında 7 şeyi öyrən: hansı biliyə sahibdir, əsli-nəsli haradandır, xasiyyəti necədir, qəyyumu kimdir, varlıdırmı, yaraşıqlıdırmı, bir də yaşı neçədir və bundan sonra heç nəyin dərdini çəkmədən qızını ona ərə ver.
  • Qadın dünyaya uşaq gətirmək, kişi isə nəsil artırmaq üçün yaradılıb.
  • Arvadını yaxşı yedizdir və yaxşı geyindir, ələlxüsus da ana olmağa hazırlaşarkən; bəzək-düzək, zinət əşyaları hədiyyə et, ancaq nəbadə onunla məsləhətləşəsən.
  • Yaxşı arvad qulluqçu kimi xidmətində durur, məsləhətçi kimi yol göstərir, gözəllik ilahəsi kimi gözəldir, torpaq kimi sakit və dözümlüdür, səni ana kimi bəsləyir və getera (qədim Yunanıstanda kişiləri cəlb edən ərsiz qadın) kimi dərdini dağıdır. Yaxşı arvad altısı birində olandır.
  • Yad arvadı ilə yaxınlıq qədər ömrü qısaldan şey yoxdur.
  • Əsl arvad evini ağılla idarə edəndir. Əsl arvad uşaq doğandır. Əsl arvad ömrünü ərinə həsr edəndir. Əsl arvad ərinə sədaqətli olandır.
  • “Dır-dır” etməyi sevən pis arvaddır. Beləsi arvad deyil, arvad sifətində zühur edən qocalıqdır.
  • Qadını məhv edən 6 şey var: əyyaşlıq, yaramaz insanlarla münasibət, ərindən ayrılmaq, dərbədər gəzmək, yad evdə yatmaq və yaşamaq.
  • Qadının minlərlə nöqsanı olur və cəmi 3 məziyyəti var: evə baxmaq, uşaq doğmaq və əri ilə birgə ölmək.
  • Qadın gülürsə, bütün ev gülür, qadın qaşqabaqlıdırsa, bütün evə də matəm çökür.
  • Qadınları dərd çəkən ailə tezliklə məhv olur. Xoşbəxt qadınları olan ailə isə daim qabağa gedir.
  • Ev onda ev olur ki, onun sahibəsi (oxu: içində qadın) var. Sahibəsi (oxu: qadın) olmayan ev meşə kimi bir şeydir.
  • Vacib deyil ki, qadının zinət əşyası olsun. Ər onun ən gözəl bəzəyidir. Əri olmayan qadın zahirən gözəl olsa da, əslində o, gözəllikdən xali sayılır.
  • Ərə bərabər qohum yoxdur. Ərə bərabər dost yoxdur. Ərə bərabər qoruyucu yoxdur. Ərə bərabər sığınacaq yoxdur.
  • Ər rəhmdil, yoxsa qəzəblidirsə, bütün pis xüsusiyyətlər onda cəmləşibsə belə, sədaqətli arvad onu xilas edə bilər.
  • Simsiz ud çalınmaz, təkərsiz araba getməz, ərsiz qadın bədbəxtdir – lap yüz qohum-əqrəbası olsun.
  • Ərdən məhrum olan qadın faydasız həyat sürər. Ehtiram, qürur, yaxınların sevgisi, xidmətçilərin hörməti – hər şey ərlə birlikdə gedər.
  • “Oğul səndən əmələ gələn ikinci sən kimidir”, – müdriklər belə deyir. Ona görə də ona oğul doğan arvadına ər gərək anasına baxan kimi baxsın.
  • Doğma oğul nə qədər pis, tərbiyəsiz, çirkin, səfeh, pozğun, yaman olsa da, ürəklərə sevinc gətirir.
  • 5 yaşına qədər oğlunla padşah kimi, 5-dən 15-ə qədər qul kimi, 15-dən sonra dost kimi davran.

Tərcümə Aygün ƏZİZindir.