Pandemiya ilə əlaqədar uzunmüddətli məcburi fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə premyera ilə başlayıb.
Kollektiv rus bəstəkarı Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baletini təqdim edib.
Tamaşanı mədəniyyət naziri Anar Kərimov, nazirlik aparatının məsul əməkdaşları, digər qonaqlar və sənətsevərlər izləyiblər.
Səhnə əsərinin quruluşunu Mixail Fokinin xoreoqrafiyası əsasında Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov həyata keçirib. Musiqi rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olan tamaşada əsas rolları balet truppasının aparıcı solistləri – Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, gənc solistlər Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa ediblər.
Pandemiya qaydalarına əməl olunmaqla keçirilən tamaşa baletsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, bəstəkar A.Borodin “Knyaz İqor” operasının bir hissəsi olan “Qıpçaq rəqsləri”ni 1875-ci ildə ərsəyə gətirib. Bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdıra bilməyib. Onun ölümündən sonra musiqi materialları əsasında A.Qlazunov operanı tamamlayıb, N.Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski Teatrında baş tutub. Xoreoqraf L.İvanovun quruluş verdiyi “Qıpçaq rəqsləri” tamaşaçılarda dərin təəssürat oyatmışdı. Sonradan “Qıpçaq rəqsləri” müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub. (azertag)