Ümumi türk dili formalaşa bilməz. Kimsə ana dilindən əl çəkib, təzə dil yaratmaz. Sadəcə müasir türk dillərindən birini 5 ümumi ünsiyyət dili kimi qəbul etmək olar. Bu ümumi ünsiyyət dili sənin həmişə işlətdiyin ana dilinin yerinə gəlmir. Sən ailədə, işdə dostlarınla həmişə işlətdiyin ana dilində danışacaqsan. Ümu mi ünsiyyət dilini başqa türkcələrin nümayəndələri ilə ünsiyyətdə, beynəlxalq (uluslararası) tədbirlərdə işlətməlisən, o sənin dil açdığın dili, beşik dilini sıxışdırmamalıdır, yoxsa bütün türklər tərəfindən sevilməz, ana dilinə şərik sayılar. Ana dili Tanrı gücündə varlıqdır. Tanrı da ki, bildiyimiz kimi, şərik sevməz. Mən bu fikri 1996-cı ildə Ankarada III Uluslararası Türk Dili qurultayında da demişəm, yeni türk dili yaratmağı donkixotluq saymışam, bu gün də həmin fikirdəyəm. Dil əlifba deyil ki, gündə dəyişək, imla qaydası deyil ki, mütəxəssislər yığışıb yaxşı-pis bir norma təklif etsinlər.
Dil xalq yarananda yaranır, ictimai-siyasi, iqtisadi, mədəni şəraitlə bağlı inkişaf edərək, təbii surətdə dəyişir. Dillərin ayrılması təbii pro – sesdir və bütün dil ailələrində belə olub; ilk insan cəmiyyətlərində bu qədər dil olmayıb. Dil ailəsi anlayışı buradan gəlir. Eynən insanlarda olan kimi: bir valideynin övladlarının doğulduğu, bacıqar daşların törədiyi, onların övladları, övladlarının övladları və s. olduğu kimi, bir ana dildən də yeniləri əmələ gəlir. Ailədəki törəmə prosesini gözümüzün qabağına gətirək: oğul-qız, nəvə-nəticə-kötücə-yadıca. Övlad silsiləsi gələ-gələ və ya gedə-gedə yad dərəcəsinə çatır. İctimai hadisə olan dil ailəsi məişət faktı olan insan ailələrinin analogiyası üzrə inkişaf edir. Və dildəki bu törəmənin eynən insanın ailə genişlənməsinin terminləri ilə ifadə olunması da bu uyğunluğun nəticəsidir: dil ailəsi, qohum dillər, yaxın və uzaq qohum dillər.
Təsəvvür edin, bu dillər bir dil ailəsinin üzvləridir: hind, yunan, ingilis, italyan, rus, erməni, fars və s. O ayrı məsələ ki, türkcələr bir-birinə çox yaxındır. Başqa dil ailələrində hamısı bir-biri ilə eyni anlaşma dərəcəsində olmur. Məsələn, hind-Avropa dil ailəsinin belə budaqları – qrupları var: roman dilləri – italyan, fransız, ispan və s.; german qrupu – ingilis, alman və s.; slavyan qrupu – rus, ukrain, belarus və s.; İran qrupu – fars, tacik, əfqan və s. Göründüyü kimi, qrupdaxili dillər bir-birinə daha yaxındır. Məsələn, ingilisin almanla fransızı və ya fransızın ispanla ingilisi anlama dərəcəsində çox fərq var. Eyni modellə türk dil ailəsinin də budaqları var: oğuz qrupu – türkmən, Azərbaycan, Türkiyə türkcələri; qıpçaq qrupu – tatar, qazax, qırğız türkcələri, karluq – özbək, uyğur türkcələri. Ümumiyyətlə, türkcələrin bütöv ailədaxili anlaşması olsa da (çuvaş, yakut-saxa türkcələri istisna olmaqla), eyni qrupdan olan türkcələrdə anlaşma daha sərbəstdir.
Eyni zamanda türk dil ailəsinin də uzaq qohumları var və bunlar da nisbətən uzaq (monqol dili) və daha uzaq (yapon dili) qohumlardır. Hətta dil ailələri ilə insan ailələri arasında başqa bir oxşarlıq da var. Elə insanlar var ki, sonsuz olur, törəməsiz qalır. Məsələn, erməni dili belədir: hind-Avropa ailəsində heç bir dillə, heç bir dil qrupu ilə yaxın qohumluğu yoxdur. Beləliklə, bir ana dil əsasında dil ailəsinin yaranması və onun tərkibindəki dillərin getdikcə ana dildən və eləcə də tədricən törəyən başqa qohum dillərdən fərqlərinin artması ictimai-tarixi-təbii hadisədir, elmin qəbul və təsdiq etdiyi faktdır.
Dillərin ayrılması və getdikcə uzaqlaşması dilin inkişaf qanunudur, zərərli, ziyanverici hadisə deyil. Almas Yıldırımın bu sözləri, əlbəttə, emosiyadır, duyğulu bir narahatlıqdır: «Türk elləri bir-birinə yadlanır, Qazax, qırğız, türkmən, özbək adlanır…» Bu, antitarixi bir emosiyadır. Təsəvvür edək ki, ana türkcə türkün yaratdığı, mükəmməl tikilmiş bir sütunlu gözəl memarlıq abidəsidir. Bu gün o, çoxsütunlu möhtəşəm bir binaya çevrilib; Türkiyə sütunu (Türkiyə türkcəsi), Azərbaycan sütunu (Azər bay – can türkcəsi), Özbəkistan sütunu (özbək türkcəsi), Qazaxıstan sütunu (qazax türkcəsi), Türkmənistan sütunu (türkmən türkcəsi), 7 Qırğızıstan sütunu (qırğız türkcəsi), Tatarıstan // Bulqarıstan sütunu (Qazan türkcəsi) və daha başqa zərif sütunlar (gələcəkdə yetkin ədəbi türkcələrə çevrilə bilərlər). Burada əndişəli nə var ki?! Ana türkcə dünya dövlətləri sistemində yeri olan, sayılan, qəbul edilən Türküstan dövlətlərinin (Turan dünyasının) dövlət dilləri səviyyəsinə yetib. Bu yerdə Almas Yıldırımın son sual nidası haqqında düşünmək olar ki, o, kədərlə deyir: «Nerdə qopuz, nerdə qırıq kaman hey… Nerdə böyük vətən, nerdə Turan hey…» Əslində, mətləb Böyük vətənin – Turanın əlaqəsizliyindən şi – kayətlənməkdir; türkün müxtəlif adlarla yaşaması səbəb deyil, Oğuz xanın da oğullarından hərəsinin bir adı vardı.
Ancaq bunlar bir ailənin oğulları idilər. İndi ayrı düşmüş bu oğulların bir-birinə əl verməsi vaxtıdır. Bəli, indi tarix gözəl bir şans verib ki, müstəqil türk dövlətləri bir-biri ilə səmimi əlaqə qura bilər, Turan deyilən əfsanəvi anlayış gerçəkliyə dönər, türkcələrin simfonik səslənməsi yaranar və bu simfoniyanın solo paraleli – Türkiyə türkcəsi öz möhtəşəm səsini ona qoşar. Türk dil ailəsini başqa dil ailələrindən fərqləndirən buradakı ailədaxili anlaşma faktıdır. Türkcələrin bir-birini anlama dərəcəsində yaxınlığı dünya dillərinin ailə quruculuğu tarixində xüsusi haldır (kitabda bu haqda söhbət gedəcək). Ancaq bu anlaşma qismən anlaşmadır; ideya da bundan ibarətdir ki, bu qismən anlaşma bazasında bir ümumi, ortaq dil yaradılsın.
Bu yaradılış necə ola bilər? Bu birləşmə tayfa dillərində olub – tayfalar birləşib xalq birliyinə və tayfa dilləri birləşib xalq dilinə çevrilib. İndi xalq türkcələri, milli türkcələr necə birləşə bilər – hamısı aşağıyuxarı eyni səviyyədə türkcələrdir. Hətta bir anlığa belə bir əsassız fərziyə etsək ki, Turan imperiyası yaradılsa, bütün türk xalqları – ulusları bir dövlətdə birləşsə, yenə mövcud xalq türkcələri birləşə bilməz. O halda bu türkcələrdən biri dövlət dili olacaq, hər ulus öz ailəsində, öz coğrafiyasında özünün dilində danışacaq və bununla yanaşı, dövlət dilini də öyrənib ümumi ünsiyyət üçün onu işlədəcək. Bu, dialektlərdən birinin ədəbi dilin əsasında durması, yaxud bir dövlətin tərkibində azsaylı xalqların öz dilini saxlamaqla dövlət dilini də bilməsi, onunla ölkədəki bütün etnik qruplarla ünsiyyətdə olması kimi bir hadisə olur. Deməli: imperiya yaradılması boş xəyal olduğu kimi, həmin yolla ümumi dil yaratmaq da bir heçdir.
“Türklər üçün ortaq ünsiyyət dili” kitabı, Bakı 2013