Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində ədiblərimizin əsərlərini gürcü dilinə tərcümə edən şair və araşdırmaçı Akaki Seretelinin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Akaki Seretelinin yalnız Gürcüstan deyil, bütövlükdə Cənubi Qafqaz mədəniyyətinə böyük töhfələr verdiyini vurğulayıblar. Sereteli dostluq və əməkdaşlığın simvolu olaraq Azərbaycan ədəbiyyatına da xüsusi maraq göstərmişdir. O, M.F.Axundzadənin, M.Şəfi Vazehin və digər yazıçı və şairlərimizin əsərlərini gürcü dilinə tərcümə edib. Onun tərcümələrində həmin əsərlərin mahiyyəti, milliliyi və məğzi dəyişməyib.
Bildirilib ki, A.Sereteli görkəmli azərbaycanlı dramaturq Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini gürcü dilinə tərcümə edərək iki xalq arasında mədəni əlaqələrin inkişafına töhfə verib. Onun tərcümə etdiyi bu əsər əsasında tamaşa hazırlanır.
Azərbaycan Mədəniyyəti Mərkəzinin direktor müavini Leyla Əliyeva bildirib ki, Akaki Sereteli və Mirzə Fətəli Axundzadə arasında yaranan bu simvolik mədəni körpü bizə bir daha mədəniyyətin sərhəd tanımadığını göstərir. Belə tədbirlər xalqlarımız arasındakı dostluğu daha da gücləndirir.
Tədbir çərçivəsində A.Tseretelinin həyat və yaradıcılığı barədə fotoslaydlar vəsitəsilə gənclərə ətraflı məlumat verilib.
Qeyd edək ki, XIX əsr Gürcü milli hərəkatının önəmli simalarından olan Akaki Tsereteli təkcə şair və yazıçı deyil, həm də maarifçilik ideyalarının təşviqi ilə məşhur olub.