Qəzənfər KAZIMOV, professor
Daim belə bir paradoks müşahidə olunur: cümləni bu qədər mübtəda və xəbərə ayırmağın, heç bir praktik əhəmiyyəti olmayan, insanın maddi-mə’nəvi inkişafında elə bir əməli rolu olmayan baş və ikinci dərəcəli üzvlər bölgüsünün yaradılması və ikinci sinifdən başlayaraq şagirdlərə öyrədilməsi hansı zəruri amillərlə bağlıdır? İnsan bunun faydasını harada, nə zaman görməlidir?
Nitqin kommunikativ funksiyası nəzərə alındıqda paradokslar aradan qalxır, dilin bütün elementləri hərəkətə gəlir və öz əhəmiyyətini göstərir.
Son tədqiqatlar göstərir ki, dilçilərin dil sisteminin sintaktik layını iki yarusa – potensial (sintaktik) və aktual (suprasintaktik) yaruslara ayırmaları, aktual sintaksisi ayrıca bir səviyyə kimi nəzərdə tutmaları təsadüfi deyildir. Bu cəhətləri əsas götürdükdə aydın olur ki, dilçilik elmi yaxın vaxtlara qədər başlıca olaraq dilimizin potensial imkanlarının tədqiqi ilə məşğul olmuş, yalnız son 20-30 ildə Ə. Cavadov, Ə. Xəlilov, K. Abdullayev, K.Vəliyev, F.Əlizadə, N.Novruzova, Ə.Abdullayev, Q.Bəyzadə və başqaları bu sahəyə diqqət yetirmişlər. Halbuki alimlərin araşdırmaları göstərir ki, suprasintaktik səviyyənin, aktual səviyyənin öyrənilməsi çox vacibdir və yalnız bu yolla dilimizin kommunikativlik imkanlarını, dialoji və monoloji nitqin nə üçün bu və ya digər şəkildə qurulduğunu müəyyənləşdirmək mümkündür.
Dilçilik tədqiqatından mə’lumdur ki, bu məsələ yeni dövrdə sistemli şəkildə fransız alimi A.Veyli düşündürmüş, o, 1844-cü ildə hazırladığı “Qədim dillərdə söz sırası (müasir dillərlə müqayisədə)” adlı doktorluq dissertasiyasında bu sahədə özünə qədər meydana çıxan fikirləri ümumiləşdirmiş və bir sıra maraqlı nəticələrə gəlmişdir. A.Veyl danışan və dinləyən üçün daha maraqlı fikirlərin cümlənin əvvəlində, ikinci dərəcəli fikirlərin cümlənin sonunda gəlməsi barədə iddiaları rədd edərək, normal nitqdə əvvəlcə söyləmin çıxış nöqtəsinin, sonra əsas məqsədin işləndiyini isbat etmişdir. Bu nəzəriyyənin əsasında cümlənin aktual üzvlənməsi durur.
Çex dilçisi V.Matezius aktual üzvlənmə problemini linqvistik zəminə qaldırmışdır. O, söyləmin kommunikativ funksiyasını ön plana çəkməklə aktual üzvlənmə barədə müasir tə`limin yaradıcısı kimi şöhrət tapmışdır. V.Matezius aktual üzvlənmənin dil hadisəsi olduğunu sübut etməklə, cümlənin qrammatik üzvlənməsi ilə söyləmin aktual üzvlənməsinin oxşar və fərqli cəhətlərini aşkar etmiş, onların bir çox hallarda qarşı-qarşıya durduğunu izah etmişdir.12
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, hər bir cümlə az-çox bitmiş fikir ifadə etsə də, onun ifadə etdiyi fikir bitkinliyi nisbi xarakter daşıyır. Cümlə yalnız mətn şəraitində bütün struktur-semantik xüsusiyyətlərini üzə çıxara bilir. Müəyyən fikir ətrafında cümlələrin əlaqəli birliyi mətnin yaranmasına səbəb olur. Mətnin təşkili, qurulması əlaqəli cümlələrdə aktual üzvlənmənin gedişi ilə bağlıdır.
Mətn daxilində söyləmlər arasında sintaqmatik və paradiqmatik bağlılıq olur. Sintaqmatik bağlılıq söyləmlərin ardıcıl düzülüşü ilə yaranır. Paradiqmatik əlaqə semantik bağlılıq və intonasiya ilə formalaşır. Söyləmlər arasında fərq mətndə reallaşan ümumi fikrin hər bir söyləmdəki semantik həcmi, tutumu ilə bağlı olur. Bu isə hər bir söyləmdə tema və remanın gedişindən – nəyi nə nisbətdə əhatə etməsindən asılıdır.
Mətn komponentlərinin aktual üzvlənməsi, yə`ni tema – rema əvəzlənməsi mətnin semantikasının öyrənilməsində böyük rola malikdir. Tema cümlələr arasında semantik bağlılıq yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan sonrakı cümlədə müəyyənləşir. Bu ardıcıllıqda hər bir cümlədə verilən yeni informasiya remanı təşkil edir.
Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və intonasiyadır. Ədəbi dil normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra işlənir; temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə, nisbətən aşağı tonda tələffüz edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, mətn daxilindəki söyləmlərin də hamısı mətndən eyni dərəcədə asılı olmur. Bə`zi söyləmlərdə müstəqillik, bə`zilərində asılılıq çox olur. Dilçilər müstəqilliyi çox olan söyləmləri paradiqmatik cəhətdən güclü, sintaqmatik cəhətdən zəif söyləm hesab edirlər. Söyləmin mətndən asılılığı çox olduqda vəziyyət əksinə olur – söyləm paradiqmatik cəhətdən zəif, sintaqmatik cəhətdən güclü hesab edilir.
Ədəbi dil normalarına uyğun qurulmuş cümlələrdə mübtəda (və ya mübtəda zonası) temadan, xəbər (və ya xəbər zonası) remadan ibarət olur. Yə`ni mübtəda zonası “mə`lum olan”ı, xəbər zonası “yeni”ni bildirir.Tema danışana və dinləyənə mə`lum olanı, söhbətin predmetini ifadə edir.
Mətnin qurulma texnikası belədir ki, hər bir nitq aktı temadan remaya doğru irəliləyir, çünki danışıqda, yazıda məqsəd tema deyil və qeyd etdiyimiz kimi, tema danışana da, dinləyənə də mə`lumdur. Əsl məqsəd temanı nəzərə çarpdırmaqla həmin tema haqqında yeni mə`lumat verməkdir. Yeni mə`lumat cümlənin kommunikativ əsasıdır, nüvəsidir, məqsəd onu çatdırmaqdır. R e m a (“predikat” deməkdir) adlanan bu hissə fikrin inkişafına, irəliləməsinə, dərinləşməsinə, dinləyicinin, oxucunun yeni mə`lumatla tə`min edilməsinə səbəb olur və nəticədə temanın situasiyadan, danışanın, yazanın məqsədindən asılı olaraq, yeni əlamətləri açılmış olur.
Mətndə tək-tək cümlələrin, tək-tək söyləmlərin teması ilə sintaktik bütövün ümumi mikrotemasını eyniləşdirmək olmaz. Hər bir cümlənin teması, demək olar ki, həmin cümlənin özündə açıqlanır, onun öz reması vasitəsilə şərh olunur. Mətnin mikroteması isə bu cür əlaqəli bir sıra cümlələrin birliyi əsasında izah olunur. Mikrotema tam şərh olunduqda bir sintaktik bütöv yaranmış, başa çatmış olur. Məsələn:
Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. Başı kəllə qəndə oxşayırdı. Aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng, ağsaqqallı bu zirvə Savalan dağı idi. (F.Kərimzadə)
Bu mətnin hər bir cümləsinin teması və reması vardır. Birinci cümlə giriş cümlədir. Həmin cümlədə üstü meşə ilə örtülü təpə, dağ təsvir edilir. Bu dağın quruluşu, başqa əlamətləri haqqında heç bir şey deyilmir. Cümlənin teması meşəli təpələr, dağlar, reması görünürdü sözüdür. İkinci cümlədə mə`lum olana (üzəri meşə ilə örtülü dağ) əsasən yeni bir əlamət qeyd edilir: meşəli dağın yuxarısında zirvə. Zirvə artıq “mə`lum”dur – temadır. Ona görə də üçüncü cümlədə həmin zirvə haqqında yeni mə`lumat verilir: (zirvənin) başı kəllə qəndə oxşayır. Dördüncü cümlədə yenə bu zirvə-tema ilə bağlı əlavə mə`lumat verilir: (zirvədən) aşağı endikcə qarlı şırımlar açılır. Nəhayət, son cümlədə zirvə haqqında mə`lumat yekunlaşdırılır: Zirvə – Savalan dağı idi. Bu mətnin mikroteması “Zirvə”dir. İlk cümlədən başlayaraq davam edən tema – rema əvəzlənməsi mikrotemanın şərhini başa çatdırır. Bu cəhətləri nəzərdə tutaraq dilçilər qeyd edirlər ki, hər bir mikrotemada qeyri-müəyyənlikdən müəyyənliyə doğru inkişaf olur. Tematik inkişaf (proqressiya) bu cür yaranır. Sintaktik bütöv daxilində tema-rema əvəzlənməsi mikrotemanı başa çatdırdığı kimi, müxtəlif sintaktik bütövlər də bir-biri ilə bağlanaraq iri mətnləri – makrotemaları yaradır. Mikrotemaların bir-biri ilə bu cür əlaqəsi sintaktik bütövlərin inteqrasiyasına səbəb olur.
Mətnin təhlilindən belə bir nəticəyə gəlmək olur ki, sintaktik bütövləri təşkil edən cümlələri üç növə ayırmaq mümkündür:
Giriş cümlələr;
İzahedici cümlələr;
Nəticə cümlələr.
Yuxarıdakı mətndə birinci cümlə “giriş cümlə”, son cümlə “nəticə cümlə”, aradakı üç cümlə “izahedici cümlə”lərdir.
Tema və remanın hər ikisinin və ya bunlardan birinin eksplisit ifadəsi mümkündür. Bu cür hallarda, yəqin ki, remanın ifadəsi vacibdir. Tema isə nəzərdə tutula bilər, mətnin əvvəlki komponentləri əsasında təsəvvür edilə bilər (implisit ifadə tərzi). Bu hal mətndə yarımçıq cümlələrin yaranmasına səbəb olur, nitqin sür`ətliliyini, axıcılığını, fikrin daha tez və asan anlaşılmasını, rasional fikrin daha tez çatdırılmasını tə`min edir. Digər tərəfdən, temanın hər dəfə təkrarı yazılı və ya şifahi nitqi ağırlaşdırmaqla yanaşı, ətalətə, oxucunun kütləşməsinə səbəb olur. Halbuki presuppozisional cəhətlər – bir çox məsələlərin birbaşa deyilməməsi, həmin məsələlərin məntiqi təfəkkürlə bərpasına imkan yaradılması oxucunun özünün də aktuallaşmasına səbəb olur.
Rema vasitəsilə tema – təbiət hadisələri, müxtəlif proseslər, şəxs və əşyalar, ayrı-ayrı faktlar, zaman, məkan, şərait və s. haqqında yeni mə`lumat verilir, müxtəlif məsələlər dəqiqləşdirilir.
Potensial sintaksis ilə aktual sintaksis üzvi şəkildə bağlıdır. Buna görə də qrammatik üzvlənmə ilə aktual üzvlənmə arasında əlaqə və yaxınlıq güclüdür. Qrammatik üzvlənmənin vahidi olan mübtəda ilə xəbər arasında mövcud əlaqə və münasibətlə söyləm vahidi olan tema və rema arasındakı əlaqə və münasibətlər yaxındır. Müxtəsər cüttərkibli cümlələrdə mübtəda temaya, xəbər remaya uyğun gəlir; məsələn: Əhməd d a n ı ş ı r – cümləsində Əhməd tema, danışır remadır. Əgər bu cür cümlələrdə tema və rema yerini dəyişsə (Danışır Ə h m ə d. ), qrammatik və aktual üzvlənmə uyğun gəlməz: danışır – tema, Əhməd – rema olacaqdır, lakin həmin sözlərin əvvəlki qrammatik funksiyası qalacaqdır: danışır – xəbər, Əhməd – mübtəda.
Geniş cümlələrdə qrammatik və aktual üzvlənmənin münasibətləri daha mürəkkəb olur. Cümlənin beş üzvü vardır və geniş cümlələrdə qrammatik üzvlənmə həmin beş üzvün müəyyənləşdirilməsini tələb edir. Aktual üzvlənmədə isə söyləm hökmün üzvlərinə – subyekt və predikata müvafiq olaraq iki üzvə – tema və remaya ayrılır. Bu cür hallarda tema mübtəda zonasına, rema xəbər zonasına uyğun ola bilir. Lakin geniş cümlələrdə qrammatik və aktual münasibətlərin müəyyənləşdirilməsində hələ dəqiqləşdirilməli məsələlər çoxdur.
Hər bir cümlə, məntiqi vurğunun hansı sözün üzərinə düşməsindən asılı olmayaraq, qrammatik cəhətdən eyni cür üzvlənir; məsələn: Mən bu gün yataqxanada növbətçi idim – cümləsində məntiqi vurğu məqsəddən asılı olaraq, ayrılıqda bütün sözlərin üzərinə düşə bilər: M ə n bu gün yataqxanada növbətçi idim. Mən b u g ü n yataqxanada növbətçi idim. Mən bu gün y a t a q x a n a d a növbətçi idi. Mən bu gün yataqxanada n ö v b ə t ç i i d i m. Lakin bütün dəyişmələrə baxmayaraq, bu cümlə qrammatik sintaksisdə mübtəda, zaman zərfliyi, yer zərfliyi və xəbərdən ibarət olacaqdır. Aktual üzvlənməyə gəldikdə, vəziyyət tamamilə başqadır: məntiqi vurğunun hansı sözün üzərinə düşməsindən asılı olaraq, müxtəlif hökmlər ifadə olunur və nəticədə tema ilə remanın yeri də dəyişir, qrammatik və aktual üzvlənmədə kəskin fərq əmələ gəlir. Bu cür hallarda aktual üzvlənmə qrammatik üzvlənməyə mane olmur, əksinə, onun dil materialına əsaslanır. Dilçilərin fikrincə, qrammatik üzvlənmə cümlənin dil, aktual üzvlənmə nitq semantikasına daxildir.
Yazılı mətnin ayrı-ayrı cümlələrinin aktual üzvlənmə baxımından necə üzvləndiyini mətnin ümumi intonasiyası ilə müəyyənləşdirmək olur. Şifahi nitqdə isə aktual üzvlənmə hər bir cümlənin öz intonasiyasından aydın olur. Lakin qrammatik üzvlənmənin intonasiya ilə bu cür əlaqəsi yoxdur.
Sintaktik vahidlərin sadədən mürəkkəbə düzülüşü cərgəsində cümlə mərkəzi mövqe tutur, lakin öz quruluş xüsusiyyətləri ilə fərqlənərək söz birləşməsi ilə sintaktik bütövlər arasında bir neçə şəkildə özünü göstərir. Aktual üzvlənmə məqsədli nitqin analizi üçün nə qədər böyük rola malik olsa da, onun rolunu həddən artıq şişirtmək, cümlənin rolunu nisbi bitmiş fikir ifadəsi vasitəsi kimi heçə endirmək olmaz. Cümlə – cümlədir, mətnin əsas vahididir.
Mətn sintaksisinin rolunu şişirtməklə tabesiz mürəkkəb cümlələri də inkar etmək olmaz: “…mətn sintaksisi mürəkkəb cümlənin ən`ənəvi təsnifatını inkar edərək “tabesiz mürəkkəb cümlə”ni şübhə altına almış oldu. Bu istiqamətdə aparılan tədqiqat, ümumiyyətlə, belə bir terminin – bölümün əsassızlığını sübut edərək “tabesiz mürəkkəb cümlə” ilə sintaktik bütöv və ya “period” arasında müəyyən bir oxşarlığın olması nəticəsinə gətirib çıxartdı”.13 Tabesiz mürəkkəb cümlələrin bir qismi həcminə, fikir tutumuna görə sintaktik bütövə və ya perioda uyğun gələ bilər, lakin bu onun (tabesiz mürəkkəb cümlənin) varlığını inkar edə bilməz. Bütün dilçilikdə sübut olunmuşdur ki, tarixən tabeli mürəkkəb cümlələrin bir qismi hər bir dildə tabesiz mürəkkəb cümlələrdən əmələ gəlir. Tabesiz mürəkkəb cümlələrin inkaredilməz qarışıq tipi də vardır. Tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini əlaqələndirən vasitələr vardır – intonasiya, bağlayıcılar, zaman uyuşmaları, ellipsis, paralellik, ortaq sözlər, determinantlar və s. Lalə çiçəklərin ətrini sinəsinə çəkdikcə yarası sağalır, ayrılığın acıları canından çıxırdı (Ə. Vəliyev) – cümləsində axırıncı komponentdən (ayrılığın acıları canından çıxırdı) əvvəl nöqtə ilə durğu qapanması müəllif istəyini indiki şəkildə ifadə edə bilməz.14
Bunlar göstərir ki, tabesiz mürəkkəb cümlə strukturu mövcuddur və onu sintaktik bütövlərə qurban vermək olmaz. Bu ayrı məsələdir ki, bə`zi dilçilərin fikrincə, “mətn nəzəriyyəsində cümlənin qrammatik quruluşu o qədər də vacib deyildir”.15 Bu ona işarə edir ki, sintaktik bütöv qarışıq tipli tabesiz və tabeli mürəkkəb cümlələrlə də ifadə oluna bilər.
Aktual üzvlənmə və mətn sintaksisinin öyrənilməsi həm mətnin konkret kəsiyində, həm də onun bütün təşkili ərzində “mə`lum”un və “yeni”nin vəziyyətini, mətnin digər linqvistik əlamətlərini araşdırmağa, xüsusiləşmə, parselyasiya, referensiya, ellipsis və yarımçıq cümlə kimi mühüm sintaktik hadisələrin, bədii əsərlərin müəllif və janr xüsusiyyətlərinin, funksional üslubların ən səciyyəvi əlamətlərini öyrənməyə kömək edir.