Ukrayna Ali Radası Donetsk və Luqanskdakı qondarma rejimlərin tanınmaması ilə bağlı BMT, Avropa Şurası, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA), ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası, eləcə də dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə çağırış edən qətnamə qəbul edib.
APA-nın “Ukrinform”a istinadən xəbərinə görə, parlamentin 331 deputatı sənədin lehinə səs verib.
Ali Radanın müraciət mətnində Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyinin tanınması ilə bağlı istənilən səyləri qəti şəkildə qınanılıb.
Ukrayna parlamenti, eyni zamanda, beynəlxalq ictimaiyyəti Rusiya Federasiyasının mümkün qərarını tanımamağa çağırıb.
Ali Rada beynəlxalq təşkilatlara dair Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və ərazi bütövlüyünü pozmağa yönəlmiş hər hansı addımını qınamağa, ölkələrin ərazi bütövlüyünü dəstəkləməyə çağırış edib.