- Mədəniyyət

Alıcı QR kod vasitəsilə hər bir xalça haqqında bütün məlumatları əldə edə bilər

Xalçaların keyfiyyətinin yüksəldilməsi üçün atılan addımlardan biri də müəssisədə yeni strukturun – keyfiyyətə nəzarət qrupunun formalaşdırılmasıdır. Qrup birbaşa müəssisələrdə istehsal prosesində keyfiyyətə xəta yetirən hər hansı bir qüsurun yerindəcə aradan qaldırılması ilə yanaşı, hazır məhsul anbara daxil olmamışdan qabaq da istənilən xətanı görüb tədbirini görür.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayeva deyib.

“Keyfiyyətə nəzarət qrupu yüksək keyfiyyətli texnoloqlar, toxucu və ekspertlərdən ibarətdir. Texnoloqlar keyfiyyətə, iplərin dövriyyəyə buraxılmasına, xammalın hərəkətinə xüsusi diqqət yetirir. Bu proses izafi xammalın yerlərdə, anbarlarda toplanıb qalmasının da qarşısını alır. Əvvəlki xalçalara nisbətdə hazırkılar daha keyfiyyətlidir. Biz qarşımıza məqsəd qoymuşuq ki, yüksək keyfiyyətli məhsulların ümumi payı 90 faizi aşsın”, – deyə X.Abdullayeva bildirib.

Mətbuat katibi həmçinin deyib ki, satılan hər bir xalçaya yapışdırılmış QR kod vasitəsilə alıcı məhsul haqqında bütün məlumatları – xalçanın adı, növü, hansı materialdan toxunduğu, ölçüsü, toxunma yeri və tarixi, hansı toxucu tərəfindən toxunduğu və xalçanın orijinal olduğunu öyrənə bilər.