- Cəmiyyət, Köşə

Allaha məktublar

Gülnarə RƏFİQ

Balaca adamların Yaradana müraciəti

 Doğuldum, ətrafıma baxdım, dünya artıq qəddar və qəzəbli idi.

«Uşaqlar Allaha məktub yazır» kitabından

Müqəddəs kitablar deyir ki, uşaqlar Allahı görür və eşidir. Amerika yazıçısı Nil Donald Uolşun «Allahla söhbət» kitabı bu sahədə olan məhdudiyyətləri sanki aradan qaldırdı. Guya ki, ya da həqiqətən Allahla söhbətləşən yazıçı əslində sualı öz şüuraltına verirdi. Onun əli cavabı qeyri iradi şəkildə yazı yazırdı. Həmin bu qəribə söhbətləri qələmə alıb sonra kitab şəklində çap edəndən sonra insanların şüurunda sanki bir dəyişiklik yarandı. Onlara elə gəldi ki, hər kəs birbaşa Allahla danışa və ona suallarını verə bilər. Uolş həyatının ən çətin anlarından birində əllərini göyə açıb Allaha müraciət etdi və cavabını eşitdi. Bu günə qədər hələ ki, yazmağı da fərli başlı bilməyən Uolş eşitdiklərini yazdıqca onlarla kitablar yarandı. Hazırda bu kitablar ən oxunaqlı kitablar sırasındadı və dünyanın 28 dilinə tərcümə edilib. Bu kitabları oxuyanda yumor hissi olan, heç nəyi qadağa etməyən, heç kəsi cəzalandırmayan Tanrı obrazı yarandı. Kitabda deyilir: «Bəlkə də hər kəs özüylə tək qalanda Allahla söhbətləşir. Amma bu söhbət adətən birtərəfli olur. Ürəyindən keçirdiyin sualın cavabı ola bilər ki, həmən dəqiqə olmasa da az sonra təsadüfən eşitdiyin mahnının sözlərindən, baxdığın filmdən, dinlədiyin məruzədən, küçədən keçən birisinin nitqindən gələcək. Onda sən başa düşəcəksən ki, biz bu yolla danışırıq, onda hətta dostlaşa da bilərik». Ola bilər ki, Uolşun təcrübəsi insanları birbaşa Allaha müraciət etməyə ilhamlandırdı.

Uşağın qəlbi təmiz və pak olduğundan ordan gələn suallar da Tanrıya daha yaxındır. Belə ki, amerikalı yazıçı Stüart Xempli amerikalı uşaqların Allaha müraciətini toplayıb kitab şəklində çap etdirmişdi. Bu kitabdan ruhlanan rus yazıçısı Mixail Dımov da uşaqların nə düşündüyü ilə maraqlanmaq qərarına gəldi. Dımov uşaqlara cəmi 3 sual verdi: «Allahdan nəyi soruşardız?», «Allahdan nəyi xahiş edərdiz?», «Allaha nəyi danışmaq istərdiz?». Bu suallara uyğun olaraq uşaqlar fikirlərini yazdılar. Bəzən valideynindən elementar şeyləri soruşmağa ürək etməyən balacalar Allaha müraciətin formalarını sanki anadangəlmə bilirdilər.

Bu yazının yazılması təsadüfi deyil. Onun qəhrəmanları ətrafımızdadı. Onların heç xəbəri yoxdu ki, həyatımızın güzgüsü, kamertonudurlar. Onların öz aləmi var. Biz böyüklər bu qeyri-adi aləmdən uzaqlaşaraq bəzən heç geri də baxmırıq. Uzaqlaşdışca uşaqlıq adlı ölkənin dilini unuduruq. Uşaqlarımızsa xeyirxahlıq, şər, insan ləyaqəti, vicdan, şərəfsizlik barədə öz təsəvvürləriylə yaşayır. Bu yazıda Amerikalı yazıçı Stüart Xemplinin «Allaha məktublar» və M. Dımovun «Uşaqlar allaha məktub yazır» kitabından nümunələr gətirilib.

Müraciətlər dəhşətli dərəcədə maraqlıdır. Bir iki cümlədə bildiklərini ifadə etmək hər yazıçının da işi deyil. Amma uşaqlarda alınır. Yəqin ki, mən Allahdan soruşmalı olsaydım deyərdim ki, bu cür istedadlı, bacarıqlı və ağıllı uşaqlar böyüyəndə hara yoxa çıxır?

Onlar arasında alturistlər də az deyil:

– Salam, Tanrı. Sənə orda yaxşıdı? (1-ci sinif)

– Bəlkə səninçün oralarda kədərlidir? (1-ci sinif)

– İlahi, xahiş edirəm, ölmə! Onda yer üzündə nələr olacaq… (2-ci sinif)

– Məni oğulluğa götürsən qocalanda mən Sənə heç olmasa bir stəkan su verərəm. (2-ci sinif)

Gələcəyin şairləri o saat bilinir:

– Külək hara üfürür (1-ci sinif)

– Əgər göy mas-mavidirsə deməli sənin əhvalın bu gün yaxşıdı, eləmi? (3-cü sinif)

– Zaman hara gedir, böyüklərin saçının ağına çevrilir? (3-cü sinif)

– İnsanlar Yer üzündə bu qədər əzab çəkir, yəni cəhənnəmdə bundan da pis olacaq? (4-cü sinif)

– Axı niyə yazda, sən göydə ulduz və ayı yandıranda, Yerdə ilıq külək əsəndə və ətraf sakitçilik olanda mənim ağlamağım gəlir? (2-ci sinif)

 – Gün necə ölür? Qocalıqdan? (3-cü sinif)

Filosofların məntiqinə bax!

– Oxumuşam ki, İsus yəhudidir. Axı o sənin oğlundursa deməli Sən də yəhudisən? (1-ci sinif)

– Əgər sən qiyamət günü qoparsan və hamını öldürsən kim sənə dua edər axı? (4-cü sinif)

– Yaxşı insanlara nəyə görə cəzalandırırsan? (3-cü sinif)

– Əgər biz hamımız bacı və qardaşıqsa niyə insanlar evlənir? (4-cü sinif)

Demokratiyanın nə olduğunu yəqin onlardan öyrənməliyik:

– Mən başa düşürəm ki, Sən göydə yaşasan da yer üzündə ən birincisən. Səni təkrar seçə bilərlər? (1-ci sinif)

– Mənim günahlarımın bağışlanması üçün əvvəlcə günah işlətməliyəm? (1-ci sinif)

– De görüm insanı kim yaradıb, Sən yoxsa əmək? (3-cü sinif)

– Biz sənin oyuncaqlarınıq? (2-ci sinif)

Aqnostiklər:

– Düzün desəm Sənə inanmıram. De görüm, insanlar Səni niyə görmür axı? (2-ci sinif)

– Yer üzündə baş verənləri  heç bəyənirsən? (3-cü sinif)

– Katoliklərin bir allahı var, müsəlmanların başqa. Üçüncü yəhudilərin, dördüncü lüteranların, beşinci pravoslavların… Siz orda nə qədərsiz axı? (4-cü sinif)

Humanistlər:

– İlahi, adamlarla belə rəftar eləməyi kim sənə öyrədib axı? (3-cü sinif)

– Niyə bizim yaralarımız sağalır səninkilərsə yox? (4-cü sinif)

– Hamı cənnətə düşsə yer bəs edər? (3-cü sinif)

– İstəyirəm, sən mənimlə fəxr edəsən. Mənim buna ehtiyacım var. (4-cü sinif)

– Bəs ateistlər səndən nəsə umurlar? (3-cü sinif)

– Yaxşı, birdən mən cəhənnəmə düşərəm, onda sən uzaqdan durub baxacaqsan ki, məni necə incidirlər? (3-cü sinif)

– Elə et ki, doğulanda adama ehtiyat hissələr də verilsin: ayaqlar, əllər, cinsi orqanlar və başqa vacib detallar. (3-cü sinif)

– Düşmənlərimə düşmənlərini bağışlamağı öyrət. (4-cü sinif)

– Xahiş edirəm, Günəşi yandır, yoxsa evdə nənəm üşüyür. (3-cü sinif)

Tədqiqatçılar:

– Əvvəllər uşağı kişilər doğurdu, Həvvanın Adəmin qabırğasından əmələ gəlməsini xatırla. Bu sənə xoş gəlmədi ona görə də bu ağır işi qadınların boynuna yıxdın? (4-cü sinif)

 – Mən təkamülü belə başa düşürəm ki, əvvəl Sən Adəm və Həvvanı yaratdın. Sonrakı insanlarsa meymundan əmələ gəldi? (3-cü sinif)

– Eramızdan əvvəli Sən necə planlaşdırırdın? (1-ci sinif)

– Qabaqcadan bilmək istərdim, bizimçün nə hazırlamısan? Yer odda yanacaq, yoxsa su basacaq? (4-cü sinif)

– Sən havanın direktorusan? (2-ci sinif)

– Səni kitablarda hərə bir cür təsvir edir. Şəklini hardan tapmaq olar, lap eramızdan çox-çox əvvəlin, ya da nuh əyyamından qalmış olsun? (3-cü sinif)

Praqmatiklər:

– Necə bilirsən «İsus xətrinə sədəqə verin», yoxsa «Allah xətrinə sədəqə verin» daha yazıq səslənər? (3-cü sinif)

– Kilsədə şamlar satırlar, bu da sənin biznesindir? (2-ci sinif)

– Ay Allah, bazar gününə qədər 3 dolları 6 dollara çevirməkçün ideya yolla. Amma onu kimdənsə borc almaq fikrini göndərmə. Çünki bu fikri artıq keçən həftə 3 dolları yığmamışdan əvvəl göndərmişdin. (4-cü sinif)

–  Mənə bir kisə pul göndərsəydin elə yaxşı olardı. Özün deyirdin ki, yaxınlarınızı sevin, min qatına özünüzə qayıdacaq. İndi özün hesabla, bir kisə qızıldan nə qədər qazanardın? (4-cü sinif)

– Mən səni ilk dəfə görəndə heç nə istəməyəcəm. Sənsə «necə də təvazökar oğlandı» deyib mənə mersedes bağışlayacaqsan. (4-cü sinif)

Əbədi sevgililər:

– Hansı məqamdan adam böyümüş sayılır, iynədən qorxmayandan, yoxsa parta yoldaşını sevməyə başlayandan? (3-cü sinif)

– «Snikers»dən bir dişdəm vurmağa icazə verdisə bu məhəbbətdir? (2-ci sinif)

– Gəl səninlə kişi söhbəti edək. Bəyəm sənin də o qızdan xoşun gəlir? Özün bilirsən kimi deyirəm. Əgər elə deyilsə niyə elə etdin ki, mən bütün günü ona baxıram. Əgər onu bəyənirsənsə axı niyə o da həmişə mənə baxır? (4-cü sinif)

– Niyə kimisə sevirsənsə hər şey, hətta qayğanaq da xoşuna gəlir? (2-ci sinif)

– De görüm mən hələ nə qədər sevgidə səhv edəcəm. Artıq 3 dəfə oxum daşa dəyib? (2-ci sinif)

– Natalya Nikolayevnaya olan cazibəmi ram etməyə mənə kömək et. Axı o, qocadır. (2-ci sinif)

Anadangəlmə intellegent:

-Olarmı ki, bütün insanları ədəbli edəsən, yoxsa onlarla danışmaq elə çətin olur ki? (3-cü sinif)

– Səni öz ad günümə dəvət edirəm. Pulun yoxdusa hədiyyəsiz də gələ bilərsən (2-ci sinif)

Onlar arasında bədbəxt uşaqlar da var. Onların arzusunu təkrarlamağa adamın bəzən dili gəlmir:

– İlahi, indiyədək etdiklərinə görə sənə çox minnətdaram. Amma indi köməyinə ehtiyacım var. Mənim atamı heç nə üstündə türməyə salıblar, artıq 8 aydı yatır. Mən daima onu gözləyirəm. İmkanım olsaydı onu azadlığa çıxarardım. Xahiş edirəm mənə kömək et. Bu mənim ən böyük arzumdu. Sonra səni heç vaxt narahat etməyəcəm, hətta ölməli olsam da. (4-cü sinif)

– İnsanları günahlardan yox, tənhalıqdan xilas et. (3-cü sinif)

– Bilirsən, kasıb olmaq elə utanclıdır ki? (4-cü sinif)

– Elə et ki, atam və anam barışsın. Onda mən siqaret çəkməyi ataram. (3-cü sinif)

– Məktubu Sənə internatdan yazıram. Bilirsən, İnternat elə yerdi ki, valideynlər özlərini pis aparanda uşaqlarını ora salırlar. (4-cü sinif)

Bu günün cəngavərləri:

– Əziz Allah, xahiş edirəm elə et ki, nənəmdən başlayaraq fillərə qədər hamı xoşbəxt, tox və razı olsun. (2-ci sinif)

– Allahım, qorxma, mən səninləyəm! (1-ci sinif)

– Bura bax, həyatı bizə valideynlərimiz verir, sənsə alırsan. (2-ci sinif)

– Sən niyə axı insanların gözünə görünməkdən qorxursan? (4-cü sinif)

Onlar etraz etməyə çəkinmirlər:

– Öz aramızdı, Sənə də çox şeyi bağışlayırlar ha… (4-cü sinif)

– Görürsən, Svetanı başqa məktəbə keçirdilər! İndi razı qaldın! Amma mən düz 17 dəfə sənə dua oxudum, kilsədə şam yandırdım, hətta yatmazdan əvvəl dişlərimi sürtdüm. Səninsə vecinə deyil. İndi qal orda, mənsiz! (2-ci sinif)

– Sən Yer üzünü yaradanda bilmirdin ki, belə qalmaqal alınacaq? (4-cü sinif)

– Bizi nəyə görə qocaldırsan? (3-cü sinif)

– Əvvəl insana günah qazanmağa imkan verirsən, sonra onu bağışlayırsan. Belə çıxır ki, sən həmişə xeyirxahsan. Yaman hiyləgərsən ha… (4-cü sinif)

– Boynuna al, hamısı sənin işindir! (4-cü sinif)

– Kim sənin beyninə salıb ki, adamlarla bu cür rəftar edəsən? (3-cü sinif)

– Valideyn iclasında müəllim barəmdə o qədər yaxşı söz dedi ki, elə bil ölmüşəm. (3-cü sinif)

– Mən insanların yox, Sənin yaratdığı Yerə düşmək istəyirəm (4-cü sinif)

– Heç bilirsən ki, bəziləri Səni qorxusundan sevir? (2-ci sinif)

– Anam deyir ki, yuxuda ağlayırdım. Yadında deyil, biz Səninlə nədən danışırdıq? (3-cü sinif)

– Gəl səninlə ölənədək görüşək. (2-ci sinif)

– Mənim itim öləndə xahiş edirəm onu yanına götür. O, sənə dost olar. Tualetə onu saat 7-də çıxararsan. Hər şey yeyir, amma üstünə çığırma, yoxsa dişləyər. (2-ci sinif)

– Mən almanı çox sevirəm. Bu nədi, əcdadlarımın çağırışıdı? (3-cü sinif)

– İnsan yaradanda qabırğanın bura nə dəxli var. Başımızı piyləmə də… (3-cü sinif)

– Yaratdığın çiçəklər insanlardan yaxşı alınıb. (4-cü sinif)

– Bizim parkda ağacların qol-budağını kəsirdilər. Soruşanda mənə dedilər ki, daha yaxşı böyüməsi üçün edilib. İndi mən bərbərə getməsəm, saçımı uzatsam böyüməyəcəm? Heç qocalıb ölməyəcəm də? (3-cü sinif)

– Niyə dilənçilər sədəqəni kilsənin yanında istəyirlər? Sən onları qeydə alırsan, ona görə? (3-cü sinif)

– Niyə axı mən dəcəllik etmək istəyirəm? Mən bu yolla imtahana çəkirsən? (3-cü sinif)

– Həmişə düzgün olmaq zəhləni aparmır? (2-ci sinif)

– Dünən eşitdim ki, qəzetlər ölüb. Sən onun ruhunu cəhənnəmə yollayacaqsan? (4-cü sinif)

– Mən öləndə nə cəhənnəmə, nə də cənnətə düşmək istəmirəm. Mən sənin yanına istəyirəm. (3-cü sinif)

– Ay Allah, məni burdan götür, burda aman darıxdırıcıdır! (2-ci sinif)

– Yerə yenə də oğlunu göndər. Biz onu yenə də çarmıxa çəkərik. (3cü sinif)

– Sənin olduğunu bilən gündən etibarən mən başqasından köçürmürəm. (2-ci sinif)

– Bu nə həyatdı! Valideynlər istəyir ki, onlara tabe olum, müəllimlər də bunu istəyir, lap elə Sən də. Bəs mənə kim sitayiş edəcək? (3-cü sinif)

– Sənə bir sirr açım, tənha qadın görəndə Sənin yerinə o qədər utanıram ki… (4-cü sinif)

– Bu qədər yazıram, amma cavabı gəlmir. Yaman təmbəlsən ha… (2-ci sinif)

***

Uşaqlar bilir ki, yazdıqları məktub ataya, anaya, müəllimlərinə deyil, ən vacib, qüdrətli və hər şeyi anlayanadır. Ona görə də məktubları bu qədər səmimi və sadəlöhvdür. Onların yazılarında gələcəyin şairi, rəssamı, humanisti görünür. Amma uşaqlar böyüyüb humanist, rəssam, şair  olmaya da bilər. Onların öz mahiyyətini tapa bilməməsində biz böyüklər günahkarıq. Əslində bu məktublar  Allaha yox, böyüklərə ünvanlanmalıydı. Allaha ünvanlanan məktubların çatacaq yeri insan qəlbidir. Uşaq müraciətlərini oxuyub gülümsəyin, ağlayın, təəccüblənin. Əgər alındısa deməli qəlbiniz var.