- Mədəniyyət

Almaniyalı alim Azərbaycan Milli Kitabxanasını ziyarət edib

Oktyabrın 19-da Almaniya Bundestaqının sabiq deputatı, professor, əslən İrandan olan Rahim Şmidt Azərbaycan Milli Kitabxanasında olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov kitabxana haqqında məlumatları, kitabxananın fondu, avtomatlaşdırma sistemləri, eləcə də Azərbaycan Milli Kitabxanasının Almaniya Milli Kitabxanası və Berlindəki Humboldt Universiteti Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini qonağın diqqətinə çatdırıb. K.Tahirov bu əməkdaşlığın nəticəsi olaraq Humboldt Universiteti Kitabxanasında Azərbaycana dair daimi guşənin yaradıldığını və həmin guşəyə mütəmadi olaraq yeni ədəbiyyatın göndərildiyini bildirib.

Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Frankfurt şəhərində yerləşən Almaniya Milli Kitabxanası ilə kitab, informasiya sahəsində sıx əməkdaşlıq etdiyini və Milli Kitabxanada alman yazıçılarının, eləcə də alman əlifbasında qədim kitabların mövcudluğu barədə professor Rahim Şmidtə məlumat verib.

Professor Rahim Şmidt ilk öncə Milli Kitabxana rəhbərliyinə, direktor K.Tahirova bugünkü görüşün təşkili üçün təşəkkür edərək kitabxanada olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycan Milli Kitabxanası şəhərin ən gözəl binalarından birində yerləşir və belə gözəl kitab kolleksiyalarına malikdir. Professor çıxışı zamanı Azərbaycan Milli Kitabxanasının xalqın milli-mənəvi dəyərlərinin saxlanc yeri olduğunu vurğulayıb. O, Milli Kitabxananın fəaliyyətini yüksək qiymətləndirərək əvvəlki illərdə Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi Molla Pənah Vaqifə, Almanların Azərbaycana köçürülməsinin 200 illiyinə, habelə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilən mötəbər tədbirlərin əhəmiyyətini vurğulayıb və həmin tədbirlərdə özünün iştirakını direktorun diqqətinə çatdırıb. Həmçinin o, pandemiya zamanı Azərbaycan Milli Kitabxanasının onlayn xidmətlərini yüksək qiymətləndirərək özünün də həmin xidmətlərdən yararlandığını deyib.

Daha sonra qonaq Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, oxu zalı, kitabxana fondu, eləcə də Açıq Kitabxana ilə tanış olub. O, Azərbaycan Milli Kitabxanasının “Açıq Kitabxana” layihəsini xüsusilə ön plana çəkərək belə layihələrin bütün kitabxanalarda olmasının vacibliyini qeyd edib.

Sonda qonaq R.Şmidt özünün müəllifi olduğu tibb kitablarını Azərbaycan Milli Kitabxanasının fonduna hədiyyə edib. Eyni zamanda, K.Tahirov “Azərbaycan Milli Kitabxanası: fotoalbom” və “Azərbaycan xalçaları” adlı kitabları qonağa bağışlayıb.