Almaniyanın müdafiə sənayesi üzrə ixtisaslamış “Rheinmetall” konserni Ukraynaya 50 “Leopard 1” tankı, həmçinin 60 “Marder” tipli piyadanın döyüş maşını (PDM) verməyə hazırdır. Tədarükün həyata keçirilməsi üçün Almaniya hökumətinin icazəsi tələb olunur.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Rheinmetall”in rəhbəri Armin Papperger məlumat verib.
“Birinci “Leopard 1” tankını 6 həftə sonra təqdim edə bilərik”, – şirkət rəhbəri deyib.
Məlumata görə, söhbət daha əvvəl başqa ordularda istifadə edilmiş, lakin sonra istehsalçıya geri qaytarılmış texnikalardan gedir. Hazırda onların vəziyyəti yoxlanılır.
Konsern PDM-lərin ilk 10-20 ədədini yaxın 6 həftə ərzində təqdim edə biləcəyini açıqlayıb.