Qazaxıstanın Almatı şəhərinin meri səlahiyyətlərini icra edən Bakıtjan Saqintayev bildirib ki, ölkədə iğtişaşlar zamanı naməlum şəxslər onun, həmkarlarının və Almatı telekanalının əməkdaşlarının olduğu avtomobillərə atəş açıblar.
“Report” xəbər verir ki, bu barədə “orda.kz” nəşri məlumat yayıb.
Açılan atəş nəticəsində “Almatı” telekanalının sürücüsü həlak olub, bir neçə nəfər, o cümlədən meriyanın məsul işçiləri – idman idarəsinin rəisi Rüstəm Bayseitov və dini idarənin rəisi Nurlan Kikimov yaralanıb.
Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.
Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də Prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.