Sülhməramlıların nəzarət etdikləri ərazidə erməni vandalizmi davam edir. Bu barədə kamilinfoya AMEA A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşı Faiq İsmayılov məlumat verib. Onun sözlərinə görə, İranın maliyyə vəsaiti hesabına Amaras monastrında bərpa işləri başlanılıb.
“Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki qələbəsindən sonra Rusiya sülhməramlılarının yaratdıqları şərait Qarabağda məskunlaşdırılan erməniləri Azərbaycanın tarix və mədəniyyət abidələri üzərində uzun illər apardıqları vandal fəaliyyətlərini bərpa etməyə sövq edir”, – deyə F.İsmayılov bildirib.
“Belə ki Qarabağın rus sülhməramlılarının nəzarət etdikləri ərazilərdə saxta alban xaç daşları istehsal edən sexləri fəaliyyətə başlayıb. Xocalı rayonunun Əsgəran qalasında və Xocavənd rayonunun Amaras monastrında 2-ci Qarabağ müharibəsi dövründə yarımçıq qalan quraşdırma və təmir işləri yenidən bərpa edilib. Bu vandalizm işinin davam etdirilməsinə sərf olunacaq vəsait İranın tarixi kilsə mərkəzinin direktoru Şerli Avetyan tərəfindən həllini tapıb.
Bu barədə erməni mətbuatı 31 iyul 2021-ci il tarixdə məlumat vermişdi. Məlumatda bildirilirdi: “Ermənistan Respublikasının təhsil və elm naziri L. Qaraxanyan İranın tarixi kilsə mərkəzinin direktoru Şerli Avetyanla görüşərək, Xocavənd rayonun Sos kəndi ərazisindəki (Azərbaycan, Qarabağ) Amaras Monastrında aparılan təmir işlərinə sərf olunacaq vəsaitin İran tərəfindən ödənilməsi barədə razılığa gəliblər.
Bu fəaliyyət Ermənistanın açıq-açığına Azərbaycanın mədəni-irsinə öz mülkiyyət hüququnun tətbiq etməsi kimi dəyərləndirilməlidir. Bu fəaliyyət, eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hələ də geri çəkilmədiyinin əyani göstəricisidir”, – deyə Faiq İsmayılov qeyd edib.
“Rus sülhməramlılarının arxasında gizlənən erməni separatçıları 2-ci Qarabağ müharibəsindən sonra açıq-açığına Azərbaycan xalqına meydan oxuyurlar. Öz “mövcud”luqlarının hələ də yaşadığını nümayiş etdirmək kimi riyakar fəaliyyətlə məşğul olur, Azərbaycanın mədəni dəyərlərindən öz siyasi məqsədləri üçün istifadə etməkdən belə çəkinmirlər. Belə ki, 2021-ci ilin iyulunda Ermənistan Silahlı Qüvvələrinin Qarabağa gəlişindən sonra Qarabağ separatçılarının rəhbərləri, rus sülhməramlılarının təşəbbüsü ilə öz əski parçalarını, Xankəndi şəhərinin mərkəzində deyil Amaras Monastırı üzərində qaldırdılar. Bunu Allahın xeyir-duası kimi təbliğ edən Qarabağ separatçıları gələcəkdə bu bayraqların bütün Qarabağ ərazilərində qaldıracaqları düşüncəsi ilə yaşayırlar.
Amaras monastırını öz dini mərkəzləri kimi təqdim edən ermənilərin özləri də bilirlər ki, Amaras monastrının erməni xalqına və millətinə heç bir aidiyyatı yoxdur.
Monastır Qafqaz Albaniyasında erkən xristianlıq dövründən, Alban Həvari Kilsəsinin ləğv edilməsinə qədər ziyarət edilmiş ən müqəddəs məbədlərdən biridir. Bu monastırın özəlliyi ondan ibarətdir ki, yerləşdiyi ərazinin həm xristian, həm də müsəlman əhalisi tərəfindən müqəddəs hesab edilib.
Amaras monastrının ərazisi xristianlığın yayılmasından xeyli əvvəl böyük dini mərkəz olması barədə tarixdə kifayət qədər sübutlar var. Əhalinin oda, Günəşə inancları barədə faktlar, ərazidə hələ sovetlər dönəmində aparılan arxeoloji tədqiqatlar zamanı əldə edilmiş artefaktlar bu abidə üzərindəki erməni uydurmalarını kökündən inkar edir. Eləcə də monastırın ərazisində aşkar edilən bizim eranın I əsrinə aid məbəd qalıqları da onun erməni qriqoryan kilsəsinə aid olmadığını sübut edir. Belə olduğu halda arxeoloji tədqiqatların nəticələri IV əsrdə Amarasda, Qafqaz Albaniyası ərazisində erkən xristianlıq dövrünə aid ən qədim üçnefli bazilikanın mövcudluğunu qeyd etməyə imkan verir.
Amaras monastırı IV əsrdə üzərində ucaldıldığı qədim məbədin planına uyğun inşa edilib. X əsrdə bərpa edilən monastıra kiçik əlavələr edilsə də, əvvəlki məbədin xüsusiyyətləri saxlanılıb. Erməniləri narahat edən də məhz abidənin bu xüsusiyyətləridir. Onlar abidənin daxilində və xaricindəki bəzi elementlərin silinməsi və ya dəyişdirilməsi işinə hələ Sovet İttifaqının mövcud olduğu dövrdən başlamışdılar. Ermənilər monastrın üzərindəki abidəyə məxsus elementləri silməklə və ya dəyişdirməklə abidəni mənimsəyə biləcəklərini düşünürlər.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalan Amaras monastrı üzərində 2000-ci ildən başalyaraq, abidənin memarlıq quruluşunda ciddi dəyişiklik etməyə başladılar. Bu təmir işləri 44 günlük 2-ci Qarabağ müharibəsi dövrü qısa müddətə dayandırılsa da, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il sazişindən sonar rus sülhməramlılarının təşəbbüsü ilə yenidən bərpa olundu. Halbuki rus sülhməramlılarının bu fəaliyyətinin heç bir hüquqi əsası yoxdur.
Ermənilər Amaras monastrının divar yazılarını, monastırın giriş qapısının tağını söküb formasını dəyişdiriblər. Məbədin daxilindəki qəbir daşlarının hamısını yeniləyiblər. Abidənin “ermənilərə məxsusluğunu” bildirən bir neçə yazılı daş və xaç nümunələri divarlara yerləşdirilib. Binanın daxili interyerində kobud dəyişikliklər edilib. Habuki ermənilərin və rus sülhməramlılarının bu fəaliyyəti Beynəlxalq Hüquq və Cenevrə Konvensiyasının müvafiq müddəaları ilə, eləcə də Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr 2020-ci il sazişi ilə ziddiyyət təşkil edir”, – deyə Faiq İsmayılov qeyd edir.
Fotoları Faiq İsmayılov təqdim edib.