Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalı təsis edilib.
525.az-a AMEA-dan verilən məlumata əsasən, Rəyasət Heyətinin iclasında AMEA prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə geniş şəkildə çatdırılması, elmi yeniliklərin populyarlaşdırılması, arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində, müasir çağırışlara cavab verən “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan Arxeologiyası və Antropologiyası) jurnalının təsis edilməsi zərurəti yaranıb.
Bildirilib ki, jurnalda işğaldan azad olunmuş torpaqlarda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də, arxeologiya ilə yanaşı, numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur.