Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 8 iyun 2021-ci il tarixli 128 nömrəli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, AMEA-da 22 iyun-22 iyul 2021-ci il tarixlərində yay imtahan sessiyası çərçivəsində ixtisas və doktorluq fərq imtahanları təşkil olunub.
AMEA-dan APA-ya verilən məlumata görə, imtahanlar AMEA-nın 22 elmi müəssisəsində keçirilib. İmtahanlarda iştirak edən fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların ümumi sayı 140 nəfər olub.
Xarici dillər və Azərbaycan dili (əcnəbi vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanları 20-21 iyun 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilib.
22 iyul 2021-ci il tarixində imtahanlar başa çatıb. İmtahanlarda Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 29 yanvar 2021-ci il tarixli qərarında göstərilən qaydalara riayət olunub.
İmtahanlara nəzarət (müşahidəçi qismində) AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşları tərəfindən keçirilib. İmtahanların şəffaf və mövcud qaydalara uyğun təşkil olunması üçün bütün müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilib, doktorant və dissertantların elmi biliyinin obyektiv qiymətləndirilməsi prioritet götürülüb. Doktorant və dissertantların əksəriyyəti imtahanlardan müvəffəqiyyətlə keçiblər.