- Mədəniyyət

Amerikanın “Qızıl Moruq” mükafatına namizədlərin adı elan olunub

“Qızıl Moruq” mükafatına namizədlərin adı açıqlanıb. Namizədlərin tam siyahısı mükafatın saytında dərc olunub.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu mükafat ilin ən pis aktyor, ssenari, rejissor işinə və filmə görə verilir.

“…darıxdırıcı musiqili filmlər, aşağı keyfiyyətli trillerlər, demək olar ki, “iki saatlıq reklam çarxı” və həvəskar bir tamaşaçının izləyə bilməyəcəyi Bryus Villis. Başqa sözlə, 2021 “Qızıl Moruğ”u məyus etmədi!” – məlumatda bildirilib.

“Netflix”dən “Diana: müzikl” ən çox nominasiyaya sahibdir. Bu filmin adı doqquz kateqoriyada çəkilib. Dram janrında “Karen” və “Pəncərədəki qadın” trilleri beş kateqoriya üzrə yer tutub. Bryus Villisə ayrıca nominasiya verilib.

Ən pis aktyor namizədləri arasında Skott İstvud (“Təhlükəli”), Rou Hartampf (“Diana: müzikl”), Lebron Ceyms (“Kosmik cem: yeni nəsil”), Ben Platt (“Əziz Evan Hansen”) və Mark Volberq (“Sonsuzluq”) yer alıb.

Ən pis aktrisalığa namizəd Emi Adams (“Pəncərədəki qadın”), Janna de Vaal (“Diana: müzikl”), Meqan Foks (“Taxıl tarlasında gecə yarısı”), Tarin Menninq (“Karen”) və Ruby Rouz (“Qisas mələyi”) olub.

İkinci planda namizədliyi irəli sürülən ən pis aktrisalar Emi Adams (“Əziz Evan Hansen”), Sofi Kukson (“Sonsuzluq”), Erin Deyvi (“Diana: müzikl”), Cudi Kay (“Diana: müzikl”) və Tarin Menninq (“Hər şey sona qədər”) olub.

İkinci plan üzrə ən pis aktyorlar Ben Afflek (Son duel), Nik Kannon (Centlmensayağı soyğunçuluq), Mel Gibson (Təhlükəli), Qaret Kiqan (Diana: müzikl) və Jared Leto (“Gucci Evi”) seçilib.

Bryus Villisin 2021-ci ildəki ən pis rolu “Amerika mühasirəsi”, “Cinayət axtarışı”, “Ulduzların sərhədi”, “Dalan”, “Qala”, “Taxıl tarlasında gecə yarısı”, “Həyatdan kənar” və “Oyunda sağ qal” filmləri arasından seçilib.

Ən pis rejissor nominasiyaları Kristofer Eşli (Diana: müzikl), Stiven Çboski (Əziz Evan Hansen), Deymon “Kouk” Daniels (Karen), Renni Harlin (Centlmensayağı soyğunçuluq) və Co Rayta (“Pəncərədəki qadın”) verilib.

Ənənəvi olaraq, qaliblər “Oskar” mərasimindən bir gün əvvəl elan edilir. Bu il “Qızıl Moruq” mükafatını kimin alacağı martın 26-da məlum olacaq.