Gülyaz ƏLİYEVA
“Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir. Eyni zamanda dil millətin simasını səciyyələndirən ən mühüm amillərdən biri, bəlkə də, birincisidir. Ana, Dil, Vətən, Torpaq!… Bu 4 məfhum bir-biri ilə çox bağlıdır və ana qədər müqəddəsdir. Bu sözlər ana qədər doğma və müqəddəs olduğu üçün onların qarşısına “ana “sözünü əlavə etmək olur – “ana dili”, “ana vətən” və “ana torpaq”. Dil də torpaq kimi, Vətən kimi hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Əbəs yerə: “Bir milləti məhv eləmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al” deməyiblər. Dünyada olan 6700 dildən yalnız 5%-i fəaldır.
Dünya xalqları içırisində çox az xalq var ki, dilləri dövlət dili statusu almış olsun. Nə xoşbəxtik ki, bu az xalqların içərisində bizim də xalqımızın, bizim də dilimizin yeri var. Bu səbəbdən Azərbaycan dilinin dövlət dili statusu qazanması, həqiqətən, qürur gətirən tarixi hadisədir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. O, uzun illərin istilalarına, işğallarına, hakim dairələrin qadağalarına, saraylara buraxılmamasına baxmayaraq, işləkliyini itirmədi, təmizliyini, saflığını qoruyub saxladı. Zaman-zaman onun içərisinə zorla daxil edilmiş yad ünsürlırdən arındı, təmizləndi, öz kökünə sadıq qaldı. Çox az xalq var ki, dilləri bizimki qədər az dəyişikliyə uğramış olsun, Elə dillər var, leksikası o qədər dəyişikliyə uğrayıb ki, qədim dövrə aid əsərlərini tərcüməsiz oxumaq mümkün deyil. Ancaq bizim dilimiz 1500 il bundan öncə necə idisə, leksikası eləcə də, çox az dəyişikliyə uğrayaraq dövrümüzə qədər gəlib çıxıb:
Bəri gəlgil, başım baxtı, evim taxtı,
Evdən çıxıb yürüyəndə sərv boylum,
Topuğuna sarmaşanda qara saçlum,
Güz almasına bənzər al yanaqlım…
Gəlinim, diləyim, döləyim…
11-ci yüzillikdə yazıya alınmış, milli kimliyimiz, mili-mənəvi dəyərlərimizin aynası, həmçinin ana dilimizin abidəsi olan “Kitabi-Dədə Qorqud”dan gətirdiyim bu bir parçada müasir oxucu üçün tanış olmayan söz, demək olar ki, yox dərəcəsindədir. Tək dəyişiklik 2-ci şəxsin təkinin şəxs sonluğu kimi işlənən “gil”, bir də payız sözü ilə əvəzlənmiş.”güz” sözüdür ki, o da dialektlərimizdə “güzəm” (payız yunu) kimi hələ də yaşamaqdadır. Bu da onu göstərir ki, dilimiz öz kökləri üzərində möhkəm dayanmış, özünü yad təsirlərdən qoruyaraq bu günümüzə qədər gəlib çıxmışdır.
Ayrılıqdan yar mənim bağrımı büryan еylədi,
Özünü bir yana saldı, məni bir yan еylədi.
Еşidərsə daş ərir həsrətdə ahü zarımı,
Ol güləndam yarı gör, könlümü zindan еylədi.
14-cü yüzillikdə yaşayıb-yaratmış İ.Nəsimidən gətirilmiş bu parçada da bu günkü oxucu üçün tanış olmayan söz yoxdur. İstər fars-ərəb sözlərinin, istərsə də rus dilinin 2-ci ana dili adı ilə zorla ağzımıza yerləşdirildiyi zamanlarda belə yad dilin sözləri dilimizi sıxışdıra bilmədi. Əksinə, bir çox ərəb-fars sözlərini biz öz dilimizin qayda-qanunlarına uyğunlaşdıraraq özümüzünküləşdirdik. O dərəcədə özümüzünküləşdirdik ki, bu gün onları öz milli sözlərimizdən ayırmaq mümkün olmadı. Ana dilində məktəblərin, qəzet-jurnalların olmadığı vaxtlarda da xalq öz dilini qoruyub saxladı, inkişaf etdirdi, bu dildə şifahi və yazılı ədəbiyyatın gözəl nümunələrini yaradaraq, onu ölümsüzləşdirdi. Bu yolda xalqın işıqlı simaları, xalqın mənafeyini öz mənafeyindən üsün tutan ədiblər: H Zərdabi, C. Məmmədquluzdə, “Mollanəsrədin”çilər və b. ana dili uğrunda daim çalışdılar, onu uca tutdular. Xalq da öz dili, ədəbiyyatı vasitəsilə sözdən qalalar ucaltdı, saraylar tikdi, özü qalmasa da, gələcək nəsillər üçün qoydu, qoruyub gələcək nəsillərə ötürdü:
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim, özüm qalam,
Tikdim ki, izim qala,
– dedi və iz qoydu. Özünün yaşayışını, arzu və istəklərini, tarixini, mənliyini, varlığını, dilini yaşatdı bu nümunələrdə. Sadəcə, xalq mahnısı, bayatı, nağıl, ağı, dastan deyib keçməyin… Onlar ana dilimizin qoruyucusu, yaşadıcısıdır. Dilimiz əsrləri adlayıb, onların vasitəsilə gəlib günümüzə çatıb.
Bəs bu gün vəziyyət necədir? Bu gün Ana dili haqqında Prezidentin verdiyi qərarlar ona olan diqqətin, qayğının və buna ehtiyacın olmasından xəbər verir. Lakin qəribədir ki, bütün bunlara rəğmən son zamanlar ana dilimizin elmi qrammatikasının öyrədilməsi ilə bağlı ana dili dərsliklərində anlaşılmazlıqlar yaşanmaqdadır. Nədənsə, qrammatikadan bir çox mövzular çıxarılıb və onların tədris olunması məsləhət görülmür. Lakin unudurlar ki, qrammatik qayda-qanunlar bir-biri ilə üzvu surətdə, zəncirvari şəkildə bağlıdır. Dilimizin qayda-qanunları orta məktəbdən incəliklərinə qədər öyrədilməli, tədris olunmalıdır. Əgər bu gün 8-ci sinifdə Sintaksis bölməsini tədris edərkən dərslikdə söz birləşmələrinin növləri, sintaktik əlaqələr, tamamlığın məna növlərini verilmirsə, bu, sintatik təhlil zamanı anlaşılmazlığa səbəb olur. Dərslikdə tabeli mürəkkəb cümlənin növləri verilmir, yalnız cümləni bağlayan vasitələri qeyd etməklə kifayətlənilir. Məgər bu, doğrudur? Bu, dilimizin mükəmməl şəkildə öyrənilməsinə əngəl törətmir?
Bu, yalnız “öz dilinddə danışmağı ar bilən kəslər”i qane edə bilər. Məncə, hər bir kəs əvvəl öz dilini incəliyinə qədər bilməli, duymalı, sevməli və sevdirməyi bacarmalıdır. Ana dilimizin elmi qrammatikası illərlə tədqiq olunub, sanballı kitablar nəşr olunub. Bu gün bizim dilimiz türk dilləri içırisində qrammatik qayda-qanunlarının sabitliyi, mükəmməlliyi, işlənib sidtemləşməsi baxımından ən öndə gedən dillərdən biridir. Bəs nədən bu nailiyyətləri inkişaf etdirməli və öyrətməliykən dərslikdən çıxarır, tədris etmir, savadsızlığa yol açırıq?
Ana dili əsrlərdən, nəsillərdən bizə yadigar qalan, illər ötsə də, insanı əzəmətli bir qüvvə ilə özünə çəkən bir sehr, bir əfsun, Tanrının bəxş etdiyi elə gözəl bir nemətdir ki, bu neməti uca və əziz tutmaq, onu yaşatmaq, qoruyub nəsillərə hədiyyə etmək hamımızın borcudur.