Könül BÜNYADZADƏ, AMEA-nın müxbir üzvü
Cəngavərliyin öz fəlsəfəsi var və hərə onun müəyyən bir tərəfini anlamağa qadirdir. Ancaq bu anlayışın tək simvolu, məncə, Don Kixotdur. FADMM, məncə, məhz Ana dilimizin, bu vasitə ilə həm də milli dəyərlərimizin Don Kixotudur. Bu məsələyə təkrar qayıdacam, indi isə FADMM-nın əhəmiyyətindən danışım.
Mən FADMM-nın əməllərini özündən əvvəl tanımışam. Azərbaycan dilinin təmizliyi, kökünə bağlılığı uğrunda aparılan mübarizənin pərakəndə olduğunu düşündüyüm bir vaxtda öyrəndim ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi var və görülən əksər işlər onun əsas qayəsi imiş.
İstənilən tanışlıq zamanı məni düşündürən ilk şey bu olur: “Bu tanışlıq mənim kimliyimə nə əlavə etdi?! Mənə hansı həqiqəti açdı?” Təbii ki, bu yeni “tanışımla” da eyni şeyi düşündüm. Mən hər zaman dil haqqında ümumi və fəlsəfi aspektdən düşünmüşəm. FADMM dilin ayrı-ayrı detallarına işıq salmağı bacardı. Cübranın “Ərəb dilinin gələcəyi” haqqında məqaləsində yazır ki, “həqiqi şair dilin yaradanı və xaliqidirsə, təqlidçi onun kəfənini toxuyanı və qəbrini qazandır”. Daha sonra isə mütəfəkkir təqlidçilərin öz “ideyalarının paltarlarını özündən əvvəlkilərin paltarlarından qopartdığı cırıqlardan tikdiyini” bildirir. FADMM hər kəsin diqqətini məhz ona yönəltdi ki, bugünkü Bakı “başqalarının paltarlarından qoparılmış cırıqlardan özünə bir libas tikib və bu əcaib görkəmi ilə fəxr edir. FADMM məşhur nağılda “kral çılpaqdır” qışqıran uşağa oxşayır bu mənada.
Cubran onu da deyir ki, “Dil bütün millətin və ya onun ümumi mahiyyətinin yaradıcılıq təzahürlərindən biridir. Əgər yaradıcılıq zəifləyirsə, dilin inkişafı da dayanır. Amma məlum olduğu kimi, dayanmaq tənəzzüldür, tənəzzülün arxasında isə ölüm və puçluq dayanır”. FADMM göstərdi ki, dil bütün millətin xəzinəsidirsə, deməli, onu qorumaq, onun düzgün “sərfiyyatı” da millətin işi olmalıdır. Yəqin buna görədir ki, məndə elə təəssürat formalaşıb ki, Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi sıradan bir qeyri-hökümət təşkilatdan daha çox, dilini sevən vətəndaşların bir yerə toplaşdığı mərkəzdir. Bu səbəbdən o təşkilata üzv olmadan da doğmalaşmaq, eyni qayə naminə birləşmək mümkündür. Bəli, həqiqətən də, dil yalnız dilçilərin işi deyil və FADMM ətrafına yığdığı zilayılarla bunu sübut edir.
Yenə qayıdım cəngavərliyə. FADMM Don Kixotdur, elə onun kimi “öz işinin övladıdır”. Elə onun kimi özünü bütünlüklə öz işinə həsr edir, onu elə-belə yox, əsaslı şəkildə görür. Ən vacibi isə, elə cəngavər kimi, ən kiçik bir detalın əhəmiyyətini də bütün orqanizmin əhəmiyyəti qədər görüb vurğulamağı bacarır. FADMM öz məqsədi uğrunda gecə-gündüz yorulmadan, ən yüksək əhval-ruhiyyə ilə vuruşur, tədricən səni də öz işinin “övladına” çevirir.
Mən FADMM ilə tanışlığımdan, onun gördüyü işlərə qoşulmaqdan çox məmnunam. O, ilk gündən başladığı işlərlə bərabər böyüyür. Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi millətin mənəvi dəyərini – dilini qoruyur. İnanıram və arzu edirəm ki, “öz işinin övladı” olmağı bacaran FADMM uğrunda çalışdığı millətinin də övladı ola biləcək.