- Mədəniyyət

Ankarada Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzovun 70 illik yubileyi qeyd edilib

Cümə günü, avqustun 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı binasında görkəmli teatr və kino aktyoru, rejissor, Azərbaycanın Əməkdar incəsənət xadimi Cahangir Novruzovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, yubiley tədbirinin təşkilatçıları qismində TÜRKSOY-la yanaşı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Mədəniyyət Nazirliyi, ölkəmizin Türkiyədəki səfirliyi çıxış ediblər.

Tədbir iştirakçılarının qarşısında çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Cahangir Novruzovun Azərbaycanda və Türk dünyasında teatr yaradıcılığının inkişafına töhfəsini yüksək qiymətləndirib. O qeyd edib ki, onun iştirak etdiyi tamaşalar bu gün də Azərbaycanın hüdudlarından kənarda böyük maraqla qarşılanır.

Baş katib aktyorun Türk dünyasında teatr sənətinin inkişafına verdiyi töhfəni vurğulayaraq deyib: “Son 30 ildə Cahangir Novruzov Türkiyədə fəaliyyət göstərib, qardaş ölkənin mədəniyyət və incəsənət sahələri üçün peşəkar kadrlar hazırlayır. Türk mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə ona minnətdarıq”.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubiley tədbirinin təşkilində göstərdiyi dəstəyə görə TÜRKSOY-a təşəkkür edib.

Cahangir Novruzovu bütün Türk dünyası mədəniyyətinin görkəmli nümayəndəsi kimi xarakterizə edən diplomat xatırladıb ki, aktyor yaradıcı insanların ailəsində doğulub və adlı-sanlı valideynlərinin işini davam etdirib. O əlavə edib: “Cahangir Novruzov çoxlu dövlət mükafatları ilə təltif olunub, amma onun ən böyük mükafatı Azərbaycan xalqının sevgisi və diqqətidir”.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Dövlət Komitəsinin sədri Fuad Muradovun yubilyara təbrik məktubunun mətnini oxuyub.

O, 2011-ci ildə C.Novruzovun Azərbaycanın Əməkdar artisti, 2018-ci ildə Azərbaycanın Xalq artisti, 2020-ci ildə isə Diasporla İş üzrə Dövlət Komitəsinin medalı ilə təltif edildiyini vurğulayıb.

V.Hacıyev yubilyara müraciətlə qeyd edib: “Sizin bütün Türk dünyasında teatr sənətinin inkişafına verdiyiniz töhfə hamı tərəfindən qəbul edilir və heç bir şübhə doğurmur”.

Azərbaycanın TÜRKSOY yanında daimi nümayəndəsi Elçin Qafarlı iştirakçıları Azərbaycan Mədəniyyət Nazirliyi kollektivinin təbrik məktubunun mətni ilə tanış edib.

Tədbirdə iki qardaş ölkənin diplomatları, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Adanada Çukurova Universitetinin Dövlət Konservatoriyasında dərs deyən professor C.Novruzov onun yaradıcılığına göstərdikləri diqqətə görə təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

TÜRKSOY-un binasında Azərbaycanın görkəmli teatr və kino aktyoru Cahangir Novruzovun fəaliyyətinə həsr olunmuş fotosərgi də təşkil olunub.