Ankarada aprelin 21-də Hadi Poyrazoğlu adına IV Beynəlxalq Kukla və Karagöz (kölgə teatrı) Teatrları Festivalı açılıb.
AZƏRTAC xəbər verir ki, festivala Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan teatr kollektivləri ilə yanaşı, Azərbaycan Dövlət Kukla Teatrı da qatılıb.
Azərbaycan kollektivinin “Cırtdanın Türkiyədə macəraları” adlı tamaşası aprelin 25-də paytaxtdakı “CerModern” mərkəzində nümayiş olunacaq.
Festivalın proqramına əsasən, tamaşalar Ankarada (21–25 aprel), İstanbulda (26 aprel), daha sonra isə Azərbaycanda (28–30 aprel) və Özbəkistanda (2–5 may) təqdim ediləcək. Sonuncu mərhələ 9–12 may tarixlərində Şimali Kipr Türk Cümhuriyyətində reallaşacaq.