- Cəmiyyət

Ankarada “TEXNOFEST-2023” festivalının ikinci ən fəal ölkəsi Azərbaycandır

Ankarada keçirilən “TEXNOFEST-2023” festivalında Tükiyədən sonra ən fəal ölkə Azərbaycandır.

Bu barədə “Report”un Türkiyə bürosuna “Furqanoğlu Dəmir Yumruq” stendinin Türkiyə təmsilçisi, texnologiya üzrə ekspert Melih Erdem bildirib.

O, layihələr haqqında məlumat verərək deyib ki, festivalda Azərbaycana məxsus stend hər il çox maraqla qarşılanır: “TEXNOFEST” müdafiə sənayesi sahəsinə böyük dəstəyi olan festivaldır. Burada gənclərimiz işlərini, layihələrini tanıdırlar. Layihələr arasına hərbi pilotsuz uşuç aparatlarından yükdaşıyan robotlara qədər hər cür məhsul var.

Burada qazanılan təcrübə gənclərimiz üçün çox dəyərlidir, çünki bunu nə məktəb həyatında, nə də başqa yerdə qazana bilirlər. Gələcəkdə qarşılarına çıxacaq layihələrdə də bu təcrübənin onlara böyük faydası olacaq. Biz burada “İki dövlət, bir millət” şüarı ilə türk gəncliyinin gücünü göstəririk. Azərbaycanla Türkiyə olaraq bu festivalıda yer tutmaqdan məmnunluq və qürur hissləri yaşayırıq”.

Festivalda Azərbaycana məxsus “Furkanoğlu Dəmir yumruq” stendi də nümayiş etdirilir. “Muay Thai” Federasiyasının prezidenti, “Furqanoğlu” Şirkətlər Qrupunun baş direktoru Araz Musayevin sözlərinə görə, 2019-cu ildən stend “TEXNOFEST”-in fəal iştirakçılarındandır.

A.Musayev “TEXNOFEST”-in İdarə Heyətinin sədri Selçuk Bayraktar və “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarla görüşərək, Azərbaycanı təmsil edən stenddə görülən işlər haqqında məlumat verib: “Azərbaycanın Vətən müharibəsində “Bayraktar TB2” ilə verdiyi dəstəyə görə “Baykar” şirkətinin rəhbərliyinə təşəkkürümü bildirdim”.

Layihələrdən birinin rəhbəri Konya Şehit Nurullah Seçen imam Hatip Litseyinin buraxılış sinfinin şagirdi Fatih Alperen Baysal “Report”a deyib ki, layihəni onunla eyni məktəbdə təhsil alan Kerem Mahmut Duru, İstanbuldan isə Borsa İstanbul Anadolu Liseyinin şagirdləri Enes Bakkar, Yılmaz Polat və Mahmud Bayerli ilə bərabər ərsəyə gətiriblər: “Layihəmiz “ATLAS C1” silahlı pilotsuz uçuş aparatıdır (PUA). Bu PUA 55-60 metr hündürlüyə qədər çıxa bilən, müəyyən koordinata bomba ataraq hədəfi və ya terrorçunu məhv edən, əsgərlərə çox mühüm dəstək verən vasitədir. “ATLAS C1” avtonom şəkildə havaya qalxır, hədəfi zərərsizləşdirir və yenidən avtonom şəkildə eniş edir.

Əsas məqsədimiz vətənə xidmət edən əsgərlərimizin şəhid olmamasıdır. İki ildir üzərində çalışdığımız proqramı elə təkmilləşdirilmiş hala gətirdik ki, üzərində 8 bomba daşıya bilir. Daha çox əsgərlərin qızğın döyüş prosesində köməkçi olur. Layihəmiz İzmirdə uğurla sınaqdan çıxarılıb”.

Qeyd edək ki, “Furkanoğlu Dəmir yumruq” stendi 27 sentyabr – 1 oktyabr tarixlərində İzmir Çiğli Hava Limanında keçiriləcək və 5 gün davam edəcək TEXNOFEST festivalında da nümayiş ediləcək.