Azərbaycanın tarixi Qələbəsinin birinci ildönümü, 8 Noyabr – Zəfər Günü münasibətilə Ankarada fəaliyyət göstərən Hacı Bayram Vəli Universiteti tərəfindən “Şuşa Zəfəri” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetdə keçirilən mərasimdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Aygün Qocayeva, universitetin professorları Varis Çakan və Mehmet Şahingöz, bu təhsil ocağında fəaliyyət göstərən dərnək (Türk Töresi və Harsı Topluluk) sədri Denizcan Şenocakın çıxışları olub.
Rəsmi çıxışlarda 44 günlük Vətən müharibəsinin rəşadətlə başa çatmasının səbəblərindən danışılıb. Böyük Qələbənin qazanılması türk dünyasının milli sərvəti kimi dəyərləndirilib.
Tədbirin bədii hissəsində tanınmış yazıçı Songül Dündar “Türkiyə-Azərbaycan!” şeirini oxuyub.
Ankara Qafqaz Rəqs Qrupunun zəngin ifası olub.
Sonra tanınmış aşıq Səlahəddin Dündar maraqlı ifası ilə böyük Zəfərin təravətini sazın və sözün qüdrəti ilə bölüşüb. Təxminən otuz il hər yerdə aşıq sənətinin gücü ilə Ermənistanın işğalçılıq siyasətini, erməni vandalizmini ifşa edən aşıq Səlahəddin Dündar bu dəfə Zəfər proqramı ilə musiqisevərlər qarşısına çıxmaqdan məmnun olduğunu ifadə edib.
Bütün ifalar hərarətli alqışlarla qarşılanıb.
Qeyd edək ki, böyük Zəfərlə bağlı Hacı Bayram Vəli Universitetində fotosərgi də nümayiş olunub.