Azərbaycan dili fənninin 4-cü sinif üzrə standartların tələblərindən biri oxunmuş əsərə annotasiya yazmaqdır. Dərslikdə annotasiyaya tərif verilib: “Annotasiya kitab və onun müəllifi haqqında verilən qısa məlumatdır. Bu məlumat oxucuda kitaba maraq yaradır və onu oxumağa sövq edir.” Annotasiya yazmaq üçün qısa təlimat təqdim edilib:
“1. Əsərin müəllifi haqqında qısa məlumat verin.
- Əsərdəki hadisələr haqında ümumi məlumat verin:
– Oxucuların diqqətini cəlb edəcək məlumatları əks etdirin.
– Əsərdəki hadisələrin nəticələrini qeyd etməyin.” (səh. 64)
Nümunə:
Nümunə şagirdləri bir janr olaraq annotasiya ilə tanış edir. Lakin yalnız nümunəyə baxmaqla şagirdin annotasiya yazmaq bacarığının formalaşması qeyri-mümkündür. Şagirdin annotasiyanın məğzini anlaması və onu özü formalaşdıra bilməsi üçün sinifdə mətn əsasında annotasiya yazmağın alqoritmini tətbiq etmək vacibdir. Bu bacarığı bir dərsə mənimsətmək mümkün olmadığı üçün müəllimin üzərinə mütəmadi olaraq müxtəlif növ, janr və üslubda olan mətnlər əsasında məşğələlər təşkil etmək, şagirdləri nümunə və şablonlarla təmin etmək vəzifəsi düşür.
Xarici təcrübədən nümunəvi bir dərs modeli ilə tanış olun.
MƏTNDƏ Hər bir elementİ nəzərə alın.
- Mətnə hansı aspektlərdən yanaşacağınızı müəyyənləşdirin.
Mətni iki dəfə oxumağı nəzərə alın:
- Acar sözləri müəyyənləşdirməklə;
- Üslub xüsusiyyətləri və strukturununu təhlil etməklə.
Şagirdlərə annotasiya üçün şablon təqdim edin.
- Mətnin surətini şagirdlərə paylayın və öz vərəqinizi onlara nümayiş etdirin.Şagirdlər mətni səssiz oxuyarkən siz mətnin bir abzasını səsləndirərək oxuyun və qeydlər etməklə fasilələr verin.
- Qeydləri səsli aparın. Oxuyun, fasilə verin, qeyd edin, izah edin. Mətndə müvafiq elementləri axtarmadan oxuduqca qarşınıza çıxan elementləri qeyd edin. Bu mərhələdə şagirdlər müəllimin təqdimatını, sadəcə, izləyərlər, yaxud təkrar edə bilərlər.
İstiqamətləndirilmiş annotasiya
(bütün siniflə)
Şagirdlərin informasiyanı oxuyarkən diqqət etməli olduqları məqamları göstərmək üçün müəllim təqdim etdiyi modelə uyğun olaraq suallar verir. Bu, bütün siniflə birgə aparılır. Müəllimin təqdimatından sonra bu mərhələdə şagirdlər zaman itirmədən biliklərini praktikada tətbiq edirlər.
- Mətnin müəyyən hissəsini şagirdlərlə birgə oxuyaraq seçilmiş aspekt üzrə suallar verin. Məsələn:
Açar söz və ideyalar üçün:
Müəllif burada nə deyir?
Hansı sözləri vacib hesab edirsiniz?
Hansı hissə sizi fasilə verib düşünməyə sövq etdi?
Üslub xüsusiyyətləri və struktur üzrə:
Müəllif bu abzasda personajın əhvalını necə təsvir edir?
Bu abzasın əvvəlki ilə əlaqəsini necə izah edə bilərsiniz?
_________ altında müəllif nə nəzərdə tutur?
Sonra şagirdlər eyni əməliyyatı mətnin digər hissəsi üzərində tətbiq edirlər. Bu zaman şagirdlərdən fikirlərini bölüşməyi və gördükləri işi nümayiş etdirməyi xahiş edin. Bu, ehtiyac olduqda şagirdin fəaliyyətini təkmilləşdirmək üçün gözəl imkandır.
İstiqamətləndİrİcİ annotasiya (fərdİ)
- Şagirdlər növbəti mərhələyə hazır olduqda onlara yeni mətn verin. Mətnin bir parçasını bir dəfə oxumaqla oxu və annotasiya üçün bir neçə dəqiqə vaxt verin. Nəzarət etmək və əks-əlaqə qurmaqla sinifdə gəzişin. Şagirdlər hər bir hissənin üzərində işləyib bitirəndə növbəti hissəyə keçmək üçün işarə verin.
- Şagirdlər proseduru mənimsədikdə artıq müstəqil oxuyub şərh edirlər. Dəstəyə ehtiyacı olanlar müəyyən qruplarda birləşə bilərlər.
Şagirdlər açar söz və ideya, sənətkarlıq və struktur üzərində işləyərkən şablonlar təklif etməkdə davam edin. Hər iki aspekt üzrə onlar sərbəst işləməyə başladıqda aspektləri birləşdirmək olar. Annotasiya üzrə bir neçə dəfə belə məşğələlərdən sonra dəstəyə ehtiyacları olmadan şərh edə biləcəkdirlər.
Müzakirə və rəylər
Oxu zamanı diqqət etməli olduqları məqamları müəyyənləşdirməyi sərbəst bacardıqdan sonra şagirdlər digər yoldaşlarının fəaliyyətləri ilə tanış olub müqayisələr apara bilərlər. Bu fəaliyyət müzakirə vasitəsilə yalnız oxuduqlarını daha dərindən anlamağa kömək etmir, həmçinin oxu zamanı nələrə diqqət edəcəklərini də anlamağa kömək edir.
- Sinifdə əldə edilmiş nəticələri paylaşmağı təşkil edin. Şagirdlərdən annotasiyalarını paylaşmağı və müzakirə edərək özlərinin əks-əlaqə qurmalarını təmin edin.
- Şagirdlər yoldaşlarının annotasiyasından parçaları öz mətninə daxil etmək istəyərsə, buna icazə verin. Bu, ideya və təklifləri bölüşmək üçün məqsədyönlü əməkdaşlıqdır.
- Şagirdlər istədikləri sayda şablondan istifadə edə bilərlər.Müzakirə dövriyyəsi və əks-əlaqə daim davam etdirilə bilər. Annotasiya şablonları redaktə edilərək müxtəlif janrlı, üslublu mətnlərə tətbiqə edilə bilər.
Hazırladı: Könül Aydın Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru