Vasif SADIQLI
Bu, Apostrof əl-Ərəbinin bid`ət etdiyidir və xarici xüsusi xidmət orqanlarının tırkasına getdiyidir
Azərbaycan müstəqil olandan ölkəmizdə xalqın öz milli köklərinə qayıtması istiqamətində intensiv fəaliyyətlər geniş vüsət alıb. Azərbaycançılıq hisslərinin hiperfunksiyasından əziyyət çəkən vətənpərvər məmurların birbaşa kuratorluğu, moderatorluğu ilə həyata keçirilən mühüm ideoloji və mədəni əhəmiyyətli layihələr günbəgün artmaqdadır. Bunlardan biri də dilimizdə ta qədim əyyamlardan kök salmış ərəb və fars mənşəli kolaborasionist söz, şəkilçi, qeyri-hərf orfoqrafik işarələrə müharibə elan edilməsidir. KİV-də gedən məlumata görə, müvafiq orqanlarda əcnəbi sözlərin kütləvi itaətsizlik edəcəyi ehtimalının yüksək olması barədə əməliyyat məlumatları olub.
“kamilinfo.net”in əməkdaşı məsələ ilə bağlı araşdırma apararaq ilkin təhqiqatdan məhkəmə qərarına qədər bütün məqamlara aydınlıq gətirməyə çalışıb. Əvvəlcə o, məsələ ilə bağlı Azərbaycan Respublikası Orfoqrafiya Prokurorluğunun (AROP) ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Qurumun əməkdaşı jurnalistin “Əcnəbi sözlər arasında kütləvi itaətsizlik planı barədə məlumatı haradan əldə etmisiniz?” sualına cavab olaraq bunları deyib: “Əməliyyat məlumatları Akademiyanın I mərtəbəsindəki mətbəxə yaxın olan mənbədən daxil olub. Əcnəbi sözlər, şəkilçilər və hərf olmayan işarələr, bir qayda olaraq. orada toplaşır”. Sözün nə təhlükəsi olması barədə suala cavab olaraq mənbə qeyd edib ki, dilin verbal, ekspressiv, estetik funksiyaları ilə yanaşı, epistemik funksiyası da var. Ona görə əcnəbi sözlər həm də mədəni təhdiddir”.
“kamilinfo”nun əldə etdiyi məlumata görə, əcnəbi sözlərin gözünü qorxutmaq üçün ilk addım olaraq zəif bənd kimi Apostrofdan başlanılıb və o, həbs edilib.
Apostrof əl-Ərəbinin hansı şəraitdə saxlanılması ilə bağlı sualımıza cavab verən vəkil bunları deyib: “Müdafiə etdiyim şəxs adəti üzrə günorta vaxtı “Ən`ənə” kafesinə nahar etməyə gedirmiş. Bu vaxt iki mülki geyimli şəxs ona yaxınlaşaraq əllərini qandallayıb və avtomobilə otuzduraraq naməlum istiqamətə aparıb”.
Araşdırmalarımızın davamı istintaq materiallarında:
”Məhkəmənin protololundan:
Şahid Qarğa Mələk: ” Apostrof əl-Ərəbidə ərəb imperialist təkəbbürü vardı. Özünü yaxşı aparmırdı, milli sözlərlə yola getmirdi, hərflərə yuxarıdan aşağı baxırdı.
İlanqırxan Səfdər: “Apostrof əl-Ərəbi ərəbcə sözlərlə birləşib dildə çevriliş etmək, əvvəlcə dildə, sonra ölkədə sabitliyi pozmaq istəyirdi”.
Balıqudan Cəfər: “Apostrof əl-Ərəbi Dubay şəhərində Corc Soros ilə görüşübmüş. “Ərəb baharı”nı Azərbaycana idxal etmək istəyirdi.
Xaşal Qurban: “Təkcə ərəb sözlərini yox, ərəb şəkilçilərini də yoldan çıxarmışdı. Ən çox fəallıq göstərənlər qoşa y hərfləri olan -iyyət və -iyyə idi”
KİV-in yazdığına görə, bütün cinayətləri sübut edilən Apostrof əl-Ərəbi təcridxanada saxlanan zaman mələfə ilə özünü divardakı “Sakitliyə əməl edin” cümləsindəki T hərfindən asmağa cəhd etmiş, lakin ayıq nəzarətçilərin müdaxiləsi ilə intihar cəhdinin qarşısı alınmışdır…”.
İstintaq materiallarında deyilir ki, saxlanılan zaman Apostrofun cibindən həşiş və bir büküm heroin tapılmış və sübut kimi götürülmüşdür. Apostrof əl-Ərəbi hərflərə narkotik verərək samitləri onlardan sonra qısa fasilə ediləcəyi, bəzi saitləri isə uzun tələffüz ediləcəyi vədi ilə şirnikdirərək, öz məkrli niyyətinə nail olmağa cəhd edib. O, təkcə bəzi sözləri yox, hətta bir sıra leksik şəkilçiləri də ətrafına toplayaraq, mütəşəkkil cinayətkar dəstə yaradıbmış, – deyə məlumatda bildirilir, – Təqsirləndirilən Apostrof əl-Ərəbi hər bir samitə axirətdə 4 sait, hər saitə 4 samit vədi ilə onların yeməyinə heroin qatır, narkotikin təsiri ilə məzkur səslər özlərini cənnətdə hiss edir, təsir azalanda isə əvvəlki daimi dislokasiya yerinə qaytarılırmış”.
Apostrof məhkəmədə bütün bunları könüllü olaraq etiraf edib və əlavə edib: “İstintaq zamanı mənə işgəncə verilməyib, dırnağım kəlbətinlə çəkilməyib, elektrik cərəyanı verilməyib, ütülənməmişəm. İstintaq təcridxanasında işgəncə verilənlərin səsi eşidilməsin deyə ucadan musiqi səsləndirilməsinin şahidi olmamışam”.
Məhkəmə müqəssirin könüllü etirafını və vəkilin vəsatətini nəzərə alaraq Apostrof əl-Ərəbinin cəzasını 970 ildən 969 ilə endirib.
Aşağıda verilən dialoq isə Apostrofun təcridxanada yazıb vəkili vasitəsilə kamilinfo-ya ötürdüyü qeydlərdir.
“İstintaq zamanı müstəntiq əlaqədə olduğum ərəb və qeyri-ərəb xarici xüsusi xidmət orqanları əməkdaşlarının adlarını soruşdu və mən dedikcə yazmağa başladı:
– Xəlil ibn Əhməd
– Sonra?
– İmruul-Qeys, Meymun ibn Qeys əl-Ə`şə.
– Aha, aydındır, – müstəntiq məmnun şəkildə davam etdi, – Daha kim? Ermənilərlə də görüşmüsən?
– Bəli.
– Adı, soyadı?
– Mesrop Maştos…
– Sonra?
– Ervand Sevortyan
Dialoq davam etdikcə müstəntiqin sifətindəki məmnunluq və özündənrazılıq ifadəsi artırdı. Nəhayət, o, sonuncu sualını verdi:
– Bəs Avropadakı dostlarınız kim idi?
– Avqust Şleyxer, Ferdinand de Sössür…
– Sössür olmaz, qoşa s-nin birinin kəsərik.
– Franz Bopp…
– Bunun da bir p-sı getdi işinə, – müstəntiq özünü bir az da vacib adam kimi hiss etməyə başladı.
– Fridrix Engels
Müstəntiq əvvəlcə bunu da yazmaq istədi, sonra birdən elə bil başından bir qazan qaynar su tökdülər, diksindi və üzünü mənə tutub:
– Məni dolamısın? – deyib qələmi stola çırpdı, sonra əlindəki dəstə kağızı əvvəlcə iki, sonra dörd, sonra səkkiz yerə böldü. Daha sonra 16 yerə bölmək cəhdi uğursuz alındı və qapını nifrətlə çırparaq getdi”.
Vəkilin sözlərinə görə, istintaq təcridxanasında Apostrof bəylə yanaşı, başqa təqsirləndirilən şəxslər də varmış: “Mənimlə qonşu otaqda maliyyə, səhiyyə və ədəbiyyat” sözləri yatırdı. Onların hər birində olan qoşa y hərflərinin birini amputasiya etmək istəyirdilər. Kamera qonşularımı y hərfinin birini narkozsuz kəsməklə hədələyirdilər. Əvvəlcə bir bağırtı eşitdim, ədəbiyyatın səsinə oxşayırdı. Sonra ucadan rok musiqisi qoydular və onların səsi eşidilməz oldu. Başqa bir otaqda –vari şəkilçisinə işgəncə verilirdi. Ona Cinayət Məcəlləsinin “Ahəng qanununa tabe olmama” maddəsi ilə cinayət işi qaldırılmışdı”, – deyə müttəhim vəkilinə məlumat verib .
Bütün bu məlumatları əldə edəndən sonra kamilinfo.net müxbiri “Belə radikal tədbirlərə ehtiyac varmı?” sualı ilə AROP-a müraciət edib. Qurumun mətbuat xidmətindən bunları bildiriblər: “Biz mütəşəkkil cinayətkarlıqla mübarizədə sınanmış beynəlxalq təcrübəyə istinad edirik. 30 sentyabr 1974-cü ildə Zairin paytaxtı Kinşasa şəhərində boksçu Məhəmməd Əlinin Corc Formanla görüşü keçirilməli idi. Amma bəzi təşkilatlar yarışın Kinşasada təşkili üçün təhlükəsizlik zəmanət istəyirdilər. O vaxt bu ölkəyə cənab Mobutu rəhbərlik edirdi. O, paytaxtda asayişi təmin etmək üçün əmr verir: şəhərdəki residivistəri bir yerə toplayıb sıraya düzür, hər onuncunu güllələləyirlər. Bundan sonra uzun illər Kinşasa dünyanın ən sakit şəhərlərindən biri olmuşdu. Əgər vaxtında tədbir görülməsəydi, apostrof və dilimizdəki digər antimilli ünsürlər əcnəbi sözlər arasında kütləvi itaətsizlik yaradaraq ölkədə sabitliyi pozacaq, sözləri küçəyə töküb anarxiya yaradacaqdı. Artıq gördüyümüz tədbirlər öz nəticəsini verib. AROP bildirir ki, mütəşəkkil cinayətkar dəstə yaradıb ədəbi dildə sabitliyi pozmaq cəhdlərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq”.
Xeyirli nəbilimnə günləri…