- Köşə

Aramızda xain var – şübhə…

Gülyaz ƏLİYEVA

“Sənə qəlbimdə bir iman varıdı;
Könlümü şübhə, tərəddüd sarıdı.”

A.Şaiq

Nədir şübhə? Qəlbdəki inamı uçuran, yıxan, insanı tərəddüdün acı məngənəsində sıxan, boğan xain əl. “Şübhə” sözünün mənası bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd deməkdir. Şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq, şübhə etməmək (eləməmək) isə inanmaq, xatircəm olmaq, arxayın olmaqdır.

Şübhədən çıxartmaq – inandırmaq, şübhə yeri qoymamaqdır… Vay o günə ki, kiminsə qəlbinə şübhə girə, orda yuva sala. Məlun şübhə kimin qəlbinə girdiysə,  ona rahatlıq verməz, yuxusunu ərşə çəkər, rahatlığın itirdər. Şübhəni özünə qonaq edib içinə buraxmış ürək bir an sakit olmaz, narahatlıq, təşviş onun yaxasından əl çəkməz. Asanlıqla, bir andaca girdiyi ürəkdən tezliklə çıxarmaq olmaz bu üzlü qonağı. İşğal edər tutduğu məkanı erməni kimi. Həyatının hər anında sıxar, əzər, özünə tabe edər səni. Güldüyün anda yadına düşərsə, üzündə təbəssümün donar, oynadığın yerdə yadına düşərsə, qolların havada quruyub qalar, yediyin yerdə yadına düşərsə, yediyin boğazına tıxanıb boğar səni. Şübhə inamsızlıq doğurar.

İnamsızlıq və şübhə Şeytanın ən bacarıqlı köməkçiləridir.

Yəqin, məşhur “Uzaq sahillərdə” filmindən bu fraqment hamının yadındadır. Faşist Almaniyasını lərzəyə salan partizan hərəkatı başçısı indi bir şübhənin əlində girinc qalıb. Düşmən bəlli olanda onunla vuruşmaq, ona qalib gəlmək asandır. Bəlli düşmənin gündə bir kinoteatrını, qatarını, yollarını partladıb, onlarla alman zabitini öldürüb düşməni girinc edən partizan hərəkatı başçısı indi bir şübhənin əlində aciz, əsir qalıb, rahatlığını itirib, birinin hesabına bütün yoldaşlarına olan inamına zərbə dəyib. Nədir şübhə? Şübhə sənin öz içində bəslədiyin xain düşməndir. O əgər ürəyə doldusa, ən sevdiyin, yaxın adamını belə bir andaca gözdən sala, özünə yad, yabançı edə bilər. Onun xoş təbəssümü sənin gözünə şeytan təbəssümü, ironiya, kinayə kimi görünə, hər xoş sözünün içərisindən qurtdalayıb nəsə bir əks mənfi məna tapdıra, beynindəki şübhəni qidalandıra bilər. Şübhə günahsız adamı da sənin toruna sala bilər. O ən ədalətli adamın da gözlərini qapaya, həqiqəti görməsinə, tapmasına, ədalətsiz qərar qəbul etməsinə səbəb ola bilər. Onun ən mənfi, pis cəhəti bu. Bir əlaməti fikrində tutarsan, o əlamət səni səhv yola apara bilər. Tamamilə günahsız birini şübhə altına sala bilər.

Rolun ifaçısı Ələsgər Ələkbərovun qayğılı sifəti, beynində dolanan fikir: “Alnında çapıq…, alnında çapıq… görəsən, bu, kimdir?!” deyə düşünməsi, gecə vaxtı bir-bir hər alnında çapıq olan inandığı partizanlara şübhə ilə baxması çox təbii alınıb. Bir əlamət – çapıq. Bu çapıq, bu şübhə onun içini gəmirir. Axı bu, kimdir? “Alnında çapıq… Dəstəmizdə alnı çapıq çoxdur. Bu xain kimdir?!” O, xaini axtarır…

Şübhə də ürəyin xain düşmənidir. İnamın da yeri var, inamsızlığın da. Dad şübhə əlindən. Nədir şübhə? Şübhə ürəyi içəridən gəmirən parazit gəmiricidir. Şübhə bir andaca bütün beyini saran xərçəngdir, xəstəlikdir. Düşdüyü yeri kor qoyan, yandırıb külünü çıxaran, insanı günahsız yerə gözdən salaraq yandıran, bir andaca hər yanı saran yaxıcı oddur. Şübhə ən müqəddəs sandıqlarını da gözündə etibardan salmağa qadir olan xaindir. O, bir ürəyə dolarsa, o ürək sahibinin gözündə hər şeyi dəyişər, etibara, güvənə sarsılmaz zərbə vurar. Şekspirin dünyaca məşhur əsərlərindən biri olan “Otello”da bir dəsmalın yaratdığı şübhənin böyük məhəbbətlə sevən qəhrəmanı necə bir qatilə çevirməsi məharətlə təsvir olunub. Öz əlləri ilə həyatını qurban verəcəyi sevgilisini boğdurmağa qabildir şübhə! Bir dəsmalı itirmənin ürəkdə yaratdığı şübhə Otellonun Dezdemonaya olan bütün güvənin, inamını sarsıdaraq məhv edir. İllərlə zərrə-zərrə qazandığın inamı, güvəni bir andaca məhv etməyə qadir bir düşməndir şübhə! Dişinlə, dırnağınla güclə, çətinliklə qalxdığın zirvədən bir andaca səni itələyib salmağa bacaran namərd xaindur şübhə.

Sevgini bir andaca qısqanclığa, dostluğu düşmənçiliyə çevirməyə qadir amansız və acımasız bir qüvvədir şübhə! Ürəyə düşdümü, o andaca ürəkdən qidalanmağa başlar. “Kitabi-Dədə Qorqud”dakı oğuzların öz günahından törəmiş Təpəgöz kimi hər an, hər dümsükdən, hər təpikdən, hər tərpənişdən bir andaca şişib-böyüyərək insanın özünə qənim kəsilər şübhə. O da Təpəgöz kimi əvvəlcə düşdüyü ürəyin qanını sorar, sonra canını və sevdiklərini alar əlindən.

Şübhə sevginin, məhəbbətin ən qəddar düşmənidir. Dezdemonanı yatdığı yerdəcə boğduran odur. Fərhadın qollarını gücdən salan odur. Bir insanın sarsılmaz inamına şübhə toxumu salmaq onu yenməyə bərabərdir! “Od gəlini”ndə Elxan məhv olsa da, əsər onun qalibiyyəti ilə bitir. Çünki o, öz monoloqu ilə ərəblərin ürəyinə şübhə salır. Stefan Sveyqin dediyinə görə: “Şübhə-insan düşüncəsinin ən təhlükəli düşmənidir”. Gəlin, Stefan Sveyqinin sözünə inanaraq, şübhəni çox da gözdən salıb, pisləməyək. Hər bir şərin içərisində bir xeyir, hər bir pisin bir yaxşı tərəfi olduğu kimi şübhənin də, insafən, bəzən faydası olur. Bu, elmdə özünü daha aydın  biruzə verir. Həqiqəti üzə çıxarmaqda şübhə bəzən  işə yarayır. Gərək ki Engels deyib:” Şübhə – elmi idrakın əsasıdır.”

Kant isə bu barədə belə deyib: “Ağlımda maraq, şübhə və hörmət oyandıran iki şey var: üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu”.

Demək, elmi araşdırmalarda stereotiplərə şübhələr çox kəşflərə səbəb ola bilər və olub. Bu cəhətdən şübhəni yaxçı şübhə və pis şübhə deyə iki yerə ayırmaq olar. Elmdə şübhə faydalıdır.

Pis şübhə ilə inam arasında qalan insan dolanbac labirintə düşmüş, nə qədər yol getsə də, yorulub əldən düşsə də , yolunu tapa bilməyən insanı xatırladır. Pis şübhə  Şeytan gözlüdür. O, öz şeytan gözü ilə hara baxsa, oranı gözdən salan namərddir. Şeytangözlü şübhə ilə baxanda gözünə axar su bulanıq, gözəl qız qarı cildində, doğruçu adam yalançı görünər. Şübhəli gözlə baxanda dünya sənə qaranlıq görünər. Şübhəli dünyada nə Ay, nə də Günəş olar. Hava da səni boğar…

İmam Əli (ə) şübhəni belə açıqlayır: “Şübhə haqqa oxşar olduğuna görə şübhə adlanıb. Yəqinlik şübhə vaxtı Allah övliyalarının yolunun işığı, doğru yol isə hidayət və nicatıdır. Ancaq şübhə vaxtı Allah düşmənlərinin dəvətçisi azğınlıq və yol göstərənləri isə korluq olar (“Nəhcül-bəlağə”, 38-ci xütbə).

Pis şübhələrdən çəkinməliyik. İmam Əli (ə) buyurur: “Şübhədən çəkinin, çünki şübhə fitnə və yoldan azdırmaq üçün ortaya atılmışdır” (“Nəhcus-səadə”, c. 2, səh. 320). Cəmiyyətdə hər bir fərdin öhdəsinə düşən mühüm vəzifələrdən biri də şübhələrə cavab verməkdir. Şübhənin cavabsız qalması insanı içdən yeyib əridər, düzgün düşünmə və nəticə çıxarma qabliyyətini yox edər. Şühbələrin cavabsız qalmasının mənfi fərdi və ictimai təsirləri var. Şübhə əslində nəfsin insana verdiyi mənfi təlqindir. Sevgi ilə bərabər səmimiyyəti də məhv edir. Sevgisizlik və səmimiyyətsizlik isə insanın hüzurlu yaşamasına, xoşbəxt olmasına mane olur.

Şübhə, ictimai nəticələri etibarilə də çox təhlükəli bir xəstəlikdir. Ətrafından və ətrafında olub bitən şeylərdən şübhəyə düşmüş bir kimsə, göz görə-görə özünü min bir narahatlıq içinə soxar, həm özünü, həm də ətrafını narahat edər. Və hələ tərəddüdlü və şübhələrə dərdli olanların, məsuliyyət narahatlığıyla, hərəkət etmənin lazımlı olduğu yerdə geri çəkilmələri və yaxud hərəkət vaxtını qaçırma kimi vəziyyətləri o qədər təhlükəlidir ki; bəzən bir camaatın tamamilə məhv olmasına səbəb ola bilər. Xüsusilə, əhəmiyyətli və böyük işlərdə, siyasət və hərblərdə, başı olanların tərəddüd və şübhələri millətləri və orduları batırmağa yetər və artar. Bizi zəfərə aparan qüvvələrdən biri də 30 ildə yurdumuza qayıdacağımıza, qələbə qazanacağımıza bir an da olsa , ürəyimizdə şübhəyə yer verməməmiz oldu!

Ürəyinizdən pis şübhələri çıxarın, ona yer qoymayın, ürəyi o qədər sevgi və inamla doldurun ki, şübhə ora girmək üçün yer tapmasın! Bu həm sizi, həm ətrafınızı, həm  də sevdiklərinizi qoruyar. Aranızda heç zaman şübhəyə yer saxlamayın. Çünki o, xaindir!