- Köşə

Ardınca solmaz baharı gətirən payız..

Noyabr…  Azərbaycan üçün ayların tacı. Noyabr… 30 illik niskili 44 günə yuyub təmizləyən ay, sevinc və kədərin çuğlaşdığı, qəhərlə fərəhin eyni anda qaynayıb -qarışdığı ay. Qəlbimizin həm riqqətlə, həm sevinclə, həm nifrətlə, həm qəzəblə, kinlə, həm qürurla atdığı ay… nəhayət, “Haqqım var ki, öyünüm, Azərbaycan deyəndə” ifadəsini utanmadan, səsi qırılmadan, fəxr, qürur, fəxarətlə deyə bildiyimiz, başımızı ucaldan, səsimizi çatdıran, köksümüzü qabardan ay.

Bir yandan sevinib, bir yandan ağladığımız, amma başıuca gəzdiyimuz, əyilmıdiyimiz, bükülmədiyimiz, “qan görəndə qorxmadığımız, naabarot qızışıyoruz” olduğumuz, bayrağımızla, özümüzlə, dövlətimizlə fəxr etdiyimiz, uşaqlı-böyüklü, qocalı-cavanlı, dövlətlili-kasıblı, müxalifətli-iqtidarlı, bir olub, yumruq olduğumuz ay, dəmir kimi möhkəm, yumruq kimi güclü olduğumuz ay. Nə yaxşl ki, sən gəldin, nə yaxşı ki, qocaman bir xalqın qeyrətini, qüdrətini, şanlı tarixinu, ulu keçmişini, qəhrəmanlığını özünə qaytardın. Gəlişinlə bizi gələcək nəsillərin töhmətindən azad etdin, nə yaxşı ki, sən gəldin, bayrağımızın ən çox göründüyü, ən müqəddəs, ən əziz, ən sevincli, ən niskilli olduğu ay, balkonlarda, evlərdə, təpələrdə, dağlarda, işğaldan azad olunan rayonlarda dalğalandığı, həmçinin şəhid tabutlarına büküldüyü ay.

Qəhərlə uşaq tabutunu qucaqladığımız ay, gecəykən dinc sakinlərin evləri başına uçarkən bir övladını, bir də bayrağı çıxardığı, bununla da türk üçün bayrağın nə qədər əziz, müqəddəs olduğunu bütün dünyaya göstərdiyi ay. Noyabr, gəlişinlə Zəfər gətirdiyin üçün sənə vurulduq, səni sevdik, səni təqdir etdik, şəninə nəğmələr qoşduq, gözəl ayım, noyabrım, xoş gəldin, səfalar gətirdin, adın dillərimizdə dastandır, Xudayar dastanı, Polad iradəsinin möhkəmliyi, əyilməzliyi, Coşqun cəsarətinin coşqunluğu var səndə, əziz ayım, Azərbaycan üçün 11 ayın sultanı ayım, 10 Noyabrım. Xalqımın bir olduğu, yumruq olub düşmənin başına endiyi ay. Azərbaycan əskərinin qeyrətini, insanlığını, şücaətini, yurdsevərliyini bütün dünyaya göstırən ay. 3000-dək şəhidin qanının axdığı, torpağı ayağımız altında bərkitdiyi ay.

Bir Çin əfsanəsində deyilir ki, Vətənin dar günündə insanları bir yerə yığmaq məqsədilə bir dəmirçiyə böyük bir kilsə zəngi düzəltməyi tapşırırlar. Lakin o nə qədər edirsə, zəng alınmır, hər dəfə qaldırıb asmaq istəyəndə çatlayırmış. O zəngin möhkəm olması üçün ona insan qanı qatılmalıymış. Bunu eşidən dəmirçinin qızı özünü qaynayan materialın içərisinə atır, canını xalqı yolunda fəda edir. Bundan sonra zəng qranit kimi möhkəm olur və təhlükəli anda adamları anındaca bir yerə toplayır… Vətənin dar günündə 3000-dək övladın özünü qaynayan döyüş meydanına ataraq xalqın monolit birliyini möhkəmlətdi , yumruq kimi açılmaz, güclü etdi. Var olsun, Vətənin birliyini təmin edən oğullar. Müqəddəsdir bir yumruq olub düşmənin başını əzib, canını Vətən yolunda fəda edən şəhidlərimiz. Biz bir öldük, min dirilidik, qeyrətimizi, kimliyimizi qaytardıq. Bir payız ayında. Zəfər meyvəsini 30 ilin fəslindən sonra bizə yetirən noyabrda…barı-bəhəri bir yumruq olan noyabrda. Şanlı tariximə xoş gəldin noyabrım… Gözün aydın, müqəddəs torpaq, 2020-ci ilin payızının ardınca, nəhayət, sənin solmaz baharın gəlir…