Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Günləri çərçivəsində özbək sənətsevərlər üçün dahi Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının tamaşası nümayiş olunub.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı heyəti musiqili komediyanı Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edib. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsərində rolları Əməkdar artistlər Ramil Qasımov (Əsgər), İnarə Babayeva (Gülçöhrə), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Səbinə Vahabzadə (Asya), eləcə də Taleh Yahyayev (Süleyman), Sadiq Məlikov (Vəli) ifa ediblər. Qardaş ölkənin orkestrinin müşayiəti ilə nümayiş olunan səhnə əsərini Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib.
Üzeyir bəy dühasının şah əsərlərindən olan tamaşa böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd edək ki, Üzeyir Hacıbəyli müsəlman Şərqində ilk operetta olan bu əsəri 1913-cü ildə yazıb. Həmin il oktyabrın 25-də Bakıda əsərin uğurlu təqdimatından sonra tamaşa Qafqaz ölkələri, Rusiya, sonra isə bütün dünyanın səhnələrinə ayaq açıb. Əsər bundan öncə dəfələrlə Özbəkistanda tamaşaya qoyulub. 2013-cü ildə “Arşın mal alan” əsərinin 100 illiyi UNESCO səviyyəsində qeyd olunub. 1945-ci ildə Bakıda “Arşın mal alan” filmi çəkilib və 80 dilə dublyaj olunaraq 150-dən artıq ölkədə göstərilib. Əsər əsasında 1965-ci ildə eyniadlı yeni film lentə alınıb.