Arzu Mingəçevir şəhəri Səməd Vurğun adına 16 nömrəli tam orta məktəbin lisey bölməsinin 8-ci sinif şagirdidir. Hüquq elminə dərin marağı var. Gələcəkdə hüquqşünas olmaq istəyir, deyir ki, cəmiyyətdə haqsızlıqlara biganə qala bilmir və insanların hüquqlarını qorumaq istəyir. Ədalətin hər kəs üçün bərabər şəkildə təmin olunmasına töhfə vermək onun ümdə arzusudur. Arzu ədəbiyyatı da çox sevir və gözəl düşüncələri var. Yaşına görə çox maraqlı qələmi var. Ona uğur arzu edirik və arzularının arxasınca mətin və qətiyyətli addımlarla getməyi tövsiyə edirik.
Böyük və qaranlıq bir ölkə vardı: Zülmətlər Diyarı. Bu diyarın sakinləri, gözləri görməyən, yalnız əlləri ilə tanıya bildikləri əşyalarla yaşayan insanlardan ibarət idi. Onlar gündəlik həyatlarını vərdiş etdikləri kimi, ata-babalarından eşitdikləri qaydalarla davam etdirirdilər. Nə suyun dərinliyini bilirdilər, nə də göydəki ulduzların mənasını. Onlar üçün hər şey, sadəcə hiss edilə bilən, amma izah olunmayan sirlərdən ibarət idi.
Bu diyarın mərkəzində böyük bir qala var idi: Cəhalət Qalası. Bu qalanın içində isə Köhnə Qanunlar Kitabı saxlanılırdı. Hamı bu kitaba kor-koranə inanır, sual vermək isə qadağan edilirdi. Kim “niyə?” deyə soruşsaydı, onu susdurardılar. İnsanlara öyrədilmişdi ki, “Bilmək təhlükəlidir. Bilən insan özünü məhv edər”.
Bir gün Zülmətlər Diyarının ən sakit küncündə bir oğlan doğuldu. Ona Nur adı verdilər. Bu ad təsadüfən seçilməmişdi; anası onu dünyaya gətirərməzdən qabaq yuxusunda bir səs eşitmişdi: “Bu uşaq zülməti yaran işığı tapacaq”. Nur böyüdükcə suallar verməyə başladı:
- Niyə yağış yağır?
- Niyə ağaclar göyə uzanır?
- Niyə biz görmürük?
Kəndin ağsaqqalları bu sualları təhlükəli saydılar. “O, cəhalətin toxunulmaz qaydalarını pozur”, − dedilər. Amma Nur susmadı. Bir gecə, o, gizlicə Cəhalət Qalasına girdi. Qaladan çıxan gizli bir tunel kəşf etdi və o tunelin sonunda bir qapı vardı: Qadağan Edilmiş Bilik Qapısı. Bu qapının üstündə qədim bir yazı yazılmışdı:
“Görmək istəyirsənsə, qorxunu geridə qoy.”
Nur bu yazını görə bilməsə də, tərəddüd etmədən əli ilə qapını tapdı, itələyib onu açdı. İçəridə saysız-hesabsız tozlu kitablar, cürbəcür alətlər, xəritələr, teleskoplar və sınaq şüşələri vardı. Bu, bir vaxtlar mövcud olan, lakin cəhalət tərəfindən gizlədilmiş Elm Sığınacağı idi. O, kitabları görməyən gözlərinə yaxınlaşdırdı… Və birdən…ilahi! Birdən gözlərinə nur gəldi. O, görməyə başladı! Hə, o görürdü. O, daha kor deyildi. Bu, möcüzə idi. Nur bir az da orada qalıb fizika, kimya, biologiya, astronomiya haqqında yazılarla tanış oldu.
Ətrafında rənglər, şəkillər, formalar vardı. O, bunlara baxdıqca anladı ki, insanların gözlərini bağlayan cəhalət imiş. Əslində onlar əslində kor deyilmişlər.
Nur elmi öyrəndikcə həm fiziki, həm də mənəvi olaraq dəyişdi. Artıq o, başa düşürdü: elm qorxuya qalib gəlmək üçün bir açardır.
Nur kəndlərinə qayıtdı və insanlara anlatmağa başladı:
- Biz kor deyilik! Bizə, sadəcə, görməyə icazə verilməyib! Elm bizi azad edə bilər!
Əvvəlcə insanlar onu dəli saydılar. Amma o, insanlara sadə təcrübələr göstərdi. Günəş şüasının bir su damlasında qırılaraq göy qurşağı yaratdığını, ağacın yarpağının fotosintezlə nəfəs aldığını izah etdi. İnsanlar yavaş-yavaş maraqlanmağa başladılar. Gənclər onun ardınca getdi. Nur onlara elmin işığını göstərdi: bilik, təcrübə və müşahidə.
Zamanla Zülmətlər Diyarı işıqlandı. İnsanlar artıq suallardan qorxmurdular. Cəhalət Qalası dağıdıldı, yerində Bilik Kitabxanası quruldu. Artıq ulduzlara baxaraq səmt tapırdılar, xəstəlikləri müalicə edə bilirdilər və ən əsası − özlərini tanıyırdılar.
Amma Nur heç vaxt özünü lider saymadı. O dedi:
- Mən yalnız ilk qığılcım idim. İşıq isə hər birinizdə var. sadəcə onu tapmaq üçün sual verməyə cəsarət edin. Suallardan qorxmayın. Bilmədiklərinizdən utanmayın. Öyrənməkdən zövq alın.
Və beləliklə, Zülmətlər Diyarı Elm İşığı Diyarına çevrildi. Ən böyük dərsləri isə bu oldu:
“Elmin olmadığı yerdə qorxu var. Elmin olduğu yerdə azadlıq bərqərardır”.