Çoxəsrlik aşıq sənəti ənənələrinə yeni məzmun qazandıran, xalq ruhuyla səsləşən əsərlər yaradaraq həm də Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan Aşıq Ələsgərin zəngin poetik irsinə həmişə böyük diqqət göstərilib, əsərləri nəşr olunub, sözləri aşıqlarımızın repertuarında daim mühüm yer tutmaqla yanaşı, bəstəkarların da diqqətini çəkib, mahnılar bəstələnib. Milli-mənəvi dəyərlərimizə həmişə böyük qayğı göstərən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu böyük saz və söz ustadının 150 illik yubileyi respublikamızla yanaşı, Moskvada da tənətənəli şəlikdə qeyd olunub. Bu il ölkəmizdə Aşiq Ələsgərin anadan olmasının 200 illik yubileyi qeyd olunur. Bununla bağlı 2021-ci il fevralın 18-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində ölkəmizdə indiyədək bir sıra işlər görülüb. Azərbaycan Aşıqlar Birliyi də yubileylə bağlı hələ ilin əvvəlindən geniş tədbirlər planı hazırlayıb. İlk dəfə olaraq hər şeirin hansı aşıq havaları üstə oxunması və yabançı sözlərin izahı verilməklə Aşıq Ələsgərin lirik şeirlərindən ibarət ayrıca kitab hazırlanıb. Klassik və müasir aşıqalrın ifasında Aşıq Ələsgərin sözlərindən və ustadla bağlı dastan-rəvayətlərdən ibarət video və audiodisk buraxılıb.
Bu yaxınlarda Azərbaycan Aşıqlar Birliyinin yeni bir yubiley töhfəsi işıq üzü görüb – “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” adlı kitab sənətsevərlərin, elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib.
Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, kitabda ustad sənətkar Aşıq Ələsgərin ömür və sənət yolunun maraqlı, unudulmaz məqamlarından söz açılan 30-a yaxın dastan-rəvayət yer alıb. Bu dastan-rəvayətlərin bəziləri hələ aşığın sağlığında, daha böyük hissəsi isə sonrakı dönəmlərdə aşıqlar tərəfindən düzülüb-qoşulmuşdur. Burada xronoloji-bioqrafik əhvalatlar, eləcə də, xalq təxəyyülündən doğan epik mətnlər, aşıqların, o cümlədən də el-camaatın arzu-istəklərindən irəli gələn xoşməramlı səfərlər və qarşılaşmalar yer alıb.
Kitabda dastan-rəvayətlərdə işlənmiş ərəb və fars mənşəli sözlərin, eləcə də arxaizm və məhəlli sözlərin izahı, “Qeydlər və izahlar” bölümündə isə kitabda yer almış dastan və rəvayətlərin yaranma tarixi, hansı aşıqların dilindən yazıya alınması və indiyədək nəşr olunduğu mənbələr haqqında məlumat verilir ki, bu da folklorşünas alimlər, eləcə də aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər üçün əhəmiyyətlidir.
Kitabı nəşrə hazırlayanlar Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, elmi məsləhətçi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.