Dekabrın 13-də Qazaxıstanın “Astana Opera” teatrı 140 nəfərlik heyətlə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında qala-konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsertdə Qazaxıstanın Əməkdar artisti Ruslan Baymurzinin dirijorluğu ilə sənətçilər Qazaxıstan və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən Ruslan Baymurzin “Astana Opera” teatrının Bakıya ilk dəfə gəldiyini söyləyib. “Qazaxıstan bəstəkarlarının əsərləri Azərbaycan torpağında ilk dəfədir səslənir. Proqrama, həmçinin Avropa və Rusiya bəstəkarlarının musiqisi daxil edilib. Dinləyicilər qazaxların dombra milli musiqi alətini dinləmək imkanı da qazanacaq”.
Azərbaycan klassik musiqisinə münasibət bildirən dirijor deyib: “İllər öncə vətənimdə Fikrət Əmirovun simfonik əsərlərini səsləndirmişdim. Fikrət Əmirovun musiqisi çox koloritlidir və olduqca yüksək səviyyədə yazılıb. Simfonik orkestr üçün yazılmış musiqi ifaçıya ünvanlanan bir çağırışdır. Bəstəkar hər bir alətə qarşı həssas olanda orkestr belə musiqini böyük şövqlə ifa edir”.
Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrə toxunan dirijor bildirib ki, bu yaxınlarda azərbaycanlı messo-soprano Səbinə Əsədova Qazaxıstanda olub və onunla birgə çıxış edib.