Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iki əlamətdar hadisə: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Qazaxıstan Milli Akademik Kitabxanası arasında Əməkdaşlıq Memorandumunun imzalanması, həmçinin Azərbaycan ədəbiyyatı guşəsinin açılışı baş verib.
Bu hadisələri şərh edən Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qazizə Nurqaliyeva AZƏRTAC-a bildirib ki, memorandum gələcək təcrübə mübadiləsinə töhfə verəcək.
Onun sözlərinə görə, Azərbaycan ədəbiyyatı guşəsinin kitabları sadəcə nümayiş etdirilməyəcək, həm də oxuculara aktiv şəkildə təqdim olunacaq.
“Görüşlərin, çağdaş Azərbaycan müəlliflərinin əsərlərinin müzakirələrinin keçirilməsi planlaşdırılır. Bundan əlavə, yaxın gələcəkdə Azərbaycan ədəbiyyatı guşəsində hər kəs üçün Azərbaycan dili kurslarının açılması planlaşdırılır”, – deyə o bildirib.
Nurqaliyeva onu da qeyd edib ki, Milli Akademik Kitabxana üçün əsas layihə türkdilli ölkələrin əlyazma və nadir kitablarından ibarət rəqəmsal fondun yaradılması olacaq.