- Köşə, Xəbərlər

At kimi…

Gülyaz ƏLİYEVA

Atdı, arvaddı, papaqdı – kişiyə urvatdı (qeyrətdi)”, – deyiblər babalarımız. At həmişə insan üçün maraqlı heyvan olub. Ona hörmət edib, atla eyni cinsdən olan eşşəkdən, qatırdan fərqləndirib onu. Atın qidasına, təmizliyinə, yatdığı yerə xüsusi diqqət yetirib. “Qızıldan, gümüşdən səni nallaram”,  “Almagözlü, qızbirçəkli” – deyə onu əzizləyib.

Yel kimi göydə uçaram,
Yollar keçib dağdan-dağa aşaram,
İgidlərlə bir məqamda yaşaram,
Pəhləvanlar kimi yiyəm var mənim,
Saraylara oxşar dəyəm var mənim, – deyə qürurlanıb at da.

Atın yaraşığı, insana sədaqəti xidməti, eyni zamanda təkəbbürü, lazım gələndə özünü sındırmaması – yuxarı tutması dəfələrlə sınaqdan keçirilib. Bəlkə, elə ona görə dəyərləndirib, fərqləndirib insan da atı. Onun bu cəhətləri bir çox  folkor nümunələrində də  öz əksini tapıb. Məsələn, atın bu kimi cəhətlərini dəfələrlə sınaqdan keçirmiş xalq aşağıdakı tapmacada belə ifadə etmişdir:

Gözü bənzər ceyrana,
Xidmət edər insana.
Adam çıxsa üstünə,
Baş əyməz heç sultana.

Atın maraqlı xüsusiyyətlərindən biri də duyğu orqanları, hissi qabiliyyəti (əsasən də görmə və eşitmə) ilə digər heyvanlardan seçilməsidir. Məsələn, at başını azacıq yana əyməklə arxadakı əşyanı görür.

At, həm də yaxşı sinoptikdir. Havanın dəyişəcəyini qabaqcadan bilir: başını silkələyib yuxarı tutursa, yaxud kişnəyirsə, deməli hava tutulacaq. İnsanların sınağında at uğurlu, bərəkətli, xoş məramlı, etibarlı varlıqdır. Yəqin, çoxları eşidib ki, oğurlanan və ya başqasına satılan at ən uzaq məsafədən belə yiyəsinin iyini alıb tanıyır.

Bu yazımda  mən atların bu cür fərqli xüsusiyyətlərindən danışacam. Lap uşaqlıqdan atlara böyük marağım və sevgim olub. Bəlkə də bu, at ilində doğulmağımla bağlıdır, – deyə bilmərəm. Bildiyim odur ki, uşaqlıqdan atları çox sevmişəm, onlara bənzəyişim var sanki bir az da. Atlar məni həmişə cəlb edib, yəqin, doğulduğu ilin də insanın maraqlarına, xasiyyətinə təsiri varmış… Qarabağ – doğma diyarım, atların da məskənidir. Hətta ilk atçılıq zavodu Ağdamda olub.  Dayım orda işləyirdi. Qarabağda ən yaxşı baytar həkim idi dayım. Atı da vardı, tüfəngi də. Uzun kişi idi. Ona baxanda  bir Uzun Həsən adı yadıma düşürdü həmişə, bir də Cahandar ağa. Adı Həşim idi, “Uzun Həşim” deyirdilər. Çox sərt idi. Ən zəhləsi qaçan iş yalan danışmaq idi. Yalan danışanı əsla bağışlamaz, harada olsa, ağına -bozuna baxmadan, ağır məclis içində belə, o an həmin adamın yalanın faş edərdi, ən əziz ev adamı olsa belə, bir neçə dəfə şahidi olmuş, buna  heyrətlənmişdim. Kişilik, igidlik, dürüstlük, dostluqda sədaqət rəmzi idi mənim üçün dayım… Zahirən “Dəli Kür ” filmindəki Cahandar ağaya çox oxşayırdı.

Mən çox balaça olanda, nağıl, yuxu kimi yadıma gəlir, o vaxtlar dayım ferma müdiri işləyirdi. Atına minib, tüfəngini Cahandar ağa kimi çiyninə salıb, ferması ilə Laçına, Kəlbəcərə yaylaqlara gedər, orada 3 ay yayı alaçıqda qalar, payız olanda da dönüb gələrdi. Atla gələrdi, çiynində tüfəng, qadını, uşaqları (5 oğlu, 5 qızı vardı) arabadan düşərdi, arabadan beçə balı, motal pendiri, nehrə yağı, kəklikotu, qantəpər, itburnu düşürər, hamıya pay verərdi. Necə maraqlı idi mənim üçün alaçıq həyatı. Dayımqızları gələndə əsla tanımazdıq, yanaqları qıpqırmızı lalə kimi olardı …

Dediyim kimi atlara çox marağım vardı, bəlkə də, buna səbəb  dayımın onlar haqda hər dəfə maraqlı əhvalatlar danışması idi. Dayım danışırdı ki, bir dəfə yaylaqdan gələndə atının birini gecə ikən oğurlayıbmışlar. Bir neçə ildən sonra yenə həmin yaylağa gedəndə  at ən uzaq məsafədən belə onun iyini almış və  kişnəyərək dayımın üstünə atılıbmış. Üstündən bir neçə il keçməsinə baxmayaraq,  başını dayımın  üz-gözünə sürtərək göz yaşlarını  insan kimi axıtmış və ayaqlarını yerə döyüb yenidən kişnəyibmiş… Bunu görən at oğurlayan adam da deməyə heç bir söz tapmayıbmış…Bunları danışarkən dəmir kimi sərt sandığım dayımın belə nə qədər  gizlətməyə çalışsa da, gözlərinin yaşardığını görmüşdüm…

Bu söhbətlərin içində olduğumdandı, bəlkə də, atlara  marağım və sevgim.

Dayımgildə saatlarla atlara tamaşa edərdim, otu xırpalayıb yeməklərinə, bəzən dayımı görəndə şahə qalxmalarına çox maraqla baxardım. Mənə çox ağıllı və qəmgin görünərdi gözləri həmişə. Dayım məni bəzən özü ilə atlara baxmağa aparardı. Bir neçə dəfə atların ayaqdaykən qəfil düşüb öldüklərini görmüşdüm gözlərimlə. Çox qəribə gəlmişdi mənə, bu xəstə olmayan, otlayan at niyə qəfil ölsün ki?!. Dayım atları yaxşı tanıyırdı , onların yalını sığallayar, bəzən onlarla söhbət edərdi. O deyirdi ki, atlar çox qürurlu canlılardır, xəstəliklərıni bəlli etməz, xəstəliklərindən dolayı duruşlarında əksiklik göstərməzlər. Ayaqda duraraq yatan tək heyvan atlardır. Xəstə durumlarında da uzanıb yatmazdılar. Xəstəlikləri bilinməz, ya da bəlli etməzdilər. Hətta keçmişdə atlarla yer əkiləndə də xəstə atlar işlərini axsatmaz,   işlərinə əsla ara verməzdilər. Xəstəlikləri son nöqtəyə çatdıqda ölmək üçün yıxılardılar. Atlar yıxılanda ölərdilər. Yıxılan atın yaşama şansı olmazdı artıq…

…Dağıdılmış, daşı-daş üstündə qalmamış, bir dənə də olsun damı qalmayan, damsız Ağdama, vaxtilə açıq muzeyi xatırladan, indi şumlanıb bir sümüyü belə saxlanmayan Qaraağacı qəbristanına baxanda, nədənsə, tez-tez ayaqdaykən yıxılan o atları xatlrlayıram…

İşlərini axsatmaz, özlərini sındırmaz, gözləri qəmli, qəfil yıxılan o qürurlu atları…

Dayım da, atam da bir gün də olsun xəstə yatmadan qəfil köçdülər bu dünyadan…Qaraağacıda torpağa tapşırdıq onları…

…Dərd də  insanı içdən yeyəndə qürurlu insanlar onu biruzə verməzlər. Kimsəyə bəlli etməməyə çalışarlar, qəfil gedərlər bu dünyadan …at kimi…