- Ədəbiyyat, Manşet

Atabəy Neman ibn Münzir

 

Aida QASIMOVA, professor

Nizami “Həft peykər”də yalnız uzaq keçmişin deyil, həm də öz dövrünün hadisələrini əks etdirib. Bu məsələ özünü daha çox atabəylik təsisatı ilə bağlı məsələlərdə biruzə verir. Bəhramın əhvalatındakı atabəylik məsələsi – onun atası tərəfindən Nemanın sarayına göndərilməsi və orada böyüməsi əslində bizim düşündüyümüzdən də geniş əhatə dairəsinə malik olub.

Ilkka Syvänne bu barədə bir sıra maraqlı məlumatlar verir. Belə ki, müəllif V əsrin əvvəlində  Fars və Roma imperiyaları arasında ilıq münasibətlər yaranmasını vurğulayıb bildirir ki, bu işdə İran şahı I Yəzdigürdün (ca. 399-420) və Roma imperatoru  Avqustus Arkadiusun (395-408) böyük rolu olub. Uzaqgörən  hökmdarlarlar o qədər yaxınlaşır ki, Arkadius İran şahından oğlu Theodosiusun II (408-450) atabəyi olmasını xahış edir, çünki onun Romada bu işi etibar edəcəyi bir adamı yox idi. Arkadius hətta vəsiyyətnaməsində də İran şahını oğlunun atabəyi kimi qeyd edir. Yəzdigürdün sarayında Theodosiusun təlim-tərbiyəsi öz möminliyi və dərrakəsi ilə seçilən rumlu müəlliminə tapşırılır. Münasibətlərin yaxşılaşması hər iki imperiyada dini tolerantlığa gətirib çıxarır.

Bu xəbərin ən maraqlı cəhəti gənc Roma şahzadəsinin öz kökündən ayrılmaması üçün onun təlim-tərbiyəsinə rumlu müəllimlərin cəlb edilməsidir. İstər ərəb mənbələrində, istərsə də “Həft peykər”də Bəhramın böyüməsinə, tərbiyəsinə farsların da cəlb olunduğunu görürük. Onun dayələri arasında həm ərəb, həm də fars qadınlarını, müəllimləri arasında həm Münzirin özünü, həm də İrandan gəlmiş muğları görürük.

Sasani-Roma atabəylik münasibətlərinin sonrakı inkişafı bizim üçün daha böyük maraq doğurur, belə ki, 408-ci ildə Arkadius vəfat edərkən Yəzdigürd taxt-tacın Theodosiusa çatmasının qayğısına qalır və bildirir ki, başqa adam hakimiyyətə gələrsə, o, Romaya qarşı müharibə edəcək (Syvänne, 71, 74). Gördüyümüz kimi, hadisələr eynilə Sasani-Münziri münasibətlərini və “Həft peykər”in süjetini xatırladir.  Sasani hökmdarı I Yəzdigürd öz əyanlarına inanmadığından, oğlu Bəhramı ərəb hökmdarının sarayına göndərir. Ərəb hökmdarı isə onun taxt-tacı qaytarmasına kömək edir. Digər tərəfdən, atasının sarayına qayıdan Bəhramın sarayda günü xoş keçmir, atası ilə arasında narazılıq yaradır. Bu zaman onun Hirəyə qayıtmasına Roma imperatorunun səfiri yardımçı olar.

Əslində, Nizami Şərqdə geniş tətbiq olunan bir təsisatı gündəmə gətirib. Bu hekayətin tarixi tərəfi olduğu kimi, Nizaminin öz dövrü ilə səsləşən məqamları da çoxdur. Bəhramın şah sarayından uzaqlaşdırılıb yerli hakimin – Nemanın sarayında böyüməsi, bu sarayda tərbiyə alması Nizami dövründə geniş yayılmış “atabəylik” təsisatını xatırladır.  Həm də burada söhbət yalnız bir gəncin öz qəyyumunun himayəsi altında böyüməsindən getmir. Diqqəti daha üç mühüm məsələ cəlb edir:

  1. Qəyyum, şahzadənin taxt-tac hüququnu qoruyur. Tarixi mənbələrdə də Hirə hökmdarının Ktesifona (Mədainə) qoşun çəkib Bəhramın Sasani taxtına oturmasını təmin etməsi bildirilir.
  2. Qəyyum dünyasını dəyişərkən qəyyumluq onun oğluna – Münzir ibn Nemana keçir. Bu, tarixi mənbələrdə də əks olunub.
  3. Qəyyum müstəqil siyasət yeridib Sasanilərin mühüm dövlət işlərini nizamlayır.

Bütün bu proseslər Nizaminin öz dövrü ilə sıx səsləşir. Məlumdur ki, Nizami “Həft peykər”i Marağa hakimi Körpə Arslana həsr etmişdir. Əsərdə Neman ibn Münzirin Sasani hökmdarı Yəzdigürdlə münasibətləri  Marağa Hakimi Alə əl-Din Körpə Arslanın Səlcuq hökmdarı III Toğrulla münasibətlərini, Marağa hakiminin Toğrulun azyaşlı oğlu Börkyaruqun qəyyumu olmasını, gənc şahzadənin Körpə Arslanın Marağadakı sarayına göndərilməsini xatırladır.

Qeyd edək ki, Nizaminin əsəri Marağa hakiminə həsr etməsi elm aləmində birmənalı qarşılanmayıb. Krımskinin fikrincə, əsərdə kiçik bir əyalətdə hakim olan Körpə Aslan nəzərdə tutula bilməzdi və şair  “Həft peykər”i Xarəzmşaha həsr edib.  Halbuki digər müəlliflər burada məhz Körpə Arslanın nəzərdə tutulduğunu iddia edirlər və Nizami özü də buna aşkar işarələr edir.

Türk alimi Pınar Kaya Tanın araşdırmasından Körpə Arslanın kiçik bir əyalət hakimi olmayıb, öz dövrünün sayılan güc sahiblərindən biri kimi tanınması aydınlaşır:

“Alâeddin Körpearslan Irak Selçuklu Devleti’nin yıkılış evresinde hüküm sürmesine rağmen aynı devirde son Irak Selçuklu Devleti Sultanı olan II. Tuğrul aleyhine yapılan hiçbir ittifakta yer almamıştır. Körpearslan bilakis sultanın teveccühünü kazanarak oğluna atabeg olarak tayin edilmiştir. Irak Selçuklu Atabegleri devlet yönetiminde son derece etkin rol oynamışlar, yanlarında bulunan melikler adına tahtı ele geçirmek amacıyla çeşitli teşebbüslerde bulunmuşlardır. Atabeglerin bu derece siyasî mücadeleler içinde yer aldıkları bir dönemde Alâeddin Körpearslan’ın Irak Selçukluları ile dostluk ilişkilerini devam ettirebilmesi dikkat çekicidir.”

 Məlumdur ki, Səlcuqilər dövründə atabəylik bir təsisat olaraq geniş yayılmışdı. Səlcuq hökmdarları öz övladlarını bu və ya digər hakimlərin himayəsinə verirdi. Səlcuq imperiyasının son dövrlərində bu himayədarlar öz ərazilərinin mütləq hakiminə çevrilməklə yanaşı, həm də mərkəzi hakimiyyətin işlərinə qarışırlar. “Həmin dövlətlərin hakimləri, adətən, səlcuqilərin vəliəhd şahzadələrinin (məliklərin) tərbiyəçilərindən olurdu ki, onlara da “atabəy” deyirdilər. Zaman keçdikcə atabəylər qüvvətlənir, qəyyumluğunda olan və yalnız adda başçı sayılan sultanların dövlətinin taleyinin əsil həlledicilərinə çevrildilər.” (Ziya Bünyadov).

Coşkun Alptekin göstərir ki, “Oğuz geleneklerine bağlı büyük bir Türk boyu olan Selçuklular’ın atabeglik müessesesini İslâmiyet’ten önce kurulan Türk devletlerinden aldıkları, eski bir gelenek veya müesseseyi biraz değiştirmek suretiyle devam ettirdikleri düşünülebilirse de bu hususta da kayıt bulunmamaktadır.” Bununla belə, alimin fikrincə, “Kafkas kavimleri arasındaki Türkler’in aile hayatlarında karşımıza çıkan atalık, Selçuklular’daki atabeglik ile az da olsa yakınlık göstermektedir. Kafkaslar’daki bazı Türk aileler küçük yaştaki çocuklarını terbiye ve eğitim için başka ailelerin yanına vermişler ve çocuğun eğitimi ile uğraşan bu ailenin reisine atalık demişlerdir.”

   Ziya Bünyadov göstərir ki, tarixçilər Xİ əsrin ortalarına doğru Səlcuqlar xanədanının durumuna nəzər salarkən, bir neçə məsələni xüsusi vurğulayırlar. Bunlardan birincisi vaxtilə kölə olmuş gənclərin rəğbətləndirilib orduda və dövlət işlərində irəli çəkilməsi, digəri isə “atabəylik” təsisatının yaranmasıdır. Xüsusi məqamı olan atabəylərə sultan uşaqları etibar edilir, onlar bir növ qəyyum-tərbiyəçi olurdular. Bu hal əsrin ikinci yarısında daha da güclənir. Mərkəzi hakimiyyətdən qopub ayrılmış bəyliklərin özündə də bu üsul tətbiq edilirdi. Vaxtilə kölə kimi səlcuqilərə sığınıb onların himayəsində böyümüş məmluklar arasında mərkəzi hakimiyyətə sədaqətli olanlarla yanaşı, Səlcuq sultanlarından uzaqlaşıb müstəqil siyasət yeridənlər də var idi (Bünyadov, 38). Konkret olaraq, Nizaminin müasiri olan Azərbaycan atabəyləri Bəhramın hekayəti üçün zəmin hazırlamış kimi görsənir. Azərbaycan atabəyliyinin başında duran Şəmsəddin Eldəniz Sultan II Toğrula sədaqət göstərməklə yanaşı, həm də  onun oğlu Alp Arslanın tərbiyəçisi idi. “Şəmsəddin Eldəniz faktiki olaraq İraq sultanlığının başında dururdu. Bu dövrdən etibarən vəliəhdin qəyyum-tərbiyəçisi olan “atabəy”in statusu dəyişir və o, ali hakim mənası kəsb edir.  Bu zaman onu adi atabəylərdən fərqləndirmək üçün, adına “əl-əzam” (ən böyük) sözü əlavə edilir. Bundan sonra Azərbaycanda atabəylərin bu rütbəyə hər iki mənada — həm “tərbiyəçi-qəyyum”, həm də “yerli hakim” kimi yiyələndiklərini görürük. Atabəylik həm yüksək rütbə, həm də mühüm bir vəzifə idi.

Yuxarıda Neman ibn Münzirin atabəyliyinin bəzi mühüm cəhətlərindən biri kimi atabəyliyin atadan oğula keçməsini qeyd etmişdik. Bu hal eynilə Nizaminin öz dövrünə xas hadisə idi. Səlcuqlar dövründə hakimiyyətlə yanaşı, atabəylik də irsən atadan oğula keçirdi: Şəmsəddin Eldənizin vəfatından sonra oğlu Məhəmməd Cahan Pəhləvan  həm hakim, həm də atabəy olaraq atasını əvəz edir. Cahan Pəhləvan sultan taxtına Arslan şahın yeddi yaşlı oğlu III Toğrulu çıxarır, eyni zamanda onun atabəyi olur  (Bünyadov).

Nizami poemasında Neman ibn Münzirin Sasani hökmdarı Yəzdigürdlə münasibətləri, onun Sasani taxt-tacına sədaqəti  Şəmsəddin Eldəgizin II Toğrul (1132-1135) və Marağa hakimi Alə əl-Din Körpə Arslanın axırıncı Səlcuq hökmdarı III Toğrulla münasibətlərini xatırladır.

Əslində “Həft peykər”i Marağa hakimi Körpə Arslanın atabəylik hakimiyyəti ilə bağlayan digər məsələlər də vardır. Pınar Kaya Tan Marağa hakiminin memarlığa həvəsini qeyd edir. Bu, Marağa hakiminin, ola bilsin ki, qəyyumluq etdiyi şahzadə üçün saray tikdirməsidir. Belə ki, Körpə Arslan dönəmində Marağada 1196-cı ildə Günbəz-i Kəbud inşa edilmişdir. Günbəzin yüksək zövqlə və keyfiyyətlə inşası, bahalı bəzəklərlə süslənməsi onun adi bir şəxs üçün deyil, yüksək dairələrdən olan biri üçün tikildiyini düşünməyə əsas verir.

 Körpə Arslan, ola bilsin ki, bu sarayı III Toğrulun oğlu Börkiyaruq üçün inşa etmişdir. Təəssüf ki, Börkiyaruqun taleyi barədə heç bir məlumata rast gəlmədik. Sanki şahzadənin sonu Nemanın və Bəhramın qeybə çəkilməsi kimi tarixin qaranlığında itib batır.