- Cəmiyyət

Avqustda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu ilin avqustunda ölkəyə 77 min 119 turist gəlib.

Bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 145 faiz artım deməkdir.

Lakin pandemiyadan öncəki illə müqayisədə rəqəmlər hələ də 79 faiz azdır. Belə ki, 2020-ci ilin avqustunda ölkəyə 31 min 434, 2019-cu ilin müvafiq dövründə isə 361 min 359 turist gəlmişdi.

2021-ci ilin yanvar-avqustunda isə turist axını ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz azdır.

Bu ilin avqustunda ən çox əcnəbinin gəldiyi ölkələrə nəzər saldıqda görürük ki, ilk beşlikdə Rusiya, Türkiyə, İran, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb.

Ötən ay Rusiyadan 25 min 499, Türkiyədən 21 min 139, İrandan 10 min 650, Gürcüstandan 5967, BƏƏ-dən isə 1609 əcnəbi gəlib.

Qeyd edək ki, avqustda turist axını iyun və iyul ayları ilə müqayisədə aşağı olub. Belə ki, iyun və iyulda ölkəyə gələnlərin sayında artım ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 156 və 197 faiz olmuşdu.