- Cəmiyyət

Avropa çempionatı: Azərbaycanın daha 3 güləşçisi finala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə əldə edib.

“Report”un məlumatına görə, 97 kq-da çıxış edən idmançı yarımfinalda Almaniya təmsilçisi Lukas Lazogianisə 7:5 hesabı ilə qalib gəlib.

O, finalda macarıstanlı Aleks Şokeni sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli adını finala yazdırıb. 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə moldovalı Aleksandrin Qutunla üz-üzə gələcək.

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, 72 kq-da çıxış edən Qurban Qurbanov həlledici görüşə vəsiqə qazanıb.

O, yarımfinalda gürcüstanlı Giorgi Çxikvadze ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatsa da, Azərbaycan təmsilçisi sonuncu xal prinsipinə əsasən finala adlayıb.

Qurbanovun qızıl medal görüşündə rəqibi ukraynalı İrfan Mirzoyev olacaq.

67 kq çəki dərəcəsində yarışan Həsən Məmmədli isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Buna güləşçinin 1/4 finalda uduzduğu türkiyəli Mustafa Yıldırımın finala yüksəlməsi səbəb olub.

18:57

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında finala vəsiqə qazanıb.

“Report”un məlumatına görə, 60 kq-da mübarizə aparan idmançı yarımfinalda gürcüstanlı Dmitri Xaçidze ilə qarşılaşıb. Rəqibinə 7:1 hesabı ilə qalib gələn Əliyev adını finala yazdırıb.

O, qızıl medal uğrunda görüşdə israilli Melkamu Fetene ilə qarşılaşacaq.

17:29

Azərbaycanın üç yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl medal qazanmaq şansını davam etdirirlər.

Yarışa 1/4 finaldan başlayan Elmir Əliyev türkiyəli Mert İlbarsı çətinliklə üstələyib. O, final yolunda Dmitri Xaçidze (Gürcüstan) ilə qarşılaşacaq.

Qurban Qurbanov təsnifat mərhələsindən etibarən ardıcıl olaraq Luka Malobabiç (Xorvatiya), İqor Botez (Rumıniya) və Yoni Komppanı (Finlandiya) məğlubiyyətə uğradıb. Qurbanovun da yarımfinaldakı rəqibi Gürcüstan təmsilçisi olacaq. Güləşçi Giorgi Çxikvadze ilə münasibətlərinə aydınlıq gətirəcək.

Murad Əhmədiyev isə 1/8 finaldan yarışa qoşulub. O, əvvəlcə serbiyalı Luka Katiçə, daha sonra isə ukraynalı Aleksandr Yevdokimova qalib gəlib. Əhmədiyev yarımfinalda Almaniya idmançısı Lukas Lazogianislə görüşəcək.

67 kq çəki dərəcəsində yarışan Həsən Məmmədli 1/8 finalda Mixail Portmannı (İsveçrə) üstələsə də, növbəti raundda türkiyəli Mustafa Yıldırıma məğlub olub. Türkiyə təmsilçisi finala yüksəlsə, Məmmədli bürünc medal şansını davam etdirəcək.

İsmayıl Rzayev (82 kq) isə ilk görüşündəcə 1/8 final çərçivəsində Norveç təmsilçisi Eksaus Mukubuya yenilib. Yarımfinala qədər irəliləyən Mukubu finala adlasa, Rzayev təsəlliverici görüşdə mübarizə aparacaq.

Bu gün təsəlliverici görüşə qatılan Sərxan Məmmədov (130 kq) rumıniyalı Gean Aliyə qalib gəlib. Məmmədov bürünc medal uğrunda Muhammet Bakırla (Türkiyə) duelə çıxacaq.

Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli isə bu gün həlledici görüşdə moldovalı Aleksandrin Qutunu sınağa çəkəcək.