- Cəmiyyət

Avropa Liqası: “Qarabağ” ən intizamlı və ən çox künc zərbəsi qazanan komandadır

“Qarabağ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra ən intizamlı komandadır.

“Report” qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçda cəmi 4 dəfə qayda pozuntusuna yol verib. Bu epizodların heç birində “köhlən atlar”ın futbolçularına sarı və ya qırmızı vərəqə göstərilməyib.

İlk matçlardan sonra ən intizamsız kollektiv isə Yunanıstan “Olimpiakos”udur. Pirey təmsilçisi evdə Belçika “Genk”ini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə 14 qayda pozuntusuna yol verib və 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Bundan başqa, Azərbaycan çempionu ən çox künc zərbəsi (9) qazanan komanda, Marko Yankoviç isə bu standart vəziyyətləri ən çox yerinə yetirən (7) oyunçu olub.

Qeyd edək ki, “Qarabağ” və HİK arasında cavab matçı avqustun 17-də Helsinkidə keçiriləcək.